media-5a4db7e6-2791-4f5e-8282-7f6628a18a76

Bəzən düşünürəm, insan ömrü boyu ölümə hazırlaşdığını zənn edir, amma əslində heç vaxt ölməyə hazır olmur. Çünki insanın içində yaşından asılı olmayan bir yarımçıqlıq var. Nə qədər yaşasa da, elə bilir ki, hələ yaşamadığı günlər, demədiyi sözlər, gedə bilmədiyi yollar, əlini uzadıb toxuna bilmədiyi bir həyat qalıb qarşıda.

Ölüm haqqında düşünəndə gözümün önünə qaranlıq, soyuq bir sonluq gəlmir. Daha çox, bir gün bütün tələsikliyimizin dayanacağı, bəhanələrimizin susacağı, özümüzdən gizlətdiyimiz həqiqətlərlə üz-üzə qalacağımız bir an gəlir. Sanki ömür boyu özümüzdən qaçmışıq, o gün isə qarşımıza özümüz çıxacağıq.

Nə qəribədir, insan həyatı boyunca ən çox vaxtı olmayan şeylərə vaxt ayırır, ən çox vaxtı olan şeyləri isə sonraya saxlayır. Bir xoşbəxtliyi sabaha ertələyir, bir sözü içində boğur, bir görüşü başqa günə keçirir, öz ürəyinə belə “bir az səbir et” deyir. Elə bilir, ömür onunla bağlanmış uzunmüddətli bir müqavilədir, istədiyi vaxt istifadə edə biləcəyi qədər günləri var. Halbuki heç kəs sabahın ona nə qədər yaxın, nə qədər uzaq olduğunu bilmir.

Bəlkə də insanın ən böyük yanılğısı yaşamağı yalnız sağ qalmaqla qarışdırmasıdır. Səhər açılır, gün batır, biz də bu iki zamanın arasında nələrəsə yetişməyə çalışırıq. Kiminsə gözündə yaxşı insan olmağa, kiminsə yükünü daşımağa, nəyisə qazanmağa, nəyisə qorumağa… Amma bir gün geriyə baxanda anlayırıq ki, özümüzü qorumaq adı ilə ürəyimizi çox şeydən məhrum etmişik. Bəzi sevincləri özümüzə yaraşdırmamış, bəzi arzuları əlçatmaz saymış, bəzi qapıların önündə isə içəri girməyə cəsarət etmədən ömrümüzü keçirmişik.

Ölüm qapını döysə, görəsən, ilk olaraq nəyə heyfslənərik? İtirdiyimizə, yoxsa heç vaxt sahib olmağa çalışmadığımıza, gedən insanlara, yoxsa sağlığında yanımızda olub da, varlığını hiss etmədiyimiz insanlara? Bəlkə də heç birinə, bəlkə o an insanın içində yalnız bir istək oyanar, bir az da vaxt… Amma bu dəfə başqaları üçün deyil, öz ömrü üçün. Bir dəfə də heç nəyi düşünmədən sevinmək, bir dəfə də ürəyindən keçəni qorxmadan demək, bir dəfə də özünü həyatın kənarında deyil, tam ortasında hiss etmək üçün.

Məncə, insanın içindəki ən böyük qorxu ölümdən çox, yaşanmamış ömrün ağırlığıdır. Çünki ölüm bir gün hamımızın qapısını döyəcək, amma yaşanmamış həyatın səsi daha tez-tez döyür o qapını. Biz onu bəzən darıxmaq sanırıq, bəzən səbəbsiz kədər, bəzən heç kimə izah edə bilmədiyimiz bir boşluq. Halbuki bəlkə də içimizdəki o səs sadəcə bizdən soruşur, “Sən öz ömründə haradasan?!..”

Həyat insana ikinci şans verərmi, bilmirəm. Bəzən bir xəstəlik, bir qəza, bir ayrılıq, bir anlıq sarsıntı insanı öz ömrünün içindən çəkib çıxarır, sonra yenidən qaytarır. Amma geri qayıdan insan əvvəlki insan olmur. Çünki bir dəfə sonun nəfəsini hiss edən adam daha heç nəyi əvvəlki qədər əhəmiyyətsiz saya bilmir. O, vaxtın sonsuz olmadığını anlayır. Bəzi gözləmələrin ömrü uzatmadığını, bəzi susmaqların heç nəyi düzəltmədiyini, bəzi qürurların isə insanı yalnız özündən uzaqlaşdırdığını bilir.

Möhlət… Bəlkə də həyatın insana verə biləcəyi ən böyük mərhəmət budur. Amma möhlət yalnız daha çox gün yaşamaq deyil. Möhlət, gecikdiyin özünə çatmaqdır. Səni sevindirən şeylərə yenidən üz tutmaq, içində çoxdan susmuş bir arzunu oyatmaq, ömrünün qalanını başqalarının gözləntiləri ilə deyil, öz ürəyinin həqiqəti ilə yaşamaqdır.
İnsan ölümün qapısından geri dönəndə bəlkə də dünyadan heç nə istəmir. Nə böyük uğurlar, nə gurultulu alqışlar, nə də hamının onu anlaması… Sadəcə bir səhərin rahatlığı, bir doğma səs, içdən gələn gülüş, heç yerə tələsmədiyi bir gün, ruhunun yorulmadan nəfəs aldığı bir an istəyir. Və anlayır ki, vaxtilə əlçatmaz sandığı xoşbəxtlik bəzən elə yaşadığı həyatın içində, fərqinə varmadığı qədər yaxın olub.

Bilmirəm, ölüm qapını döyəndə insan qalxıb qapını açmalıdır, yoxsa bir az da yaşamaq üçün içəridən səssizcə yalvarmalıdır. Amma onu bilirəm ki, həyat qapımız hələ açıqdırsa, hər günümüzü bir az daha az təxirə salmalıyıq. Çünki insanın ömrü yaşadığı illərlə deyil, o illərin içində özünə, başqasına, dünyaya nə qədər toxuna bildiyi ilə ölçülür.
Və… və bəlkə də bir gün, ömrün sonuna yaxın, geriyə baxanda içimizdəki o narahat səs susar. Çünki bu dəfə həyatın yanından keçməmişik, bu dəfə onun içində olmuşuq. Hər şeyi bacarmamış, hər şeyə çatmamış, hər kəsi xoşbəxt etməmiş, amma heç olmasa özümüzə verilən ömrün bir hissəsini özümüzdən əsirgəməmişik.

Ən böyük təsəlli də bəlkə elə budur, ölüm gələndə ona yalvarıb möhlət istəməkdən çox, həyat bizə möhlət verərkən onu boş yerə xərcləmədiyimizi bilmək…

Çünki… çünki o gün bir gün gələcək və o qapı döyüləcək. Və o gün… o gün insanın içində ən çox ağrıyan şey, yaşamaq istədiyi halda yaşaya bilməməsi deyil, yaşamaq imkanı olduğu halda öz ömrünü yarımçıq qoyması olacaq…

Mehriban Nəcəf


media-adspc

Bənzər xəbərlər