Prokurorluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi olub
Noyabrın 23-də prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti – 28-ci müsabiqənin yazılı imtahan mərhələsi təşkil olunub.
ERAmedia xəbər verir ki, Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib. İmtahanı müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə ediblər.
Hazırkı müsabiqənin yazılı imtahan mərhələsinə qatılmış 133 namizəd (o cümlədən 47 qadın) Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.
Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”na müvafiq olaraq yazılı imtahan işləri “ikiqat yoxlama” üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssis tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr media vasitəsilə ictimailəşdiriləcək, eyni zamanda, bu barədə Baş Prokurorluğun rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında məlumat yerləşdiriləcək.
Əlavə suallarla bağlı (012) 361-00-80, (012) 437-28-56, (012) 361-00-77, (012) 361-00-78, (012) 361-00-79 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
Eyni zamanda bildirilib ki, 2002-ci ildən başlayaraq müsabiqə yolu ilə qulluğa qəbul edilmiş ali hüquq təhsilli mütəxəssislər hazırda prokurorluğun kadr korpusunun 97 faizini təşkil etməklə, onların böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilib və hazırda bir hissəsi rəhbər vəzifələrdə çalışır.









