media-maannewsimage24072026_123144_image_-53

Misir xarici işlər naziri Bədr Əbdülati Yaxın Şərqdə uzun illərdir davam edən münaqişələrin sona çatması və davamlı sülhün təmin olunması üçün 4 əsas şərti açıqlayıb.

ERAmedia xəbər verir ki, Qəzzadan Livana, Suriyadan Yəmənə qədər bölgədəki böhranlara diqqət çəkən Əbdülati İsrailin Qəzzadan çıxması və müstəqil Fələstin dövlətinin yaradılmasının vacibliyini vurğulayıb.

Misir xarici işlər naziri Bədr Əbdülati Yaxın Şərqdə davamlı sülhün təmin olunması üçün dörd əsas elementin həyata keçirilməli olduğunu bildirərək, bölgədəki münaqişələrin hərbi üsullarla həll edilə bilməyəcəyini deyib.

Misirin cənubunda keçirilən 6-cı Asvan Davamlı Sülh və İnkişaf Forumunda “Atəşkəsdən sonra: Yaxın Şərqdə sülh sisteminə doğru” adlı sessiyada çıxış edən Əbdülati bölgənin gələcəyinə dair mühüm mesajlar verib. İraqın xarici işlər naziri Fuad Hüseyn, Livanın mədəniyyət naziri Qassan Səlamə, Ərəb Liqasının keçmiş baş katibi Əmr Musa və şahzadə Türki əl-Feysəlın da iştirak etdiyi toplantıda Əbdülati davamlı sülhün yalnız silahların susması ilə təmin edilə bilməyəcəyini vurğulayıb.

Əbdülati Misirin regional sülh vizyonunu formalaşdıran dörd əsas elementi atəşkəsdən siyasi proseslərə keçid, milli dövlətlərin dəstəklənməsi, razılaşmaların icrası üçün təminatların yaradılması və regional əməkdaşlığın gücləndirilməsi kimi sıralayıb.

Davamlı sülhün ilk şərtinin atəşkəsin hərtərəfli siyasi həllərə çevrilməsi olduğunu bildirən Əbdülati ABŞ prezidenti Donald Trampın Qəzzada müharibəyə son qoymağa yönəlmiş planının ikinci mərhələsinin tam icra edilməsinin vacibliyini qeyd edib. Bu çərçivədə İsrail qüvvələrinin Qəzzadan çıxmasını, Fələstin administrasiyasının bölgədə məsuliyyəti öz üzərinə götürməsini istəyən Əbdülati, yenidənqurma işlərinin sürətləndirilməli olduğunu bildirib. Misirli nazir Şərqi Qüdsün paytaxt olduğu, 1967-ci il sərhədləri əsasında müstəqil Fələstin dövlətinin yaradılmasının da daimi həllin mühüm tərkib hissəsi olduğunu vurğulayıb.

İkinci şərtin milli dövlətlərin və legitim institutların gücləndirilməsi olduğunu açıqlayan Əbdülati ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini qeyd edib. Livandakı dövlət institutlarının dəstəklənməsi və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam icra olunmalı olduğunu bildirən Əbdülati, Suriyanın birliyinin qorunması və Yəmən böhranına hərtərəfli siyasi həll tapılması çağırışı edib. İranla mövcud fikir ayrılıqlarının həllində hərbi üsullar əvəzinə dialoqa üstünlük verilməli olduğunu deyən Əbdülati, Misir və Körfəz ölkələrinin təhlükəsizliyinin regional sabitliklə birbaşa bağlı olduğunu bildirib.

Əbdülati üçüncü şərtin atəşkəs razılaşmalarının və siyasi həllərin icrasını təmin edəcək konkret zəmanətlərin yaradılması olduğunu bildirib. Bu istiqamətdə effektiv monitorinq və hesabatlılıq mexanizmlərinin formalaşdırılmasının vacibliyini vurğulayan misirli nazir beynəlxalq hüquq normalarının və BMT qərarlarının ikili standartlara yol verilmədən tətbiq edilməli olduğunu söyləyib.

Davamlı sülhün dördüncü şərtinin region ölkələrinin təhlükəsizlik məsələlərində daha çox məsuliyyət daşıması olduğunu bildirən Əbdülati Yaxın Şərqin gələcəyinin regional əməkdaşlıq əsasında formalaşdırılmalı olduğunu qeyd edib. Xüsusilə Qırmızı dəniz və Ədən körfəzi kimi strateji su yollarının təhlükəsizliyinə diqqət çəkən Əbdülati, region ölkələri arasında dialoq və koordinasiyanın gücləndirilməsi çağırışı edib.

Misirli nazir ardıcıl böhranların hərbi variantların davamlı həll təmin etmədiyini göstərdiyini bildirərək, siyasi proseslərin və regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər