Güc, müharibə və təsir dairələri: Yeni dünya nizamı formalaşır
Rusiya-Ukrayna, ABŞ/İsrail-İran müharibələri və münaqişə coğrafiyalarının genişlənməsi fonunda Çində ABŞ, Çin və Rusiya liderlərinin görüşü mühüm əhəmiyyət kəsb edirdi.
ERAmedia-nın məlumatına görə, hərbi ekspert Səxavət Məmməd hesab edir ki, bu üç dövlətin liderlərinin görüşü qlobal güc balansı və gələcək dünya nizamının formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır, çünki hər üç ölkə dünyada baş verən müharibələrdə birbaşa və ya dolayı yollarla iştirak edir.
Ekspertin sözlərinə görə, ABŞ İrana qarşı birbaşa əməliyyatlar keçirir, Ukrayna ərazisində gedən müharibədə silah, “Starlink”, geoməkan kəşfiyyatı və maliyyə ilə iştirak edir. Venesuelada istədiyini alıb, Danimarka Qrenlandiyada ABŞ-yə hərbi imkanlarını genişləndirməyə icazə verib, bununla da Vaşinqton həmin istiqamətdə maraqlarını təmin edib.
Rusiya Ukrayna ərazisində birbaşa müharibə aparır, Fars körfəzində İrana silah və geoməkan kəşfiyyatı ilə dəstək verir, Suriyadakı proseslərdə maraqlarını təmin edərək bazalarını qoruyur, Baltik dənizini təhdid altında saxlayır və nüvə potensialını daha da artırıb.
Çinə gəldikdə isə, rəsmi Pekin Sakit okean hövzəsində imkanlarını artırır, Pakistan vasitəsilə Hindistana dərs verir, Ukrayna müharibəsində dolayı yolla iştirak edir. Şimali Koreya əsgərlərinin müharibəyə qoşulmasının Pekinin xeyir-duası olmadan baş verməsinin çətin olduğunu düşünən ekspert bildirir ki, Çin İrana da geoməkan kəşfiyyatı və silahlarla dəstək verir.
“Bunların hər birini daha da genişləndirə bilərəm, sadəcə vacib olan detalları yazdım. Sual ortaya çıxır: dünya bölüşdürüləcəksə, bu üç dövlətdən başqa kim böləcək?” – Səxavət Məmməd qeyd edib.
Ekspert hesab edir ki, dünya müəyyən mənada İkinci Dünya müharibəsinin nəticələrindən dərs alıb. Alman generalının fransızları qaliblər masasında görəndə verdiyi “Biz bunlara da uduzmuşuq?” sualının hazırkı dünyada keçərli olmayacağını düşünür.
Səxavət Məmməd Avropanın mövcud siyasətini də tənqid edib. Onun sözlərinə görə, “qoca qitə” dünyanın harasında hansı proses baş verirsə, məsələ ilə bağlı danışmaqla məşğuldur, ortada isə real hərəkət yoxdur.
“Rusiya-Ukrayna müharibəsi ilə bağlı masa qurulur, Avropa İttifaqı özünü orada görmək istəyir? Ümumiyyətlə, bu nə anlayışdır ki, sən sahədə yoxsan, müharibədə qan tökmürsən, iqtisadi gücünü hərbi-siyasi iradəyə çevirə bilmirsən, amma masadan pay istəyirsən?” – ekspert sual edib.
O bildirib ki, XXI əsrdə dünyanı bölüşdürməyin mümkünsüz olduğunu düşünənlər yanılırlar və belə bir yanaşmanın hansı prinsipə əsaslandığı aydın deyil.
Səxavət Məmmədin fikrincə, Avropa İttifaqı maliyyə və texnologiya nəhəngi olsa da, Ukraynaya pul ayırmaq, qaçqınları saxlamaq, ABŞ silahlarının pulunu ödəmək və sanksiyalar tətbiq etməklə kifayətlənir. Nəticədə pulu ödəyən tərəf olur, ancaq söz sahibi ola bilmir. Üstəlik, sanksiyalar da geri dönərək Avropanın özünə təsir edir.
Ekspert vurğulayıb ki, müasir dövrdə sanksiyalar iqtisadiyyatı zəiflədə, inkişafı ləngidə bilər, lakin müharibənin taleyini meydanda həll etməyə yetmir. Onun sözlərinə görə, dünyada qara bazar və alternativ təchizat zəncirləri mövcuddur və sanksiyalardan yayınma imkanları qalır.
Səxavət Məmməd Böyük Britaniyanın tarixən qlobal proseslərdəki roluna da toxunub. O qeyd edib ki, Britaniya əldə etdiyi gücü tarix boyu müharibələr və qan hesabına qazanıb, hər iki dünya müharibəsinin birbaşa iştirakçısı olub. Birinci Dünya müharibəsində 800 mindən çox, İkinci Dünya müharibəsində isə 400 minə yaxın hərbi itki verən ölkə qaliblər masasında yalnız siyasi gedişlərə görə deyil, birbaşa müharibədə iştirakına görə yer tutub.
“Qaliblər masasında oturmaq üçün sahədə savaşmalısan”, – deyə ekspert bildirib.
Çində üç ölkə liderinin görüşünün dünyanı bölüşdürmək anlamına gəlmədiyini deyən Səxavət Məmməd hesab edir ki, bölgü anlayışı yalnız tərəflərin bundan sonra bir neçə dəfə də bir araya gəlməsi ilə gündəmə gələ bilər. Onun fikrincə, görüşün ümumi nəticələrindən biri nüvə silahından istifadə edilməyəcəyi, tərəflərin isə öz maraqları uğrunda mübarizəni davam etdirəcəyi qənaətidir.
Ekspert qeyd edib ki, son dönəmlər ABŞ-nin nüvə silahından İrana qarşı istifadə edəcəyi ilə bağlı müzakirələr aparılırdı və bu görüş həmin ehtimalı aradan qaldırıb. Bununla belə, görüş ABŞ ilə İran arasında toqquşmanın baş verməyəcəyi, yaxud Rusiyanın Ukraynadakı müharibəni dayandıracağı anlamına gəlmir.
Avropa İttifaqının Rusiyadan Gürcüstan və Moldovadakı qoşunlarını çıxarmasını tələb etməsinə toxunan Səxavət Məmməd sual edib ki, Moskva bundan imtina edəcəyi halda Brüssel hansı mexanizmlə buna nail olacaq: “Sanksiya ilə?”
Səxavət Məmməd görüş ərəfəsində Ukraynanın Krım körpüsü ilə bağlı həyata keçirdiyi əməliyyatı da şərh edib. Onun fikrincə, Zelenski bu addımla Ukraynanı unutmayın, müdafiə edin, Rusiyanın qarşısında dayanmışıq və ona zərər veririk mesajını çatdırmağa çalışırdı.
“Ciddiyə aldılar? Ciddiyə alsaydılar, görüş bitər-bitməz Zelenski özünü Avropaya çatdırmazdı”, – ekspert bildirib.
Onun sözlərinə görə, görüşün nəticələrindən biri qışda enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması ilə bağlı fikir olub. Trampın isə Avropa liderlərini Ukraynaya hərbi dəstəyi dayandırmağa çağırdığı bildirilir.
Səxavət Məmməd hesab edir ki, Putin və Tramp müəyyən mənada oxşar xarakterə malikdirlər. O, hər iki lideri “yırtıcı” adlandıraraq, onların təmsil etdikləri dövlətlərin gücə söykənən, soyuqqanlı maraqlarını ifadə etdiklərini bildirib.
“Bu sistemlər və bu tipli liderlər zəifliyi, tərəddüdü bağışlamır; qorxunu dərhal duyurlar və üzərinə gedirlər. Avropa ölkələrinin bir nömrəli problemi məhz bu iradə və lider çatışmazlığıdır”, – ekspert qeyd edib.
Səxavət Məmməd bildirib ki, qəbul edilsə də, edilməsə də, bugünkü dünyanın və gələcəyin nizamını müharibələr və güc müəyyən edəcək.
“Hazırkı dünya deyir ki, sahədə olmalısan; sahədə olmasan, masa arxasında yox, masanın üstündə olacaqsan”, – deyə o bildirib.
Dünyanın bölüşdürülməsi anlayışının yalnız sərhədlərin dəyişməsi ilə əlaqələndirilməsinin doğru olmadığını deyən Səxavət Məmməd hesab edir ki, siyasi xəritələrdə böyük dəyişikliklər baş verməyə bilər, müəyyən korrektələr isə mümkündür.
Onun fikrincə, hazırkı müharibələr əsasən resurslara çıxış və logistika yollarına nəzarət uğrunda gedir. Bu isə dünyanın sərhədlərlə deyil, təsir dairələri ilə bölüşdürülməsi anlamına gəlir.
Vüsalə









