media-a334c6a4-9da2-450e-9a88-42c1e206415a

Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında müstəsna rol oynayan Üzeyir Hacıbəyovun zəngin yaradıcılıq irsi bu gün də milli incəsənətin ən qiymətli sərvətlərindən biri olaraq qalır.

ERAmedia xəbər verir ki, dahi bəstəkarın musiqisi Azərbaycanın milli kimliyini, tarixi yaddaşını və mədəni ruhunu özündə birləşdirir.

Üzeyir bəy xalq musiqisinin toplanması, nota salınması və professional musiqi ənənələrinin inkişafı istiqamətində böyük işlər görüb. Onun yaradıcılığı marşlardan və mahnılardan tutmuş romanslara, xor, kamera və orkestr əsərlərinə qədər geniş janrları əhatə edib. Azərbaycan dövlət himninin musiqisinin müəllifi olması isə bəstəkarın milli tarixdəki yerini daha da möhkəmləndirir.

Ə.Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdın, Qara dəniz” əsəri Azərbaycan və Türkiyədə ortaq tarixi-mədəni duyğuların musiqi ifadəsinə çevrilib. “Sevgili canan” və “Sənsiz” romansları da Üzeyir Hacıbəyovun musiqi dühasını nümayiş etdirən, xüsusilə Müslüm Maqomayevin ifası ilə yaddaşlara həkk olunan əsərlər sırasındadır.

Bəstəkarın fəaliyyəti yalnız yaradıcılıqla məhdudlaşmayıb. O, musiqi təhsilinin, akademik sənət mühitinin və milli musiqi kollektivlərinin qurulmasının inkişafına rəhbərlik edib. Müxtəlif musiqi və elmi müəssisələrə rəhbərlik etməklə yanaşı, ilk xalq çalğı alətləri orkestrinin və Azərbaycan Dövlət Xorunun yaradılmasında mühüm rol oynayıb.

Üzeyir Hacıbəyovun irsi bu gün də Azərbaycan musiqisinin inkişaf istiqamətini müəyyənləşdirən, milli mədəniyyətimizi dünyaya tanıdan və gələcək nəsillərə ötürülən əbədi sənət xəzinəsidir.

Bu gün dahi Üzeyir bəy Hacıbəyovun (1885-1948) anım günüdür. Allah dahi bəstəkarımıza rəhmət eləsin!

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər