media-8c00dee2158442739279327557110458423

Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopez idman və qidalanma vərdişlərindən danışıb. O, güc məşqlərinin fiziki vəziyyətində əhəmiyyətli dəyişiklik yaratdığını, illər ərzində qidalanma rejimini də yenidən qurduğunu bildirib.

ERAmedia xəbər verir ki, Cennifer Lopez “Friends Keep Secrets” podkastında uzun illərdir maraq doğuran formada qalmaq mövzusuna toxunub. Yaş artdıqca bədənin ehtiyaclarının dəyişdiyini deyən ulduz əzələ itkisinə qarşı məşq vərdişlərini yenilədiyini bildirib.

Lopez təxminən 8-10 il əvvəl ağırlıq məşqlərinə başladığını və bunun həyatında ciddi dəyişiklik yaratdığını qeyd edib.

“İdman edirəm, ağırlıq məşqləri ilə məşğul oluram. Düşünürəm ki, buna təxminən 10 il əvvəl, bəlkə də 8-10 il əvvəl başlamışam. Bu, mənim üçün hər şeyi dəyişdi. Əzələlər üzərində işləmək mənə güc qazandırdı”, – deyə o bildirib.

Müğənni yalnız idmanın deyil, qidalanma vərdişlərinin dəyişməsinin də vacib olduğunu vurğulayıb. Gənclik illərində yemək seçimlərinə ciddi məhdudiyyət qoymadığını deyən Lopez yaş aldıqca əvvəlki qidalanma rejimini dəyişməli olduğunu anladığını bildirib.

O, əvvəllər düyü, lobya, çörək, kərə yağı, donuz əti və qızardılmış yeməkləri tez-tez istehlak etdiyini, lakin sonradan qida seçimlərini dəyişdirdiyini açıqlayıb.

Hazırda qidalanmasında zülallı məhsullara daha çox yer ayırdığını bildirən Lopez balıq və yaşıl tərəvəzlərə üstünlük verdiyini söyləyib.

“Çoxlu balıq yeyirəm. Bol protein və yaşıl tərəvəz qəbul edirəm”, – deyə o qeyd edib.

Ulduz sağlam qidalanma və idmana diqqət yetirməsinin yalnız xarici görünüşü ilə bağlı olmadığını, özünü daha güclü və yaxşı hiss etmək məqsədi daşıdığını da vurğulayıb.

Lopez içki seçimləri ilə bağlı da danışaraq qəhvə və kofein qəbul etmədiyini bildirib. O, gün ərzində kifayət qədər su içməyə çalışdığını və su istehlakının gündəlik rejimində mühüm yer tutduğunu qeyd edib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər