Böyük panika: İran Cənubi Kipri vura bilər
İrana məxsus pilotsuz uçuş aparatlarının (PUA) zərərsizləşdirilməsindən sonra Cənubi Kiprdə yerləşən Böyük Britaniyanın Ağrotur (Akrotiri) Hərbi Hava Bazası və Baf şəhərindəki mülki hava limanı təxliyə edilib.
ERAmedia xəbər verir ki, Vaşinqton və Təl-Əviv ilə Tehran arasında qarşıdurma dairəsi genişləndikcə Cənubi Kiprdə hərbi və mülki obyektlərə qarşı PUA təhlükəsi ciddi təşvişə səbəb olub. Bazar ertəsi ard-arda baş verən hücum cəhdlərindən sonra Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinə (RAF) məxsus Ağrotur (Akrotiri) hərbi bazası və Baf mülki hava limanı təhlükəsizlik səbəbilə boşaldılıb.
Hökumət sözçüsü Konstantinos Letimbiotis “X” hesabında yaydığı açıqlamada hərbi bazaya doğru hərəkət edən iki PUA-nın uğurla zərərsizləşdirildiyini bildirib. Siqnalların səslənməsindən sonra həm mülki, həm də hərbi personalın xidmət etdiyi bazadan çox sayda avtomobilin ərazini tərk etdiyi qeyd olunub. Eyni vaxtda Baf hava limanında da təxliyə prosesi başladılıb. ABŞ-ın səfirliyi vətəndaşlarına Baf bölgəsindəki PUA təhlükəsi ilə əlaqədar fövqəladə hallar istisna olmaqla səfirliyə getməmələri və təhlükəsizlik tədbirlərinə riayət etmələri barədə xəbərdarlıq edib.
Bugünkü təxliyələr gecə saatlarında baş verən ilk hücumdan dərhal sonra həyata keçirilib. Cənubi Kipr rəhbəri Nikos Hristodulidis və Böyük Britaniyanın xarici işlər naziri Yvette Cooper gecə yarısından bir neçə dəqiqə sonra İrana məxsus “Şahid” tipli PUA-nın bazanın uçuş-enmə zolağına düşərək yüngül maddi ziyana səbəb olduğunu təsdiqləyiblər. Hristodulidis ölkəsinin hər hansı hərbi əməliyyatda iştirak etmədiyini və iştirak etmək niyyətində olmadığını vurğulayıb.
Böyük Britaniyanın müdafiə naziri Con Hili isə bazar günü İranın Kipr istiqamətinə iki ballistik raket atdığını bildirərək Tehranın “nizamsız və getdikcə nəzarətdən çıxan hücumlar” təşkil etdiyini iddia edib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen hücumların birbaşa Kipri hədəf almasa da, Avropa İttifaqının üzv dövləti olan Kiprin arxasında qətiyyətlə dayandıqlarını bəyan edib.
Bölgədə gərginliyi artıran digər hadisə Böyük Britaniyanın Baş naziri Kir Starmerin bazar günü verdiyi açıqlama olub. Starmer İranın raket obyektlərinə zərbə endirmək üçün ABŞ-a Britaniya hərbi bazalarından istifadə icazəsi verildiyini bildirib. Birbaşa hücum əməliyyatında iştirak etməyəcəklərini qeyd edən Starmer İranın Britaniya maraqlarına və müttəfiqlərinə qarşı təhdidinin qarşısını almağın yeganə yolunun bu raketləri mənbəyində məhv etmək olduğunu deyib.
1960-cı ildən etibarən Böyük Britaniyanın suveren ərazisi sayılan və regiondakı ən böyük Britaniya hərbi bazası olan Ağrotur son dövrlər hava hücumundan müdafiə sistemləri, radarlar və F-35 qırıcı təyyarələri ilə gücləndirilib.









