media-whatsapp-image-2026-09-29-at-13-02-29

İspaniyanın Kanar adaları bölgəsinin ən kiçik adası olan La Qomerada yaşayan yerli əhali qeyri-adi ünsiyyət üsulundan istifadə edir.

ERAmedia xəbər verir ki, La Qomerada əhalinin “Silbo Gomero” adlandırdığı fit dili bu gün adadakı uşaqlara məktəbdə öyrədilir. Hətta bu dil 1999-cu ildən etibarən icbari təhsilin bir hissəsidir.

La Qomeranın Barranco de Ávalo vadisində 12 yaşlı İrun Kastillo Perdomo və Anxel Manuel Qarsia Errera “Silbo Gomero”dan istifadə edərək bir-birləri ilə ünsiyyət qururlar. Uşaqları müşayiət edən 70 yaşlı təqaüdçü “Silbo Gomero” müəllimi Euxenio Dariasın sözlərinə görə, uşaqların fitlə apardıqları söhbətlər dostları ilə mesajlaşarkən və ya məktəb həyətində etdikləri adi söhbətlərdən o qədər də fərqlənmir. Fərq ondadır ki, sözlərin əvəzinə “Silbo Gomero”nun əsasını təşkil edən altı müxtəlif fit səsindən istifadə olunur.

“Silbo Gomero”nun ən diqqətçəkən xüsusiyyətlərindən biri olduqca məhdud sayda səslə işləməsidir. İspan dilindəki 5 sait iki müxtəlif fitlə, 22 samit isə dörd müxtəlif fit səsi ilə əvəz olunur. Beləliklə, ümumilikdə altı əsas səs vasitəsilə ünsiyyət qurmaq mümkündür. Fit çalan şəxslər səslərin uzunluğunu dəyişdirərək danışılan sözlərin quruluşunu təqlid edirlər. Təcrübəli insanlar yalnız istifadə olunan fitin “intonasiyasından” kimin səsləndiyini belə müəyyən edə bilirlər.

Bununla belə, adətən söhbətə başlayan şəxs əvvəlcə özünü təqdim edir və əlaqə saxlamaq istədiyi şəxsin adını fitlə səsləndirir. Mesaj başa düşüldükdə qarşı tərəf yenə fitlə “bueno bueno” cavabını verir.

Fit dilinin La Qomerada inkişaf etməsinin əsas səbəblərindən biri adanın coğrafiyasıdır. Dərin dərələr və sıldırım yamaclarla örtülü ərazidə bir mesajı qarşı tərəfə çatdırmaq üçün kilometrlərlə yol getmək lazım gəlirdi. Fit səsi isə dərələrin üzərindən bir neçə kilometr uzağa qədər yayıla bilirdi.

Ada sakinləri keçmişdə bu üsulla müxtəlif tədbirlər barədə məlumat verir, heyvanların gətirilməsini istəyir, yaxınlaşan təhlükələr barədə bir-birlərini xəbərdar edir, hətta ailə üzvlərinin vəfat etməsi xəbərini çatdırırdılar. Euxenio Darias vəziyyəti olduqca sadə bir cümlə ilə izah edir: “Çoxlu dırmaşmaqdan xilas edirdi.”

1960-cı illərdən etibarən çox sayda ada sakini Kuba və Venesuela kimi ölkələrə, yaxud qonşu Tenerife adasına köçdü. Daha sonra telefonların geniş yayılması, yeni yolların və cığırların salınması insanların kilometrlərlə uzağa fitlə mesaj göndərməyə olan ehtiyacını azaltdı.

1990-cı illərə gəldikdə “Silbo Gomero” demək olar ki, yox olmaq təhlükəsi ilə üzləşmişdi. Məhz bu mərhələdə dilin gələcək nəsillərə ötürülməsi istiqamətində işlər sürətləndirildi. Euxenio Dariasın da töhfəsi ilə uşaqların yalnız “Silbo Gomero”nu başa düşməsi deyil, həm də özlərinin bu dildən istifadə edə bilməsi qarşıya məqsəd qoyuldu.

“Silbo Gomero”nun qorunması istiqamətində mühüm addımlardan biri 2009-cu ildə atıldı. Fit dili UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildi.

Fit dili artıq məktəblər və rəsmi proqramlardan kənarda keçmişdəki qədər tez-tez eşidilmir. Lakin mobil telefon bağlantısının olmadığı bəzi ərazilərdə onun hələ də real ünsiyyət vasitəsi kimi istifadə edildiyi nümunələr var.

Darias bildirir ki, adanın cənubunda heyvandarlıqla məşğul olan iki nəfər mobil şəbəkənin çəkmədiyi ərazilərdə hələ də bir-birləri ilə fit vasitəsilə əlaqə saxlayırlar.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər