media-whatsapp-image-2026-09-29-at-12-55-27

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın cəbhədəki ordusunu gücləndirmək məqsədilə faktiki olaraq əlavə səfərbərliyə başladığını bildirib.

ERAmedia xəbər verir ki, Zelenskinin sözlərinə görə, Rusiya müxtəlif üsullarla orduya yeni şəxslər cəlb edir və xarici vətəndaşların müharibəyə cəlb olunmasını daha da genişləndirməyi planlaşdırır.

Zelenski bildirib ki, Ukrayna Rusiyanın müxtəlif ölkələrdə apardığı hərbi rekrutinq barədə həmin dövlətlərin hakimiyyət orqanlarını məlumatlandıracaq və onları bu fəaliyyətə qarşı tədbir görməyə çağıracaq.

Ukrayna Prezidenti həmçinin bildirib ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yeni məlumatlarına əsasən, Şimali Koreya Rusiyaya daha 10 min hərbçi göndərməyə hazırlaşır. Onun sözlərinə görə, hazırda Rusiyada artıq 8 mindən çox Şimali Koreya hərbçisi yerləşir.

Zelenskinin sözlərinə görə, Kreml bu dəstəyin qarşılığında, o cümlədən texnologiyalar təqdim edir. O, nümunə kimi Şimali Koreyada “Shahed” tipli zərbə dronlarının istehsalının qurulmasını göstərib.

Ukrayna Prezidenti bununla əlaqədar müttəfiqləri, o cümlədən ABŞ və Avropa İttifaqını Rusiyaya qarşı sanksiya təzyiqini gücləndirməyə çağırıb.

Bundan bir gün əvvəl Ukrayna Silahlı Qüvvələrinin PUA Sistemləri Qüvvələrinin komandanı Robert Brovdi Rusiyada “gizli səfərbərlik” prosesinin başladığını açıqlamışdı. Onun qiymətləndirməsinə görə, ilin sonunadək təxminən 300 min yeni hərbçi Ukraynaya qarşı müharibəyə göndərilə bilər.

Brovdi bildirib ki, qarşı tərəfin canlı qüvvəsinin cəbhədə əhəmiyyətli dərəcədə artması artıq gələn aydan etibarən gözlənilir. Onun fikrincə, Rusiya Prezidenti Vladimir Putin Donbası yaz aylarınadək ələ keçirmək niyyəti ilə bağlı açıqlamalarına görə prosesə mümkün qədər sürətlə hərəkət etməyə çalışacaq. Bu səbəbdən yeni cəlb olunan hərbçilərin lazımi hazırlıq keçmədən cəbhəyə göndərilə biləcəyi iddia edilir.

ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutu (ISW) isə sentyabrın ortalarında Rusiyanın Şimali Koreya hərbçilərini Sumı və Xarkov istiqamətlərinə yerləşdirə biləcəyini yazmışdı. İnstitutun qiymətləndirməsinə görə, bu, Rusiya qüvvələrinin bir hissəsini azad edərək Donbas istiqamətində təzyiqi artırmağa imkan verə bilər.

Məqalədə qeyd olunan digər iddialara görə, payızın əvvəlində Rusiya qüvvələri Liman yaxınlığında 240 kvadratkilometr ərazini tərk etməyə məcbur olub. Bildirilir ki, Rusiya həmin ərazidən Donetsk vilayətindəki “şəhər-qalalar” kəmərinə şimaldan hücum etməyi planlaşdırırdı.

Mətnə əsasən, Ukrayna Silahlı Qüvvələrinin dörd ay davam edən əks-hücumunun nəticəsində Rusiya ordusunun Slovyansk-Kramatorsk aqlomerasını şimaldan mühasirəyə almaq əməliyyatı uğursuzluğa düçar olub. İddia olunur ki, bunun nəticəsində Rusiyanın martın əvvəlindən etibarən əldə etdiyi ərazi qazancları tamamilə aradan qalxıb.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər