Bu ölkədə parlamentə ilk dəfə qadın sədr seçildi
Əlcəzair parlamentinin aşağı palatası – Milli Xalq Assambleyası tarixində ilk dəfə olaraq sədrlik vəzifəsinə qadın seçib.
ERAmedia xəbər verir ki, “Le Figaro” nəşrinin məlumatına görə, dövlət iyerarxiyasında dördüncü ən yüksək vəzifə hesab edilən bu posta allerqoloq-həkim, paytaxt Əlcəzair şəhərini əhatə edən Əlcəzair vilayətindən deputat Xalida Bufedeş seçilib. O, ölkənin müstəqilliyinin əldə olunmasında mühüm rol oynamış hakimyönlü Milli Azadlıq Cəbhəsinin (FNO) üzvüdür.
Məlumata əsasən, son parlament seçkilərində Milli Azadlıq Cəbhəsi 407 yerlik parlamentdə 91 mandat qazanaraq ən çox yer əldə edən siyasi qüvvə olub. Seçkilərdə seçici fəallığı cəmi 21,24 faiz təşkil edib ki, bu da ölkə tarixində ən aşağı göstəricidir.
Bununla yanaşı, parlamentin aşağı palatasına ilk dəfə qadın sədr seçilsə də, qanunverici orqanda qadınların ümumi təmsilçiliyi aşağı səviyyədə qalıb. Belə ki, seçilən deputatlardan cəmi 25-i qadındır ki, bu da parlament üzvlərinin 6,14 faizini təşkil edir.









