media-a_painting_in_chehel_sotoun1

Çaldıran döyüşü ərəfəsində Şah İsmayıl Səfəvi ilə Sultan I Səlim arasında aparılan yazışmalar Osmanlı–Səfəvi qarşıdurmasının mahiyyəti barədə mübahisələrə yeni baxış imkanı yaradır.

Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, XVI əsrə aid diplomatik sənədlərin dili və məzmunu əsasında Çaldıran müharibəsinin səbəblərinə yanaşarkən yalnız sonrakı siyasi və məzhəbi yozumlarla kifayətlənmək düzgün deyil.

Zaur Əliyevin sözlərinə görə, bu baxımdan İran tarixçisi Əbdülhüseyn Nəvayinin hazırladığı “Şah İsmayıl Səfəvi: Məcmueyi-əsnad və mükatibat-i tarixi həmrah ba yaddaştha-yi təfsiyli” adlı sənədlər toplusu xüsusi əhəmiyyət daşıyır. 1989-cu ildə Tehranda nəşr olunan və 480 səhifədən ibarət olan əsərdə Səfəvi dövlətinin rəsmi sənədləri, diplomatik yazışmaları və tarixi materialları toplanıb.

Məsələnin digər mühüm tərəfi isə Osmanlı mənbələri və müasir tarixşünaslıqda yer alan məlumatlarla müqayisədir. Bu kontekstdə Əhməd Fəridun Bəyin “Münşəat əs-Səlatin” əsəri, Faruk Sümerin “Safevî Devletinin Kuruluşu ve Gelişmesinde Anadolu Türklerinin Rolu”, Roger Savorynin “Iran Under the Safavids” kitabı və M. C. Şehabəddin Tekindağın Şah İsmayılın Çaldıran ərəfəsindəki diplomatik təşəbbüslərinə həsr olunmuş araşdırması mühüm mənbələr sırasında göstərilir.

Zaur Əliyev xüsusilə Şah İsmayılın Sultan I Səlimə göndərdiyi məktubun diqqətçəkən məqamlar daşıdığını vurğulayıb. Onun sözlərinə görə, məktubda qarşıdurmanın dərinləşməsinə qarşı diplomatik ritorika açıq şəkildə görünür.

Məktubda Şah İsmayıl Osmanlı xanədanı ilə münasibətlərə toxunaraq iki dövlət arasındakı əvvəlki dostluq əlaqələrinin qorunmasının vacibliyini bildirir. O, qarşıdurmanın arxasında dayanan şəxsləri ittiham edir və Osmanlı hökmdarını belə təsirlərə uymamağa çağırır.

Məktubun ən mühüm hissələrindən biri isə Əmir Teymur ilə Yıldırım Bəyazid arasındakı müharibəyə edilən eyhamdır. Şah İsmayıl həmin tarixi qarşıdurmanı xatırladaraq iki dövlət arasında yenidən nifaq və iğtişaş yaranmasının arzuolunmaz olduğunu bildirir.

Sənəddə eyni zamanda müharibə ehtimalının da tamamilə istisna edilmədiyi görünür. Şah İsmayıl Sultan Səlimin məqsədinin müharibə olduğu halda buna hazır olduğunu bildirir, lakin tələskənliyin ağıllı siyasət olmadığını vurğulayır. Məktubun bu hissəsində “Əl-əcələtü minəş-şeytan” — “tələskənlik şeytandandır” ifadəsinin işlədilməsi də diqqət çəkir.

Daha maraqlı məqamlardan biri məktubun sonunda yer alan istehzalı diplomatik ifadədir. Şah İsmayıl Sultan Səlimin kəskin məktublarının tiryək məcununun təsiri altında yazılmış ola biləcəyini bildirir və ona tiryək göndərildiyini qeyd edir. Bu detal məktubun həm siyasi, həm də satirik üslub daşıdığını göstərir.

Zaur Əliyev hesab edir ki, bu sənədlər Şah İsmayılın Çaldıran ərəfəsində yalnız hərbi qarşıdurmaya köklənmiş siyasi lider kimi təqdim edilməsini mürəkkəbləşdirir.

Onun fikrincə, sonrakı dövrlərdə sosial şəbəkələrdə geniş yayılmış “Şah İsmayıl Türk dünyasını parçaladı” tezisini XVI əsrin real siyasi-diplomatik şəraitindən ayrı şəkildə qiymətləndirmək doğru deyil. Çünki həmin dövrün sənədlərində dövlətlərarası rəqabətlə yanaşı, ortaq siyasi və sülalə münasibətlərinin qorunmasına yönəlmiş diplomatik təşəbbüslər də öz əksini tapır.

Tarixçinin yanaşmasına görə, Çaldıran qarşıdurmasını yalnız “məzhəb savaşı” və ya “Türk dünyasının parçalanması” kimi təqdim etmək hadisənin çoxqatlı siyasi səbəblərini kölgədə qoya bilər. Osmanlı–Səfəvi rəqabətinin arxasında hakimiyyət, ərazi, Anadolu üzərində nüfuz, regional siyasi üstünlük və dini-siyasi legitimlik uğrunda mübarizə kimi bir sıra amillər dayanırdı.

Zaur Əliyev qeyd edib ki, Çaldıran məsələsinə obyektiv yanaşmaq üçün həm Səfəvi, həm Osmanlı mənbələrinin, xüsusilə də hadisələrə yaxın dövrdə yazılmış diplomatik sənədlərin paralel şəkildə araşdırılması vacibdir.

“Bu məktublar bizə ən azı bir şeyi göstərir: Çaldırana gedən yol yalnız döyüş meydanında deyil, diplomatik yazışmalarda da formalaşırdı. Ona görə də tərəflərdən birini əvvəlcədən mütləq şəkildə ‘Türk dünyasını parçalayan’, digərini isə yalnız ‘birləşdirən’ tərəf kimi təqdim etmək tarixi prosesin mürəkkəbliyini izah etmir”, – deyə Zaur Əliyev vurğulayıb.

Çaldıran döyüşü ilə bağlı əsrlərdir davam edən mübahisənin mühüm hissəsi yenidən sənədlərin dilinə qayıdır. Şah İsmayılın məktubunda yer alan sülh çağırışları, Teymur–Bəyazid qarşıdurmasına istinad və müharibə ehtimalına münasibət göstərir ki, hadisələrin siyasi mənzərəsi sonrakı əsrlərdə formalaşmış sadələşdirilmiş təsəvvürlərdən daha mürəkkəb olub.

media-whatsapp-image-2026-08-27-at-11-48-37


media-adspc

Bənzər xəbərlər