Xocalı cəlladlarının taleyi: Koçaryan və Sarkisyan Azərbaycana verilə bilərmi?
Ermənistanda keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyana qarşı yeni cinayət işinin açılması Azərbaycanda “Xocalı cəlladları Bakıya təhvil verilə bilərmi?” sualını yenidən aktuallaşdırıb.
ERAmedia xəbər verir ki, siyasi təhlilçi Asif Nərimanlı bildirib ki, 44 günlük müharibədə Xocalının qisasının alınmasına və günahkarların bir çoxunun cəzalandırılmasına baxmayaraq, Azərbaycanın Koçaryan və Sarkisyan da daxil olmaqla Xocalı soyqırımını törədən şəxslərin ədalət qarşısına çıxarılması siyasəti davam edir.
Asif Nərimanlının sözlərinə görə, Bakı-İrəvan xəttində sülh prosesinin irəliləməsi də gələcəkdə bu şəxslərin məsuliyyətə cəlb olunması üçün müəyyən imkanlar yarada bilər. Bununla belə, hazırkı mərhələdə Koçaryan və Sarkisyanın Azərbaycana təhvil verilməsi ehtimalı zəifdir.
Asif Nərimanlı qeyd edib ki, bunun əsas səbəblərindən biri keçmiş prezidentlərə qarşı açılan cinayət işlərinin Ermənistanın daxili hüquqi məsələsi olmasıdır. Onlara qarşı irəli sürülən ittihamlar arasında vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması kimi maddələr yer alır.
Onun fikrincə, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin hələ imzalanmaması da belə hüquqi prosedurların həyata keçirilməsini məhdudlaşdıran amillərdəndir.
“Koçaryan və Sarkisyanın Bakıya təhvil verilməsi Ermənistan dövlətinin Qarabağda törədilmiş cinayətləri və bununla bağlı məsuliyyəti qəbul etməsi kimi qiymətləndirilə bilər. Həmçinin, Ermənistan daxilində yarana biləcək etirazlar baxımından belə addım hazırda Nikol Paşinyanın maraqlarına uyğun görünmür”, – deyə siyasi təhlilçi vurğulayıb.
Asif Nərimanlı hesab edir ki, Paşinyanın seçkidən əvvəl anons etdiyi və hazırda başlanılan cinayət işinin əsas məqsədlərindən biri Ermənistanda nəzarəti gücləndirmək və xüsusilə Rusiya təsirlərini neytrallaşdırmaqdır.
“Lakin cinayət işinin siyasi və hüquqi baxımdan Azərbaycanla əlaqəli tərəflərinin yaranmasını da istisna etmək olmaz”, – deyə o bildirib.
Siyasi təhlilçinin fikrincə, siyasi baxımdan əsas məqam sülh prosesinin maneəsiz həyata keçirilməsi və “Qarabağ hərəkatının” yenidən aktivləşməsinin qarşısının alınmasıdır. Bu çərçivədə həmin prosesin daxili benefisiarlarının siyasi təsir imkanlarının zəiflədilməsi də Paşinyan hökumətinin maraqlarına uyğun ola bilər.
Asif Nərimanlı hüquqi baxımdan isə çirkli pulların yuyulması ilə bağlı ittihamın xüsusi əhəmiyyət daşıdığını düşünür.
“Koçaryan-Sarkisyan cütlüyünün bu fəaliyyəti işğal dövründə əsasən Qarabağ üzərindən həyata keçirdiyi iddiaları araşdırmanın gedişində ön plana çıxa bilər. Bu halda Azərbaycanın ən azı məlumat mübadiləsi formatında prosesə cəlb olunması mümkün variantlardan biridir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, istintaqın gedişində Koçaryan və Sarkisyana qarşı ittihamların genişləndirilməsi də mümkündür. Buraya Paşinyanın daha əvvəl gündəmə gətirdiyi “erməni əsgərlərinin Ermənistan sərhədlərindən kənarda ölümə göndərilməsi” məsələsinin əlavə edilməsi də daxil ola bilər.
“Belə bir istiqamət Azərbaycanın prosesə qoşulması üçün əlavə hüquqi və siyasi imkanlar yarada bilər”, – deyə Asif Nərimanlı bildirib.
Asif Nərimanlının fikrincə, Azərbaycan prosesə qoşularsa, Birinci Qarabağ müharibəsi zamanı Xocalı və Qarabağda törədilmiş cinayətlərə görə məsul şəxslərin cəzalandırılması məsələsini gündəmdə saxlaya bilər.
“44 günlük müharibədən sonra bir sıra şəxslərin məsuliyyətə cəlb olunmasına baxmayaraq, Azərbaycanın Xocalı soyqırımında iştirak edən şəxslərin ədalət qarşısına çıxarılması siyasəti davam edir. Sülh sazişinin imzalanmasından sonra Koçaryan, Sarkisyan və digər şəxslərin Bakıya təhvil verilməsi ehtimalı az olsa da, nəzəri baxımdan tamamilə mümkünsüz deyil”, – deyə siyasi təhlilçi vurğulayıb.
Asif Nərimanlı bildirib ki, sülh sazişi layihəsinin müəyyən müddəaları da gələcəkdə bu məsələnin hüquqi müstəvidə gündəmə gətirilməsi üçün əsas yarada bilər.
Onun sözlərinə görə, layihənin VIII bəndində tərəflər dözümsüzlük, irqi nifrət və ayrı-seçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərinə qarşı mübarizə aparmağı öhdələrinə götürürlər.
IX bənddə isə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və onlara münasibətdə ədalətin təmin edilməsi ilə bağlı öhdəlik nəzərdə tutulur.
“Bu müddəalar sülh sazişi imzalandıqdan sonra Azərbaycana Koçaryan, Sarkisyan və digər şəxslərin ekstradisiyasına nail olunmasa belə, onların Qarabağda törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək üçün müəyyən imkanlar verə bilər”, – deyə Asif Nərimanlı bildirib.
Beləliklə, siyasi təhlilçinin qənaətinə görə, Koçaryan və Sarkisyanın yaxın perspektivdə Bakıya təhvil verilməsi real görünməsə də, Ermənistan daxilində aparılan istintaqın istiqaməti, Azərbaycanla məlumat mübadiləsi və sülh sazişinin yaratdığı hüquqi mexanizmlər gələcəkdə Xocalı və Qarabağda törədilmiş cinayətlərin araşdırılması məsələsini yenidən gündəmə gətirə bilər.









