media-suni-intellekt-3

Süni intellektin (Sİ) iqtisadi təsirini ölçərkən onun nə qədər geniş istifadə olunması ilə yaratdığı real iqtisadi dəyəri bir-birindən ayırmaq lazımdır.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Tahir Mirkişili “The Economist” jurnalında dərc olunan “Süni İntellektin iqtisadi təsirlərini necə ölçməli?” mövzusundakı araşdırmaya diqqət çəkərək bildirib ki, şirkətlər Sİ-dən istifadə səviyyəsi ilə onun biznesə yaratdığı dəyəri eyniləşdirməməlidirlər.

Onun sözlərinə görə, Sİ-yə xərclənən vəsaitlə bu texnologiyanın yaratdığı iqtisadi dəyərin müqayisəsi mühüm əhəmiyyət daşıyır. Çünki Sİ-dən istifadənin artması avtomatik olaraq iqtisadi qazancın və ya məhsuldarlığın artması demək deyil.

Tahir Mirkişili qeyd edib ki, məsələn, bir işçi Sİ-nin köməyi ilə iki saat əlavə vaxt qazanırsa, lakin həmin vaxtı işinin məhsuldarlığını artırmaq əvəzinə başqa fəaliyyətə sərf edirsə, bu halda Sİ-dən istifadə faktı mövcud olsa da, real əlavə iqtisadi dəyər yaranmaya bilər.

Deputatın fikrincə, Sİ-nin effektivliyini qiymətləndirərkən “Neçə nəfər ChatGPT istifadə edir?” sualı əsas meyar olmamalıdır.

“Əsas meyar Sİ tətbiq edildikdən sonra iqtisadi gəlirin, mənfəətin və ya məhsuldarlığın nə qədər dəyişməsidir”, – deyə o vurğulayıb.

Tahir Mirkişilinin sözlərinə görə, xüsusilə özəl şirkətlərdə Sİ investisiyalarının nəticəsini qiymətləndirərkən üç ayrı mərhələ fərqləndirilməlidir: Sİ-nin qəbul edilməsi, məhsuldarlığın artması və əldə olunan məhsuldarlıq artımının real iqtisadi dəyərə çevrilməsi.

Birinci mərhələdə işçilər Sİ alətlərindən istifadə etməyə başlayırlar. İkinci mərhələdə eyni işi daha az vaxt və resurs sərf etməklə yerinə yetirmək mümkün olur. Üçüncü mərhələdə isə yaranan məhsuldarlıq artımı real gəlirə və ya mənfəətə çevrilir.

Deputat hesab edir ki, ən çox rast gəlinən səhvlərdən biri birinci mərhələni üçüncü mərhələ kimi qəbul etməkdir. Başqa sözlə, işçilərin Sİ-dən kütləvi şəkildə istifadə etməsi avtomatik olaraq iqtisadi dəyərin yaradılması kimi qiymətləndirilməməlidir.

Tahir Mirkişili hesab edir ki, bu yanaşma dövlət qurumlarında Sİ-nin tətbiqi üçün də aktualdır. Burada texnologiyadan istifadə səviyyəsindən daha çox proseslərdə və nəticələrdə yaranan dəyişikliklər ölçülməlidir.

Məsələn, dövlət xidmətinin göstərilmə müddətinin 5 gündən 2 günə düşməsi, bir müraciətin emal xərcinin 20 manatdan 8 manata enməsi, əməkdaş başına emal edilən sənədlərin sayının 30 faiz artması, səhvlərin 15 faiz azalması və ya eyni büdcə ilə daha çox xidmət göstərilməsi Sİ-nin real təsirini göstərən göstəricilər ola bilər.

Deputatın fikrincə, Sİ istifadəsi, proseslərin qiymətləndirilməsi və maliyyə nəticəsi arasında əlaqənin qurulması səmərəliliyin təmin edilməsi baxımından vacibdir.

O qeyd edib ki, bu yanaşma rəqəmsal iqtisadiyyat və dövlət idarəçiliyinin rəqəmsallaşdırılması məsələləri ilə də birbaşa bağlıdır. Sİ strategiyasının əsas hədəfi yalnız yeni texnologiyanın tətbiqindən ibarət olmamalı, eyni zamanda Sİ-yə yatırılan investisiyaların iqtisadi təsiri də ölçülməlidir.


media-adspc

Bənzər xəbərlər