Şah İsmayıl Xətainin misralarında “min bir” sirri - Maraqlı ARAŞDIRMA
Filologiya üzrə fəlsəfə doktoru, ozan Fəxrəddin Salim “Xəta” sözünün yazılışı və irfani mənası ilə bağlı fikirlərini bölüşüb.
ERAmedia xəbər verir ki, Fəxrəddin Salimin sözlərinə görə, ərəb əlifbasında “t” səsinin iki fərqli yazılış forması mövcuddur: nöqtəsiz “ta” — “ط” və nöqtəli “tə” — “ت”. O hesab edir ki, nöqtəli “t” — “ت” ilə yazılan “Xəta” sözünün dilçilik baxımından ayrıca leksik mənası yoxdur və bu yazılışın əsas məzmunu onun əbcəd hesabındakı qarşılığı ilə əlaqələndirilir.
Fəxrəddin Salim bildirir ki, “Xəta”nın əbcəd hesabı 1001-dir. Onun izahına görə, bu rəqəm irfani dünyagörüşündə Haqq-Taalanın min bir adının bir insanda cəm olmasını ifadə edir.
O qeyd edir ki, söhbət burada İslam ənənəsində məşhur olan 99 Əsmaül-Hüsna anlayışından getmir. Fəxrəddin Salimin təqdim etdiyi irfani yozuma əsasən, 99 Əsmaül-Hüsna Qurani-Kərim və ərəb dilində Allahın sifətləri ilə bağlı anlayışlardır. “Min bir” isə irfan əhlinin inancında Adəmdən Xatəmə qədər yer üzündə Haqq-Taalanın daşıyıcıları hesab edilən insanların adları ilə əlaqələndirilir.
Fəxrəddin Salimin fikrincə, həmin “min bir” hələ tamamlanmayıb və bu anlayışa görə Haqq-Taala qiyamətə qədər min bir kərə insan cildində yer üzünə gəlir.
Bu baxışın Şah Xətainin yaradıcılığında da əksini tapdığını deyən Fəxrəddin Salim onun:
Girdim Adəm cisminə
Bir kimsə bilməz sirrimi
Mən bu Beytullah içində
Ta əzəldən var idim,
misralarını nümunə gətirir.
Fəxrəddin Salim “Beytullah” anlayışının da bu kontekstdə fərqli izah edildiyini vurğulayır. Onun sözlərinə görə, Beytullah yalnız Kəbə kimi başa düşülməməlidir. İrfani yanaşmada “Allahın evi” insanın bədəni, xüsusilə də insanın qəlbi hesab olunur.
O, bu düşüncənin Yunis Əmrənin məşhur “Sordum sarı çiçəyə” şeirində də ifadə edildiyini bildirir. Şeirdəki “Adəm mindən biridir” fikri “min bir” anlayışının irfani mahiyyətini açıqlayan əsas ifadələrdən biri kimi təqdim olunur.
Fəxrəddin Salimin izahına əsasən, “min bir” adının təcəllası məhz “Xəta” sözündə cəmlənir. Bu baxımdan “Xəta” yalnız bir söz və ya ad kimi deyil, əbcəd hesabı və irfani simvolika üzərindən insan, Adəm və ilahi təcəlli anlayışlarını birləşdirən məfhum kimi izah edilir.
Ozanın fikrincə, son dövr İran nəşrlərinə qədər “Xətai” sözünün nöqtəli “t” — “ت” ilə yazılması da bu baxımdan diqqət çəkən məqamdır. Fəxrəddin Salim həmin yazılış formasını “Xəta” sözünün irfani yozumu və 1001 rəqəmi ilə əlaqələndirir.
Beləliklə, onun təqdim etdiyi irfani izahda “Xəta” sözü “yanlışlıq” mənasında deyil, “min bir” anlayışının rəmzi kimi şərh olunur və bu anlayış insanın Haqq-Taalanın yer üzündəki təcəllilərindən biri olması düşüncəsi ilə əlaqələndirilir.










