media-img_20201203_203344-png

media-1685392162_103

Rəsul Mirhəşimli

Folklorumuzun mühüm hissəsini təşkil edən lətifələr təkcə insanlara gülüş bəxş etmək mahiyyəti daşımır. Belə şifahi xalq nümunələri güldürməklə yanaşı, ciddi şəkildə deyiləsi mümkün olmayanları yumor və satiranın dili ilə çatdırmaq vəzifəsini özündə əks etdirir. Bəlkə bu fakta görədir ki, xalqımız müdrikcəsinə, “doğru sözü zarafatla deyərlər”, məsəlini ortaya qoyub.

Azərbaycan xalqının özünəxas lətifə qəhrəmanları olub. Türk xalqları içərisində müxtəlif leksik şəkillərdə ifadə olunan bu qəhrəman bizdə Molla Nəsrəddin adı ilə tanınır. İnsanlar arasındakı mübahisələri ədalətlə həll edən, şah saraylarında hökmdarın eyiblərini üzünə şax deyə bilən, qürurunu heç kəsin qarşısında sındırmadan kasıb (fəqirlik) həyatını yaşayan bu müdrik qoca ən çətin vəziyyətlərdən asanlıqla çıxa bilən insandır.

Bu yazıda sizə Molla Nəsrəddin lətifələrindən söz açmaq fikrim yoxdur. Bu lətifə qəhrəmanı xalqımıza çox yaxşı tanışdır. Folklorşünaslığımız isə onun lətifələrini yetərincə araşdırıb. Onsuz da xalqımızın nümayəndələri Molla Nəsrəddin lətifələrini əzbərdən bilir. Oxuculara çatdırmaq istədiyim lətifə nümunələri dərvişlərdən gəlir. Haqqı zikr edən, səhralara üz tutub həqiqət axtaran bu mərifət yolçuları güldürməyi də bacarırlar. Bizə Bəhlul Danəndənin də lətifələri də yaxşı tanışdır. Bu lətifələrdə sonsuz müdriklik dayanır. İlk eşidən kimi insanın dodağı qaçsa belə, sonra bir müddət əli üzündə, dolayısı ilə, bəzən də birbaşa çox sərt şəkildə deyilən sözlərin hikmətinə dalırsan.

Şərq xalqların çoxunda lətifə qəhrəmanları hər zaman mövcud olub. Ərəblərdə Cuha adı ilə məşhur olan hazırcavab şəxs bütün ərəb dünyasının tanıdığı lətifə qəhrəmanıdır. Maraqlı burasıdır ki, bu şəxs Şərqdə o qədər geniş şöhrətə malikdir ki, on üçüncü əsrin böyük Azərbaycan mütəfəkkiri Şəmsəddin Təbrizi də məşhur “Məqalat” əsərinin bəzi yerlərində Cuhadan bəhs edir.

Dərviş gülməcələri özündə həm yumor, həm də dərin mənalar ifadə edir. Bu gülməcələr vasitəsilə insanların həyat, mənəviyyat və dünyagörüşü haqqında dərindən düşünməsi üçün şərait yaradılır. Dərvişlərin sadə və müdrik həyat tərzi onların söylədikləri hər bir lətifənin arxasında mənalı və öyrədici bir mesajın gizlənməsinə səbəb olur.

Bu gülməcələr, zahirən sadə görünsə də, əslində mürəkkəb fəlsəfi və dini anlayışları asan başa düşüləcək bir şəkildə çatdırır. Onlar, insanların qəlblərində mövcud olan mənəvi dəyərləri gücləndirməyə və əxlaqi dərsləri yumorla birləşdirərək çatdırmağa xidmət edir:

“Özündən razı varlı bir adam Dərvişdən soruşur:

-Borcun varmı?

Dərviş cavab verir:

-Bəli, baqqala borcum var, nisyə ərzaq almışam…

-Mən namaz borcunu soruşuram.

Dərviş tövrünü pozmadan deyir:

-Sən yalnız mənim baqqala olan borcumu soruşa bilərsən. Namaz borcumun hesabını Allahdan başqa kimsə soruşa bilməz!”

Göründüyü kimi, bir çox hallarda dərviş gülməcələri onlara həqarətlə yanaşan bəzi nadanlara dərs vermək mahiyyətini əks etdirir özündə. Bu nümunələr təkəbbürlü insanları kəskin satira atəşinə tutur.

İrfan fəlsəfəsinin əsasını yaratmış həqiqət yolçuları olan dərvişlərin bir gülməcə yönü də var. Lakin həmin gülməcələrdə də dərviş hikməti öz sözünü deyir. Yumor və hikmət qarışığı olan bu nümunələr özünəməxsus şəkildə zehnə həkk olunur. Bu da həmin gülməcələrin şirinliyindən irəli gəlir. Dərvişlərin hikməti ilə dolu bu gülməcələr onların dərin mənəviyyatını və dünyagörüşünü əks etdirir. Bu nümunələr həm yumoru, həm də hikməti özündə birləşdirərək insanların yaddaşında qalıcı iz buraxır. Hər bir gülməcənin şirinliyi, onun tərkibindəki dərviş müdrikliyi ilə birləşərək, həyat dərsləri verir.

Bu cür gülməcələr sadəcə gülüş doğurmaqdan daha çox, insanı düşündürərək ona dərin mənalar və öyrədici məqamlar çatdırır. Dərvişlərin dünyagörüşü bu gülməcələr vasitəsilə sadə, lakin təsirli bir şəkildə insanlara ötürülür.


media-adspc

Bənzər xəbərlər