media-3192_1710758042

Çanaqqala döyüşlərində azərbaycanlı könüllülərin iştirakı ilə bağlı dəqiq statistika bu günə qədər müəyyənləşdirilməsə də, mövcud arxiv sənədləri və tədqiqatlar həmin tarixi həqiqətin danılmaz olduğunu göstərir.

Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev bu barədə ERAmedia-ya açıqlamasında bildirib ki, Çanaqqala savaşında yalnız azərbaycanlı kişilər deyil, qadınlar da iştirak edərək tibb bacısı kimi yaralılara xidmət göstəriblər.

Onun sözlərinə görə, Çanaqqala döyüşlərində iştirak edən və şəhid olan azərbaycanlıların dəqiq sayını müəyyən etmək mümkün deyil. Müxtəlif mənbələrdə fərqli rəqəmlər göstərilir. Bu siyahıya indiki Azərbaycan ərazisi ilə yanaşı, həmin dövrdə Türkiyədə yaşayan azərbaycanlılar, eləcə də indiki İran, Gürcüstan və Dağıstandan Osmanlı ordusuna qoşulan azərbaycanlılar daxil edilir.

“Tədqiqatlarda tam rəqəm göstərmək mümkün deyil. Bunun üçün geniş və sistemli araşdırmalara ehtiyac var. Türk tarixçiləri Çanaqqalada döyüşən azərbaycanlı könüllülərin sayını təxminən 4 min nəfər göstərirlər. Digər araşdırmalarda isə qeyd olunur ki, yalnız Azərbaycan ərazisindən Osmanlı ordusuna könüllü olaraq gedən və Gelibolu döyüşlərində şəhid olanların sayı təxminən 3 min nəfər olub. Bu rəqəmə Türkiyədə yaşayan Azərbaycan əsilli şəxslər daxil edilmir”, – deyə tarixçi vurğulayıb.

Zaur Əliyev xatırladıb ki, həmin dövrdə Azərbaycan Çar Rusiyasının tərkibində olduğundan Osmanlı ordusuna açıq şəkildə xidmət etmək hüquqi baxımdan mümkün deyildi. Buna görə də azərbaycanlı könüllülər əsasən indiki İran, Naxçıvan, Ermənistan və Gürcüstan əraziləri vasitəsilə gizli yollarla Osmanlıya keçərək döyüşlərə qatılırdılar.

Tarixçinin sözlərinə görə, Balkan müharibələri, Birinci Dünya müharibəsi və Milli Mücadilə illərində azərbaycanlılar yalnız könüllü döyüşçü kimi deyil, həm də maddi və mənəvi yardımlarla Osmanlı dövlətinə dəstək göstəriblər. Çar Rusiyasının ciddi nəzarətinə baxmayaraq, Azərbaycan xalqı çətin dövrlərdə Osmanlı dövlətinin yanında olub.

Zaur Əliyev uzun illər apardığı araşdırmalar nəticəsində Çanaqqalada məzarı müəyyən edilən azərbaycanlı şəhidlərdən biri barədə də məlumat əldə etdiyini bildirib.

Onun sözlərinə görə, həmin şəxs Bakı şəhərində anadan olmuş Zeynalabdin oğlu Məşədi Əlidir. O, 1877-ci ildə Bakıda doğulub və Osmanlı hərbi qeydiyyat sənədlərində doğulduğu yer “Bakü, Rusya” kimi göstərilib.

Tarixçi bildirib ki, Məşədi Əli cəbhəyə yollanarkən təxminən 38 yaşında idi və sıravi piyada əsgər kimi xidmət edirdi. Türkiyə Müdafiə Nazirliyinin arxivində qorunan rəsmi şəhid qeydiyyatında onun haqqında “Baba adı: Zeynelabidin, Lakabı Meşhet Ali, Memleketi: Bakü / Azerbaycan, Sınıfı: Piyade” qeydləri yer alır.

Zaur Əliyev qeyd edib ki, Məşədi Əli Çanaqqala savaşının taleyini müəyyənləşdirən əfsanəvi 57-ci Alayın 2-ci taborunda xidmət edib. Məhz bu alay Mustafa Kamal Atatürkün məşhur “Mən sizə taarruz etməyi yox, ölməyi əmr edirəm” əmri ilə tarixə düşüb və şəxsi heyətinin demək olar ki, hamısı şəhid olub.

Tarixçinin sözlərinə görə, həmin alayın tərkibində Bakı, Gəncə, Şəki və Qarabağdan imperiya sərhədlərini gizlicə keçərək və ya İstanbulda təhsil aldıqları dövrdə könüllü şəkildə cəbhəyə yollanan onlarla azərbaycanlı döyüşçü vuruşurdu.

Zaur Əliyev bildirib ki, Məşədi Əli 23 may 1915-ci ildə Gelibolu yarımadasında gedən döyüşlər zamanı, Avstraliya və Yeni Zelandiya Ordu Korpusunun hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Tarixçi onu da əlavə edib ki, Çanaqqaladakı şəhidliklərdə adətən bir məzar daşında 18-ə yaxın şəhidin adı birlikdə həkk olunur. Lakin Məşədi Əlinin başdaşında yalnız onun adı yazılıb. Onun fikrincə, bunun əsas səbəbi həmin dövrdə onunla birlikdə döyüşən digər azərbaycanlı könüllülərin şəxsiyyətinin tam müəyyənləşdirilə bilməməsi olub.


media-adspc

Bənzər xəbərlər