media-20jpg-1789114379

Sentyabr Azərbaycan tarixinə suverenliyimizin tam bərpa olunduğu ay kimi daxil olub.

Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə hər il sentyabrın 20-də Dövlət Suverenliyi Gününün qeyd edilməsi bu tarixi hadisənin əhəmiyyətini bir daha nümayiş etdirir.

Deputat qeyd edib ki, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı nəticəsində separatizmin aradan qaldırıldığı Qarabağda artıq iqtisadi inkişaf və reinteqrasiya prosesi geniş vüsət alıb.

Vüqar Bayramovun sözlərinə görə, 2025-ci ildə işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldilən ümumi investisiyanın həcmi 5 milyard manatdan çox olub. Bunun 4,4 milyard manatı birbaşa dövlət büdcəsindən ayrılıb.

“Zəfərdən keçən 5 il ərzində, daha öncə məskunlaşmış ərazilər də nəzərə alınmaqla, Qarabağda illik məhsulun ümumi istehsalı 1 milyard 548 milyon manatdan 4 milyard 820 milyon manatadək yüksəlib. Suverenliyimizin tam bərpasından sonra da Qarabağ iqtisadiyyatında hər il əvvəlki illə müqayisədə artım qeydə alınıb”, – deputat bildirib.

O vurğulayıb ki, ümumilikdə Zəfərdən sonra Qarabağ iqtisadiyyatı 3 dəfədən çox böyüyüb. Həmin müddətdə sənaye istehsalı 2,8 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb. Tikinti sektorunda isə artım 3 dəfədən çox olub.

Deputatın sözlərinə görə, Qarabağda iqtisadiyyatın əsas sahələrində artım artıq faizlə deyil, dəfələrlə ifadə olunur. Fəaliyyət göstərən sənaye müəssisələrinin sayı da 2020-ci illə müqayisədə təxminən 2 dəfə artaraq 150-ni ötüb.

Vüqar Bayramov qeyd edib ki, regionda pərakəndə ticarət dövriyyəsində də əhəmiyyətli artım baş verib. Son 5 ildə bu göstərici 960,3 milyon manatdan 1 milyard 553 milyon manatadək yüksəlib.

“Qarabağda turizm və xidmət sektorunun inkişafı da diqqət çəkir. Fəaliyyət göstərən hotellərin sayı 2020-ci illə müqayisədə 2024-cü ildə 11-dən 18-dək yüksəlib. 2025-ci ildə də yeni hotellərin istifadəyə verilməsi həyata keçirilib”, – deyə deputat əlavə edib.

O bildirib ki, regionda yaşayış infrastrukturunun yaradılması istiqamətində də genişmiqyaslı işlər görülür. İstifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 68 127 kvadratmetrdən 98 795 kvadratmetrədək artıb.

Vüqar Bayramovun fikrincə, işğal nəticəsində dağıdılmış və ərazilərinin böyük hissəsi xarabalığa çevrilmiş Qarabağ hazırda yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyub. Deputat qeyd edib ki, həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələri, investisiyalar və yeni iqtisadi fəaliyyət imkanları regionun dayanıqlı inkişafı üçün mühüm baza formalaşdırır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər