media-1777466127_5445133996158294026

İranda milli valyutanın sürətlə dəyər itirməsi ölkədə iqtisadi böhranın miqyasını daha aydın göstərir.

ERAmedia xəbər verir ki, araşdırmaçı jurnalist Arzu Qazıyeva açıqlamasında bildirib ki, hazırda 1 ABŞ dollarının məzənnəsi 2,2 milyon rial ətrafına çatıb və bu, İran rialının tarixində ən aşağı göstəricilərdən biridir.

Arzu Qazıyevanın sözlərinə görə, bu məzənnə ilə 300 ABŞ dolları əldə etmək üçün təxminən 660 milyon rialdan çox pul lazım gəlir. Bu məbləğin fiziki şəkildə daşınması isə İran milli valyutasının nə qədər kəskin dəyər itirdiyini əyani şəkildə göstərir.

Jurnalist qeyd edib ki, İrana qarşı tətbiq olunan genişmiqyaslı sanksiyalar, ölkənin xarici valyutaya çıxış imkanlarının məhdudlaşması, iqtisadi idarəetmədəki problemlər və siyasi qeyri-müəyyənlik rialın dəyərinin sürətlə düşməsinə səbəb olan əsas amillərdəndir. Son aylarda rialın dollar qarşısında kəskin ucuzlaşması inflyasiyanın və əhalinin alıcılıq qabiliyyətinə təzyiqin artmasına gətirib çıxarıb.

Arzu Qazıyeva vurğulayıb ki, İranda iqtisadi problemlər yalnız valyuta bazarındakı dəyişikliklərlə məhdudlaşmır. Qiymət artımı, milli valyutanın ucuzlaşması və insanların gündəlik xərclərinin ağırlaşması ölkədə sosial narazılığı da gücləndirib.

Onun sözlərinə görə, 2025-ci ilin dekabrında Tehranda başlayan etirazların ilk dalğasında iqtisadi amillər mühüm rol oynayıb. Etirazlar əvvəlcə Tehran bazarında tacir və mağaza sahiblərinin rialın dəyər itirməsi və inflyasiyanın artmasına etirazı ilə başlayıb, daha sonra ölkənin digər şəhərlərinə yayılıb.

Arzu Qazıyeva bildirib ki, həmin dövrdə rialın dollar qarşısında rekord səviyyədə ucuzlaşması, qiymətlərin artması və iqtisadi qeyri-sabitlik əsas narazılıq səbəbləri sırasında olub. Böyük Britaniya hökumətinin 2026-cı ilin fevralında dərc etdiyi hesabatda da dekabr 2025–yanvar 2026 etirazlarının əsas səbəbləri sırasında inflyasiyanın artması və rialın kəskin dəyər itirməsi göstərilir.

Jurnalistin fikrincə, milli valyutanın bu miqyasda dəyər itirməsi İran iqtisadiyyatının qarşısında ciddi problemlərin dayandığını göstərir. Rialın zəifləməsi davam etdikcə idxal olunan məhsulların və gündəlik tələbat mallarının qiymətlərinə təzyiqin artması, bunun isə əhalinin sosial vəziyyətinə təsir göstərməsi gözlənilir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər