Dəqiq statistika — inamlı gələcəyin təminatıdır
Nurlan BAYRAMOV,
Zəngilan Rayon Statistika İdarəsinin aparıcı məsləhətçisi
Ümumdünya Statistika Günü 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilmiş və 5 ildən bir qeyd olunur. Bu il Azərbaycanda rəsmi statistikanın yaranmasının 105 illiyi ilə də əlamətdardır. Bu yubiley statistikanın dövlət idarəçiliyində, elmi tədqiqatlarda, iqtisadi və sosial inkişaf proseslərində oynadığı mühüm rolu bir daha önə çıxarır.
Müstəqil Azərbaycanda statistika sahəsinə həmişə xüsusi diqqət yetirilmişdir. Ümummilli lider Heydər Əliyev bu sahənin strateji əhəmiyyətini vurğulayaraq demişdir: “Dövlət Statistika Komitəsi mühüm dövlət orqanıdır.”
Ulu Öndərin siyasi kursunu yeni müstəvidə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də statistikaya daim böyük önəm verir. Prezidentimizin rəhbərliyi ilə ölkədə dövlət idarəçiliyində şəffaflıq, elmi və dayanıqlı əsaslara söykənən qərarvermə və rəqəmsallaşma istiqamətində mühüm islahatlar həyata keçirilmişdir. Bu prosesdə statistik məlumatlar əsas istinad mənbələrindən biri kimi çıxış edir.
Müasir dövrdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yeni texnologiyalardan istifadə edərək ölkənin sosial-iqtisadi göstəricilərini dəqiqliklə toplayır, təhlil edir və ictimaiyyətə təqdim edir. Bu göstəricilər ölkənin davamlı inkişaf strategiyasının hazırlanmasında və həyata keçirilməsində böyük rol oynayır.
Ümumdünya Statistika Günü yalnız bir bayram deyil — bu tarix statistikanın qlobal miqyasda dövlətlərin gələcəyi üçün nə qədər vacib olduğunu xatırladır. Dəqiq və etibarlı statistik məlumatlar güclü qərarların, dayanıqlı inkişafın və güclü dövlətin əsasını təşkil edir.
Bu əlamətdar gün münasibətilə statistik orqanlarında çalışan bütün həmkarlarımı ürəkdən təbrik edirəm!