Ebola epidemiyasının qarşısının alınmasını çətinləşdirir - ÜST
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasının şərqində davam edən müharibənin Ebola epidemiyasının qarşısının alınması istiqamətində səyləri ciddi şəkildə çətinləşdirdiyi barədə xəbərdarlıq edib və ölkədə dərhal atəşkəs elan olunmasına çağırıb.
ERAmedia xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus bildirib. Qeyd edib ki, Konqo Demokratik Respublikasının şərqində xəstəlik və münaqişənin davam etməsi nəticəsində ağır humanitar vəziyyət yaranıb. Onun sözlərinə görə, İturi əyalətində yayılan Ebola epidemiyası mövcud müdaxilə imkanlarını üstələyir. Baş direktor əlavə edib ki, Konqo Demokratik Respublikasında yayılan Bundibuqyo ştamına qarşı təsdiqlənmiş peyvənd və ya müalicə vasitəsi mövcud deyil. O vurğulayıb ki, yoluxmanın qarşısının alınması tam şəkildə humanitar yardımların bölgəyə çatdırılmasından asılıdır.
ÜST-nin məlumatına əsasən, Konqo Demokratik Respublikasında mayın 15-də epidemiyanın elan olunmasından bəri Ebola virusundan 10 təsdiqlənmiş ölüm halı qeydə alınıb. Bundan əlavə, 220 şübhəli ölüm və 900 ehtimal olunan yoluxma halı baş verib.
Xatırladaq ki, mayın 17-də ÜST Konqo Demokratik Respublikası və Uqandada Ebola epidemiyası ilə bağlı fövqəladə vəziyyət elan edib. Mayın 22-də isə təşkilat Konqoda risk səviyyəsinin çox yüksək olduğunu bildirib. ÜST rəhbəri qeyd edib ki, vəziyyəti mürəkkəbləşdirən əsas amillərdən biri virusun nadir variantının yayılmasıdır. Hazırda həmin varianta qarşı təsdiqlənmiş peyvənd və ya spesifik müalicə mövcud deyil.










