media-photo_5213457541747119120_y

media-photo_5463144451887795364_m

  • Rəsul Mirhəşimli

Bu məqalədə XII-XIII əsrlərdə yaşamış böyük sufi alimi və mütəfəkkir Fəridəddin Əttarın “Bu da keçər” məsnəvisini və onun təhlilini təqdim edəcəyik.

***
Qədim zamanlarda Qumlu Təpələr deyilən, quraq təbiəti və qızmar havası olan bir kənd vardı. Bir-iki quru ağacdan və yulğundan başqa bu kənddə yaşıllıq adında bir şey yox idi. Ağır iqlimi olan bu kənddə insanlar həyatlarını birtəhər keçirmək üçün mal-qara saxlamaqla məşğul idilər. Torpağın quraqlığı insanlara əkin-biçinlə məşğul olmağa imkan vermirdi.
Günlərin birində dərvişlərdən biri uzun və yorucu səhranı keçdikdən sonra bu kəndə yetişir. Kəndin aralığında dolaşarkən rastlaşdığı bir nəfərdən qarnını doyuracaq bir şey tapa biləcəyi və gecəni keçirəcəyi bir yerin olub-olmadığını soruşur. Adam kənddə belə bir yerin olmadığını söyləyir. Lakin dərvişi bir gecə qonaq saxlaya biləcək bir nəfərdən söz açır. “Şükür edən” anlamına gələn Şakir adında bir adamın evini nişan verir.
Dərviş adamın nişan verdiyi evə tərəf gedərkən bir dəstə adamla qarşılaşır və Şakirin ünvanını təkrar xəbər alır. Dəstədəki adamlardan biri Şakirin qonşu kənddəki Həddadın mal-qarasından daha artıq, mindən çox heyvanı olduğunu deyincə, dərviş Şakirin bölgənin ən zəngin insanı olduğunu anlayır.
Bir az gedəndən sonra dərviş Şakirin malikanəsinə yetişir. Evin qapısı önündə durub baxanda görür ki, bu var-dövlətdən heyranlıq duymamaq mümkün deyil. Şakir isə son dərəcə alicənab, qonaqpərvər bir insandır. Şakirin xanımı və qızı da ailənin sahibi kimi qonaqpərvərlik göstərir və qonaqlarının rahatlığı üçün əllərindən gələn hər şeyi edirlər.
Gecəni keçirib sabahısı evdən ayrılmaq istəyən dərvişə bir neçə gün də qalmağa israr edirlər, lakin dərviş bu təklifi qəbul etmədikdə yoluna azuqə hazırlayırlar. Dərviş səhraya dönüb yoluna davam edərkən bütün yolçuluğu boyu Şakirin söylədiyi bir söz qətiyyən ağlından çıxmırdı. Dərviş Şakirlə vidalaşarkən:

– Belə zəngin olduğun üçün Allaha şükürlər olsun, – dedikdə,
Şakir:

-Sən görünüşə aldanma, bu da keçər, – deyə cavab vermişdi.

Lakin dərviş Şakirin bu sözlərlə nə demək istədiyini anlaya bilməmişdi. Daha sonralar dərviş təsəvvüfdəki yolunu kamilləşdirəndə dərk etmişdi ki, gördüyü hər şeydə bir hikmət, bir dərs vardır. Başına gələn ən kiçik şey belə onun beynini dərindən məşğul edirdi. Beləcə, Şakirin bu sözləri də onun zehnini məşğul edir və dərviş bu sözlərdəki hikməti tam olaraq anlamadığını düşünürdü.
İbadət etmək və bir az düşünə bilmək üçün bir ağacın kölgəsində oturmuşdu ki, ağlına təsəvvüfdə öyrəndiyi bir şey gəldi. Əgər səssiz qalıb nəticəyə yetmək üçün tələsməzsə, gec-tez bir cavab tapa biləcəkdi. Bu səbəblə zehninin qapısını bu qayğılara qapadıb ruhunu dərin bir sükuta buraxdı.
Beləcə, tam beş il boyunca fərqli yerlərə etdiyi səyahətlər nəticəsində müxtəlif insanları tanıdı və xeyli təcrübə qazandı. Eyni zamanda, təsəvvüfün tələb etdiyi sükutu mühafizə etdi və qəlbinin səsinə qulaq verdi.
Günün birində dərvişin yolu yenidən Qumlu Təpələrdəki həmin kəndə düşür. Dərviş bu dəfə öyrənir ki, dostu Şakir qonşu kənddəki Həddadın qapısında qulluq edir. Bu xəbərdən çaşqın hala düşən dərviş Şakiri yenidən görmək sevinci ilə o kəndə getməyə qərar verir.
Kəndə yetişəndə Şakir yenə onu eyni sevgi ilə qarşılayır. Şakiri olduqca yaşlanmış və əynində yırtıq-sökük paltarla görəndə dərviş təəccüb edir. Heyrət içində nələr olduğunu öyrənmək istəyir. Şakirdən öyrənir ki, üç il öncə hər tərəfi sel basıb. Şakirin mal-qarası və evi azğın selin qurbanı olub. Bu seldən sağ qurtaran Həddad indi bölgənin ən zəngini idi və başqa əlacı qalmayan Şakir də ailəsi ilə birlikdə onun xidmətində çalışırdı.
Başlarına gələn bütün bu hadisələrə rəğmən dəyişməyən tək şey Şakir və ailəsinin qonaqpərvərliyi idi. Dərvişi bir neçə gün evində qonaq saxlamış, ayrılarkən heybəsinə bir neçə günlük azuqə yığmışdılar.
Dərviş dostu ilə vidalaşarkən onun və ailəsinin başına gələnlərdən üzgün olduğunu, fəqət bütün bunlarda Allahın bir hikməti olduğunu düşündüyünü söylədikdə, Şakir:
– Unutma, bu da keçər, – deyə onu təsəlli etmişdi.
Dərviş yola düşür, amma yenə Şakirin bu son sözü onun ağlından çıxmırdı: “Görəsən, bu sözlərlə nə demək istəyir Şakir?”
Gördükləri bir az öncə buralara səfərində təsdiqini tapmışdı. Bəs indi? Belə bir vəziyyətdə necə nikbin qalmaq olarmış? Beləcə, dərviş onun qəlbini parçalayan suallara cavab tapa bilmədən yoluna davam edir və hər şeyi zamanın öhdəsinə buraxır.
Yenə aylar keçir, dərviş hələ də yolçuluğuna davam edir. Qəribədir ki, bu yolçuluğunda yenə yolu Şakirin yaşadığı kənddən düşür. Bu səfər aradan yeddi il keçmiş və bu zaman içərisində Şakir əvvəlki zənginliyinə qovuşmuşdu. Artıq kiçik bir daxmada deyil, çox təmtəraqlı bir evdə yaşayırdı. Bundan bir neçə il əvvəl Həddad ölmüş və heç kimi olmadığı üçün bütün var-dövlətini Şakirə vəsiyyət etmişdi.
Bu ziyarətdən sonra dərvişin niyyəti Məkkəyə – Həcc ziyarətinə getmək idi. Bu niyyət ariflər arasındakı bir ənənədir. Bu dəfə də Şakir ilə dərviş danışarkən yenə əvvəlki hal dəyişməmişdi: “Bu da keçər”.
Həccdən qayıtdıqdan sonra dərviş Hindistana gedir və oradan da vətəninə dönür. Bu dəfə də yenə daha nələrin olduğunu öyrənmək üçün Şakiri yenidən ziyarət etməyi qərara alır. Qumlu Təpələrə çatanda Şakirin kəndçilərindən onun harada olduğunu soruşduqda, dərvişə üzərində “Bu da keçər” sözləri yazılmış sadə bir məzar göstərirlər.
Dərviş bu dəfə əvvəlkilərdən də çaşqındır. “Zənginlik gəlir-keçər, lakin bir məzar, ölüm necə dəyişə bilər ki?” – deyə qəlbində düşünür…
Bu andan etibarən dərviş Şakirin qəbrini hər il ziyarət etməyə və orada bir müddət düşüncələr içərisində vaxtını keçirməyə qərar verir. İlk ziyarətində qəbiristanlığı sel basdığını və təbii ki, Şakirin də məzarının bu sellə axıb getdiyini görür. Artıq dərviş həyat dərslərini öyrəndiyi dostunun məzarından da məhrum olmuşdu.
Xarabaya dönmüş məzarlıqda gözlərini torpağa dikib bir neçə saat düşüncələrə dalır. Sonra başını göyə qaldırıb səssizcə mızıldanır: “Bu da keçər”.
Aradan illər keçmiş, artıq dərviş çox yaşlanmışdı. Ömrünün qalan qismini bir yerə sığınıb sükut içərisində keçirməyə qərar vermişdi. Bir müddət də keçmiş dərvişin mürşidlik sorağı ətrafa yayılmış və yanına təcrübə öyrənmək istəyən müridlər toplanmışdı.
O günlərdə ölkənin hökmdarı özünə layiq olan bir üzük düzəltdirməyi əmr edir. Üzük elə gözəl olmalı idi ki, ümidsiz olanda onun ümidini artırsın, sevincli olanda isə ona hüzn gətirsin. Ölkənin bütün tanınmış adamları yığışmış, hərəsi bir kəlmə demiş, ətrafa adam salıb qiymətli kəlamlar toplamış, lakin yenə də padşahı razı sala bilməmişdilər.
Padşahın vəziri həmin o mürşidin adına məktub yazır və onu bu müşkülü çözmək üçün saraya dəvət edir. Bu yardım dəvətinə dərviş evindən ayrılmadan məktubla cavab verir.
Bir neçə gün sonra padşaha zümrüddən hazırlanmış qiymətli bir üzük təqdim edilir. Neçə gündən bəri ümidsizliyə düçar olmuş padşah üzüyü alır və könülsüzcə barmağına taxır. İlk dəfə üzüyü görəndə keçirdiyi ümidsizliyin yenə təkrarlanacağını duyub qəlbi sıxılır. Lakin birdən xəfifcəsinə gülümsəməyə başlayır hökmdar. Bu gülüş birdən qəhqəhəyə çevrilir və sarayı başına götürür. Sultanı ürəkdən gülməyə məcbur edən üzüyün üzərindəki bu yazı idi: “Bu da keçər!”

***

Poetik ifadə və mistik duyğular bir-birindən kəskin şəkildə fərqlidir. Birincisi özünü ifadə və özünü təsdiqi bədii təsvir və bədii ifadə vasitələri ilə ortaya qoymaqdırsa, mistik duyğu insanın içindəki “mən”ini Həqiqətin nurunda yox etmək və bu nura qarışmaqdır. Haqqında danışacağımız bu dünyagörüşün adı təsəvvüfdür.

Təsəvvüfün təşəkkülü və inkişafı tarixinin təhlilinə geniş yer ayırmadan Şərq mədəniyyətinin mühüm hissəsini təşkil edən sufi ədəbiyyatı üzərində dayanacağıq. Lakin öncə bu tarixi zəruri edən bəzi amilləri sadalamaq lazım gəlir.

Sufiliyin yaranmasını zəruri edən amilləri araşdıran alimlərin böyük əksəriyyəti bu səbəbi Raşidi xəlifələrin (Həzrət Peyğəmbərdən (s) sonra xilafətə başçılıq etmiş ilk dörd xəlifə belə adlanır. “Böyük xəlifələr” anlamına gələn bu ifadə Həzrət Əbubəkr (r.a.), Həzrət Ömər (r.a.), Həzrət Osman (r.a.) və Həzrət Əlinin (ə) adı ilə bağlıdır – R.M.) hakimiyyətindən sonra xilafəti zorla ələ almış Əməvi sülaləsinin həyata keçirdiyi kütləvi zülmkarlıq, ədalətsizlik və haqsızlıqlarla əlaqələndirirlər.

Bu fikrin üzərində daha geniş araşdırmalar aparan Y. Bertels bu iddianın üzərində daha israrla dayanır. Əməvilər sülaləsinin daşıyıcıları olan Üməyyə oğulları tayfası iman üzərində başlatdığı savaşın başçıları kimi tanınır. Əməvi sülaləsinin zorakılıq mexanizminə etiraz edən mühəddislərdən (hədis söyləyənlər – R.M.) başlayan bu hərəkat daha sonra orta əsrlərdə ilkin sufi məktəblərinin yaranması ilə nəticələndi.

Əməvi zülmündən baş götürüb səhralara üz tutanlara tərki-dünya adını verdilər. Onu da qeyd edək ki, tərki-dünyalıq istilahına münasibətdə araşdırıcıların nəzəri dünyagörüşündə fikir ayrılıqları mövcuddur. Sufilərin tərki-dünyalığını Qərb fəlsəfəsinin görkəmli nümayəndəsi, alman filosofu İ. Kantın transsendentalizmi ilə oxşar sayan alimlər də var. Bu nəzəriyyənin daha doğru olduğunu sufiliyin qaynağının İslam dini olması ilə sübuta yetirmək mümkündür. Sufilərin bu həyat tərzini Məhəmməd Peyğəmbərin (s) risalətdən əvvəl Hira mağarasında inzivaya (xəlvətə) çəkilməsinin təqlidi kimi qiymətləndirirlər.

(Ardı var)


media-adspc

Bənzər xəbərlər