İsa Həbibbəyli Qəbələdə aparılan arxeoloji tədqiqatlarla tanışlıq olub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda aparılan arxeoloji qazıntı işləri ilə tanış olub.
ERAmedia-ya AMEA-dan bildirilib ki, tədbirdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev və ekspedisiya üzvləri də iştirak ediblər.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin müdiri, Qəbələ Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev Qədim Qəbələnin Qala adlanan ərazisində cari dövrdə aparılan qazıntılar və onların ilkin elmi nəticələri barədə ətraflı məlumat verib. Professor bildirib ki, Qədim Qəbələdə aparılan qazıntılar zamanı saray tipli ictimai binanın qalıqları aşkar olunub. Aşkar olunan tikilinin uzunluğu 18 metr, hündürlüyü 1,8 metrdir və onun daha böyük kompleksin bir hissəsi olduğu ehtimal edilir. Tədqiqat aparılan 220 kvadratmetrlik sahədə erkən orta əsrlərdən XVIII əsrədək olan dövrü əhatə edən dörd tikinti qatı və döşəmə qalıqları qeydə alınıb. Bununla yanaşı, müxtəlif təyinatlı keramika nümunələri, o cümlədən şirli və şirsiz məişət qabları aşkar edilib.
Sonda Qəbələnin arxeoloji irsinin tədqiqi, maddi mədəniyyət nümunələrinin qorunması və arxeoloji qalıqların konservasiyası ilə bağlı fikir mübadiləsi aparılıb, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli arxeoloji tədqiqat sahələrinin daha da genişləndirilməsinin vacibliyini bildirib, müvafiq tövsiyə və tapşırıqlarını diqqətə çatdırıb.










