İstiqrazlara növbəti ödəniş edilib - SOCAR
Bu gün SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları üzrə ikinci faiz ödənişi edilib (Emissiya Prospektinə əsasən, qeyri–iş gününə təsadüf edərsə, kupon ödənişi növbəti ilk iş günü həyata keçirilir).
ERAmedia “SOCAR Capital” şirkətindən verilən məlumata əsasən bildirir ki, 2-ci faiz ödənişi nəticəsində 3 milyon dollar məbləğində vəsait artıq istiqraz sahiblərinin hesablarına köçürülüb.
Cari ilin 15 yanvar tarixində ölkəmizin yaşıl enerji sahəsində atdığı geniş və məqsədyönlü addımlara töhfə vermək məqsədilə SOCAR tərəfindən emissiya edilmiş “yaşıl” təyinatlı istiqrazlar investorların böyük marağına səbəb olub. Bu ilin 7 mart tarixindən etibarən təkrar bazar əməliyyatlarına start verilən və daxili kapital bazarlarında növbəti dəfə böyük canlanmaya səbəb olan SOCAR-ın “yaşıl istiqraz”ları ilə Bakı Fond Birjasında (BFB) bu günədək 16 milyon dollar məbləğində 370-dən çox əqd bağlanıb.
SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında təqribən 81 milyon dollar məbləğində ticarət aparılıb. Bağlanan əqdlərin sayı 1475-dir (BFB-də korporativ istiqrazlar üzrə baş tutan əqdlərin 53,5 faizini təşkil edib).
Qeyd edək ki, SOCAR istiqrazlarının ilk buraxılışından (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 47 milyon 875 min dollar məbləğində faiz ödənişi edilib.
“ABB İnvest” investisiya şirkətinin marketmeykeri olduğu SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları illik 6 faiz gəlirliliklə 5 illik müddətə buraxılıb. İstiqrazlar bütün vergilərdən azaddır, kupon ödənişləri hər 3 aydan bir ödənilir və müddətin sonunda sahiblərinə ümumilikdə 60 milyon dollar gəlir qazandıracaq.