media-1755157895_news_20250722020039
Əvvəli LİNK
1984-cü ilin oktyabrında hərbi xidmətə yollandım. 6 ay Çelyabinsk vilayətində tədris hərbi hissəsində, il yarım isə Volqaqradda hərbi xidmət keçəndən sonra 1986-cı ilin dekabrında Vətənə qayıtdım. Bir az istirahət edib Şamaxı Yol istismar idarəsində fəhlə kimi işə düzəldim. Gündüz işləyir, işdən sonra isə ciddi – cəhdlə oxuyur, imtahanlara hazırlaşırdım. Rayonumuzda çıxan “Yeni Şirvan” qəzetində və respublikanın bəzi mətbuat orqanlarında mütəmadi yazılarım, şeirlərim çap olunurdu. Özumə əmin idim, öz biliyim və savadımla ali məktəbə qəbul olunacağıma inanırdım. Zatən başqa yolum da yox idi. Ailə vəziyyətimiz, maddi imkanlarımız digər yolları mümkünsüz edirdi. Budur, 1987-ci ilin yayı, qəbul kampaniyası başlayıb.
Əfsus ki, bu dəfə də jurnalistikaya sənəd vermək arzum baş tutmur. Çünki xarici dildən imtahan vermək lazımdı. Əvvəldə dediyim kimi, mənim attestatımda xarici dili fənni öyrənilməmiş kimi yazılıb. Filologiyada isə bir balaca güzəşt var. Deməli, jurnalistikadan fərqli olaraq burada xarici dildən imtahan vermək məcburi deyil. Bizim kimi xarici dil keçməyən abituriyentlərə digər imtahanları verə bildiyi halda, xarici dildən avtomatik “3” yazılırdı. Beləliklə, sənədlərimi Universitetin filologiya fakültəsinə verib imtahanlara qatıldım. Azərbaycan dili və ədəbiyyatın yazılı və şifahisindən, eləcə də tarixdən 4 aldım. Xarici dildən isə avtomatik olaraq 3 yazıldı. Müsabiqə böyük olduğu üçün qəbul ola bilmədim. Sanki tale özü qəsdən bu fakültələrə yolumu bağlayır, həyatımı dəlicəsinə arzusunda olduğum jurnalistikaya, ordan da Teleradioya hazırlayırdı.
1988-ci il. Əlbəttə, bu ildən başlayaraq respublikamızda hansı hadisələrin baş verdiyi, nələrin yaşandığı hamıya məlumdur. Ona görə də mən bu barədə heç nə deməyəcəm. Amma ali məktəblərə , konkret olaraq Universitetə qəbulda bəzi yeniliklər baş vermişdi. Dediyim fakültələrə sənəd vermək üçün iki il iş stajı tələbi, jurnalistika üçün məqalə – filan ləğv olunub, xarici dil imtahanı da götürülüb. Beləcə, bu dəfə sənədlərimi jurnalistika fakültəsinə verə bildim. Cəmi üç imtahan vardı. Həmişəki kimi Azərbaycan dili və ədəbiyyatından inşa (esse) və şifahi, bir də tarix şifahi. “N.Gəncəvinin əməkçi insan surətləri ” mövzusundakı inşa yazısından 5/5 alıb, növbəti imtahana keçdim. Həmin il qəbulda obyektivlik və şəffaflığı təmin etmək üçün şifahi imtahanda dəyişiklik olmuşdu. İndi imtahan, əvvəllər olduğu kimi, bilet cəkib sualları cavablandırmaq formatında deyildi. Bileti götürürdün, dil -ədəbiyyatın hərəsindən 2 sual olmaqla cavabları yazmaq üçün abituriyentlərə 2 saat vaxt verilirdi. Abituriyentlər suallarla bağlı bütün bildiklərini 2 saat ərzində üstü stamplı ağ vərəqlərə yazırdı. Ondan sonra yazılar yığılır, müəllimlər baxıb yoxlayır, lazım bilsələr, bir -iki sual cavab edib qiymətləndirmə aparırdılar. Dil – ədəbiyyatdan şifahi imtahanı rəhmətlik Qulu Xəlilov və dilçi – alim Elbrus Əzizov götürürdü. Mənim biletimin mövzuları “N.Nərimanovun həyat və yaradıcılığı”, “S.Vurgunun “Muğan”poemasının bədii təhlili “, Azərbaycan dilindən isə biri cümlə təhlili olmaqla iki sual idi. Beləcə, vaxt yetişdi. Qulu müəllim yazdıqlarımı oxuyub, üzündəki məmnunluq ifadəsi ilə Elburus Əzizova ötürdü. O da cavabları gözdən keçirdikdən sonra Qulu müəllim: “oğlum, sənə yağlı bir 4 yazırıq, get uğur olsun!”- deyib, qələmi imtahan vərəqinə çəkdi. Elə dördün bir xəttini çəkmişdi ki, həyəcanla dedim: “Müəllim dayanın, 4 yazmayın, mən 5 istiyirəm”. Musabiqə vəziyyətini təxmini bilirdim, jurnalistika fakültəsinə 25 plan yerinə qarşı 800 sənəd verilmişdi. Bu vəziyyətdə məni bu imtahandan da yalnız 5 almaq xilas edə bilərdi. Həm də növbəti tarix imtahanından dörddən artıq qiymət alacağıma əmin deyildim. Həmin an sanki mənə vəhy gəldi, bədahətən şeir deyib əla qiymət yazmalarını istədim:
Qəlbim yaman dolub mənim,
Müəllim, qiymət yaz, qiymət yaz.
Xoş arzuma olma qənim,
Müəllim, qiymət yaz, qiymət yaz !-deyəndə Qulu müəllim əlini saxladı. “A bala, qiymət istəyirsən, biz də yazırıq daa”-dedi. İlhamım gəlmişdi, ürəyim dolu idi. Qiymət yaz deyəndə, beş nəzərdə tuturam,-dedim.
Hər il düşürəm konkursa,
Tay – tuşum çatıb son kursa,
Əgər sizdə insaf varsa,
Müəllim, qiymət yaz, qiymət yaz ! – deyəndə Qulu müəllim qeyzləndi. Bir az əsəbi halda ded: “ay oğul, bura şeir müsabiqəsi deyil ki, hərə bir şeir deyib qiymət alsın, bu imtahandı”. Mən isə artıq heç nəyə baxmır, davam edirdim.
Ədəbiyyat din -imanım,
Həqiqətdir, necə danım ?
Başqa yerə yox gümanım-
Müəllim, qiymət yaz, qiymət yaz.
Şamaxıdan yol gəlmişəm,
Söz sarıdan bol gəlmişəm,
Salıb qalmaqal, gəlmişəm –
Müəllim, qiymət yaz, qiymət yaz!
Mən şairəm, qəlbim incə,
Əl çəkmərəm ta ölüncə,
Heç qoymaram sizi dincə –
Müəllim, qiymət yaz, qiymət yaz!
media-608001668_1545033443439189_1244637650922468472_n
Bu bəndi deyəndə rəhmətlik Qulu Xəlilov – o böyük insan, işıqlı şəxsiyyət, – nədi a bala, bizə hədə -qorxu gəlirsən? – dedi. Əlbbəttə, o bunu ciddi mənada yox, zarafatyana, bir az da qayğıkeşliklə söyləyirdi. Deyəsən tutuzdura bilmişdim, müəllimlər də yumşalmışdı. Ona görə də Qulu müəllim mənə baxıb: “həə, bitdi, yoxsa yenə sözün var?” – deyə sual etdi. Qulu müəllim, tapşırması, möhürbəndi qalıb, qoyun onu da deyim.
Mən İlhamam, bəyan halım,
Güzarına düşdü yolum,
Qələminə qurban olum –
Müəllim, qiymət yaz, qiymət yaz!
media-607931838_1545033476772519_7257460276260357658_n
Şeirdən ayılıb başımı qaldıranda, bir də onu gördüm ki, Qulu müəllim kövrəlib, gözündən yaş axır. Görürəm, dedi -a bala, çox istedadlı, zəhmətkeş oğlansan. Suallara da ətraflı cavab yazmısan. Qayda belədi ki, 5 yazmaq üçün imtahan komissiyasının rəyi və razılığı olmalıdır. Ona görə də çıx dəhlizə, Pənah müəllimi, Xəlilovu tap, vəziyyəti ona de. Pənah Xəlilovu həyatda görməsəm də, adı tanış idi. O vaxtlar 10-cu sinif Ədəbiyyat dərsliyinin də müəllifi Pənah müəllim idi. Durub otaqdan çıxdım, qapını örtəndən sonra ağlıma gəldi ki, birdən mən gedərəm, dördü yazarlar. Tez geri qayıtdım. Qulu müəllim, birdən mənə 4 yazarsız haa. Qulu müəllim eynəyinin üstündən mənə baxıb amiranə səslə: “sən bizi nə hesab edirsən əə!” – dedi. Dəhlizə çıxıb Pənah müəllimi axtarmağa başladım. İnzibati binanın dəhlizində qapılardan birinin qarşısında stol və stul qoyulmuşdu. Stolun yanında yəqin ki, laborant olan bir xanım dayanmışdı. Pənah müəllimi soruşdum, buralardadı, indi gələr dedi.
ARDI VAR …
İlham ZEYNALLI,
Jurnalist-publisist

media-adspc

Bənzər xəbərlər