media-493717383_1364507718158430_2119944860090496878_n
Əziz və dəyərli dostlar! Yola saldığımız 2025-ci il ölkəmizin mədəni-ictimai həyatında bir sıra mühüm hadisələrlə yaddaqalan oldu. Ötən ilin önəmli hadisələrindən biri də,heç şubhəsiz ki, Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi idi. Xüsusən jurnalist cameəsi və media nümayəndələri üçün. İlk günlərini yaşadığımız 2026- cı il isə daha bir əlamətdar hadisənin -Azərbaycan Radiosunun 100, ana televiziyamızın isə 70 illik yubileyi ilidir. Bu il həm də mənim 60 yasım, teleradio fəaliyyətimin isə 34 ili tamam olur. Ona görə də biz teleradio əməkdaşları üçün olduqca əlamətdar olan bu yubiley ilinin başlanğıcında jurnalistikaya necə başladığım, tələbəlik illəri, AzTV-yə gəlişim,burda çalışdığım illər, keçirdiyim acılı – şirinli günlər barədə yazmaq istədim. Düşünürəm ki, sayğıdəyər dostlar üçün maraqlı olar.  Beləliklə, başladıq.
BİRİNCİ YAZI
Orta təhsilimə 1974-cü ildə yaşadığımız Şamaxı rayonunun Əngəxaran kəndində başlamışam. Mən birinci sinfə gedəndə sinif yoldaşlarımın 7, mənim isə 8 yaşım vardı, yəni bir il gecikmişdim. Bu faktı ona görə xüsusi qeyd edirəm ki,bu gecikmə, gec qalmaq sonralar bütün karyeram və həyatım boyu məni qarabaqara izləyəcəkdi. Məktəbimiz səkkizillik olduğu üçün orta təhsilimi tamamlamaq üçün 9-10-cu sinifləri qonşu Məlhəm kəndində oxudum. Bəzən qarlı-saxtalı qış aylarında nəqliyyat işləmədiyi üçün 6-7 km yolu piyada gedib -gəlməli olurduq. 1984-cü ilin yayında-hələ buraxılış imtahanları başa çatmamıs mənə hərbi xidmətə çağırış vərəqi gəldi. Dedim axı, məktəbə bir il gec getdiyim üçün artıq 18 yaşım tamam olurdu. Məktəbin direktoru rəhmətlik İslam müəllimin buraxılış imtahanlarında olduğumla bağlı verdiyi arayışı hərbi komissarlığa təqdim edib payız çağırışına qədər möhlət aldım. Qeyd edim ki, o vaxtlar hərbi xidmətə çağırış yaz və payız çağırışı olmaqla, ildə iki dəfə keçirilirdi. Beləcə ,orta məktəbi bütün fənlərdən əla qiymətlərlə bitirib həyatımın yeni mərhələsinə qədəm qoydum.
Lap uşaq yaşlarından arzum Universitetin jurnalistika fakültəsində oxumaq, jurnalist olmaq idi və özümü yalnız bu arzuya, bu məqsədə kökləmişdim.Amma həmin il jurnalistika fakültəsinə sənəd verə bilmədim. Çunki o vaxtlar Universitetin (indiki BDU)hüquq,jurnalistika və şərqşünaslıq fakültələrinə sənəd vermək üçün iki il iş stajı tələb olunurdu. Oğlanlar üçün iki illik hərbi xidmətdə olma da keçərli idi. Üstəgəl jurnalistika üçün dövri mətbuatda dərc olunan yazılar və redaksiya zəmanəti tələb olunurdu. Oxşar ixtisas olaraq Universitetin filologiya fakültəsinə sənəd verməyim də heç cürə alınmadı. Məsələ onda idi ki,həmin il filologiyaya qəbul üçün xarici dildən imtahan vermək mütləq idi. Biz öz məktəbimizdə kadr yoxluğu üzündən ala – yarımçıq ingilis dili keçmişdik. Qonşu Məlhəm kəndində isə xarici dil kimi fransız dili keçirilirdi. Dediyim kimi,elə burda da fasilələrlə və ala – yarımçıq .Ona görə də attestatımda “xarici dil “qrafasının qarşısında “öyrənilməmiş ” yazılmışdı. Beləcə valideynlərimin təkidi ilə heç istəmədən, çar-naçar sənədlərimi Lenin adına APİ -nin (indiki ADPU )filologiya fakültəsinə verməli oldum .Burada xarici dil imtahanı yox idi.Azərbaycan dili və ədəbiyyatı yazılı (inşa ) və şifahi, tarix şifahi və rus dili şifahi imtahanlar idi. İnanın səmimiyyətimə, heç ürəyimcə deyildi, ora qəbul olunmaq istəmirdim. Allaha yalvarırdım ki, kaş alınmasın. Belə də oldu. Azərbaycan dili və ədəbiyyatın yazılı və şifahisindən 4, tarix və rus dilindən isə 3 aldım. Müsabiqdən keçməyib kəndə qayıtdım. İndi məni tezliklə qarşıda uzaq Rusiyada ikiillik hərbi xidmət gözləyirdi…
ARDI VAR …
İlham ZEYNALLI,
Jurnalist-publisist

media-adspc

Bənzər xəbərlər