Yəməndə müharibənin yeni mərhələsi: Hədəf Qırmızı dənizdə nəzarətdir
Yəməndə baş verən son proseslər Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilində yerləşən Yanbu limanı vasitəsilə neft ixracını təmin etmək məqsədi ilə əlaqələndirilə bilər.
ERAmedia xəbər verir ki, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu hesab edir ki, Yəmən husilərinin uzun müddətdir Qırmızı dənizdə İsrail və onun müttəfiqlərinə yük aparan gəmilərə qarşı hücumları bölgədə gəmiçiliyin təhlükəsizliyi məsələsini daha da aktuallaşdırıb.
Onun sözlərinə görə, 2025-ci ilin martında ABŞ husiləri sahildən uzaqlaşdırmaq və onların gəmiçiliyə qarşı fəaliyyətini dayandırmaq məqsədilə bir neçə həftəlik hava əməliyyatları həyata keçirsə də, bu, gözlənilən nəticəni verməyib.
Kənan Rövşənoğlu bildirir ki, bu ilin iyunun 25-26-da baş verən eskalasiyadan sonra husilər və İran tərəfindən Bab əl-Məndəb boğazının ABŞ və müttəfiqləri üçün bağlanacağı ilə bağlı açıqlamalar verilib.
“Qırmızı dənizdə gəmi hərəkətini açmaq üçün husiləri uzaqlaşdırmaq lazımdır. Bunun üçün yeganə yol quru əməliyyatıdır. Çünki havadan ABŞ, İsrail, Böyük Britaniya və Avropa İttifaqı qüvvələri bunu edə bilmədi”, – deyə jurnalist qeyd edib.
Onun fikrincə, bu məsələ Səudiyyə Ərəbistanının neft ixracı ilə bağlı strategiyası baxımından da xüsusi əhəmiyyət daşıyır. Kənan Rövşənoğlu hesab edir ki, Fars körfəzindən, xüsusilə Hörmüz boğazı istiqamətindən neft ixracı ilə bağlı yaranan risklər fonunda Qırmızı dəniz marşrutu Ər-Riyad üçün daha əhəmiyyətli alternativə çevrilə bilər.
Jurnalist xatırladıb ki, 2015-2022-ci illərdə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi, 10 ölkənin daxil olduğu koalisiya Yəməndə husilərin hakimiyyətini devirməyə çalışsa da, bu cəhd nəticə verməyib.
Kənan Rövşənoğlunun qənaətinə görə, hazırkı vəziyyət əvvəlki dövrlə müqayisədə daha mürəkkəbdir. Çünki Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyi məsələsi artıq təkcə Yəmən daxilindəki qarşıdurma ilə deyil, regional neft ixracı və daha geniş geosiyasi maraqlarla əlaqəlidir.
O qeyd edib ki, Yəməndə mümkün hərbi əməliyyatlara Türkiyə və Pakistan kimi ölkələrin açıq şəkildə qoşulması ciddi beynəlxalq reaksiyaya səbəb ola bilər. Bu səbəbdən belə bir iştirakın ən azı açıq formada baş verməsi ehtimalını aşağı qiymətləndirir.
Jurnalistə görə, husilərin neft terminallarına qarşı hücumları isə narahatlığı daha da artırır və bu səbəbdən müxtəlif tərəflərdən artıq xəbərdarlıqlar və qınaq bəyanatları səsləndirilir.
Kənan Rövşənoğlu Yəməndəki siyasi vəziyyətin Qərb və ərəb mediasında təqdim olunmasına da diqqət çəkib. Onun fikrincə, husilər bir sıra hallarda yalnız marginal və üsyançı qrup kimi təqdim edilir. Jurnalist isə hesab edir ki, Ənsarullah uzun illərdir Yəmənin əhəmiyyətli hissəsinə nəzarət edən əsas siyasi-hərbi qüvvədir və ölkədə bir sıra tayfa və siyasi təşkilatlarla ittifaq münasibətlərinə malikdir.
Onun sözlərinə görə, Yəməndəki qarşıdurmanı sadəcə “husi üsyançıları ilə ərəb qüvvələri arasındakı müharibə” kimi təqdim etmək düzgün deyil. Burada bir tərəfdə Ənsarullahın nəzarət etdiyi ərazilər, digər tərəfdə isə beynəlxalq səviyyədə tanınan Yəmən hakimiyyəti və onun əsas regional sponsoru olan Səudiyyə Ərəbistanı dayanır.
Kənan Rövşənoğlu əlavə edib ki, Ənsarullahı İran açıq şəkildə dəstəkləyir, Rusiya və Çinin mövqeyi isə daha çox dolayı xarakter daşıyır.
Jurnalist Qırmızı dənizdəki hərbi qarşıdurmanın daha geniş beynəlxalq iştirakla müşayiət olunduğunu vurğulayaraq, Yəməndə baş verənlərin artıq yalnız yerli və ya regional münaqişə çərçivəsində qiymətləndirilə bilməyəcəyini bildirib.
Onun qənaətinə görə, Yəməndəki proseslər Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyi, Səudiyyə Ərəbistanının alternativ neft ixrac marşrutları və Yaxın Şərqdə böyük dövlətlərin geosiyasi rəqabəti ilə birbaşa əlaqəlidir.
Əli Fərhad










