Bu həkimlər barəsində cinayət işi məhkəməyə göndərildi
Saxta tibbi sənədlər əsasında müavinətlərin ödənilməsini təşkil etməkdə təqsirləndirilən şəxslər barəsində istintaq yekunlaşıb
ERAmedia-ya bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Seymur-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, eyni zamanda, həmin MMC-yə məxsus “General Hospital” klinikasının baş həkimi Rüstəm İsmayıl oğlu Mikayılovun və Bakı şəhəri 42 nömrəli (keçmiş 13 nömrəli) şəhər poliklinikasında sahə həkimi işləmiş Səmayə Asif qızı Əşrəfovanın qanunsuz əməlləri ilə bağlı cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
İbtidai istintaqla Rüstəm Mikayılov və Səmayə Əşrəfovanın 2017-2024-cü illərdə qeyd edilən vəzifədə işlədikləri dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə onlara müraciət edən çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almaqla həmin şəxsləri müvafiq müayinələrdən keçirmədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə tibbi sənədlər təqdim etmələrinə, qeyd olunan sənədlər əsasında müavinətlərin ödənilməsinə, habelə Rüstəm Mikayılov tərəfindən rüşvət qismində alınmış pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rüstəm Mikayılova Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), Səmayə Əşrəfovaya isə həmin Məcəllənin 308.2, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham elan edilib və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Bundan başqa, hüquqi şəxs “Seymur-M” MMC barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərar qəbul edilib və Rüstəm Mikayılova məxsus əmlak üzərinə həbs qoyulub.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Eyni zamanda, cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslərlə bağlı cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.









