Ermənistanda “Rus evləri” planı: Paşinyan hansı məntiqlə razılaşıb?
Rusiyanın Federal Agentliyi olan “Rossotrudniçestvo”nun rəhbəri İqor Çaykanın Ermənistanla Rusiya arasındakı münasibətləri “normal” adlandırması diqqət çəkib.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, bu açıqlamanın arxasında “Rossotrudniçestvo”nun Ermənistanla bağlı planları dayanır.
Onun sözlərinə görə, təşkilat Ermənistanın Artaşat və Aştarek şəhərlərində “Rus evləri” açmağı planlaşdırır:
“Rusiya rəsmilərinin az qala tamamı Ermənistan hakimiyyəti haqqında tənqidi fikirlər səsləndirərkən, “Rossotrudniçestvo”nun rəhbərinin iki ölkə arasındakı münasibətləri normal adlandırması təsadüfi deyil. Bunun səbəbi sadədir: “Rossotrudniçestvo” Ermənistanın iki şəhərində – Artaşat və Aştarekdə “Rus evləri” açacaq. Ona görə də təşkilatın rəhbəri münasibətlərin normal olduğunu bildirir”.
Elxan Şahinoğlu qeyd edib ki, “Rus evləri”nin müxtəlif ölkələrdə hansı məqsədlərə xidmət etdiyi ilə bağlı suallar mövcuddur.
“Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə “Rus evləri”nin fəaliyyəti dayandırılıb. Buna baxmayaraq, “Rossotrudniçestvo” Ermənistanla yanaşı müxtəlif ölkələrdə daha 11 “Rus evi” açmağı planlaşdırır”, – deyə siyasi şərhçi vurğulayıb.
Elxan Şahinoğlu hesab edir ki, bu vəziyyət Ermənistanın Rusiyanın təsir alətlərindən uzaqlaşmaq siyasəti ilə bağlı suallar yaradır.
“Görəsən, Rusiyanın Ermənistana təsir alətlərini neytrallaşdırmağa çalışan baş nazir Nikol Paşinyan hansı məntiqlə ölkəsində yeni “Rus evləri”nin açılmasına icazə verib?” – deyə o sual edib.
Mələk Onur










