media-1518094063_xelil-rza-2

Azərbaycan poeziyasında özünəməxsus dəst-xətti və prinsipial mövqeyi ilə seçilən Xəlil Rza Ulutürkün həyatı yalnız yaradıcılığı ilə deyil, dilə, milli kimliyə və azadlıq ideallarına münasibəti ilə də yadda qalıb.

ERAmedia xəbər verir ki, Xəlil Rza Ulutürk hələ yeniyetmə yaşlarından poeziyaya maraq göstərib və 15 yaşında ilk şeirini qələmə alıb. “Kitab” adlanan həmin əsər onun gələcək yaradıcılıq yolunun başlanğıcı sayılır. Şairin şəxsi həyatında da ədəbiyyat mühüm yer tutub. O, gələcək həyat yoldaşı Firəngizlə tələbəlik illərində tanış olub və onların arasında üç kurs fərqi olub.

Xəlil Rza üçün Azərbaycan dili sadəcə ünsiyyət vasitəsi deyil, milli varlığın əsas dayaqlarından biri idi. Milli azadlıq hərəkatının fəallaşdığı dövrdə o, ana dilinin qorunmasına xüsusi həssaslıq göstərir, gündəlik danışıqda yabançı sözlərin həddindən artıq işlədilməsinə etiraz edirdi.

Şairin bu mövqeyi bəzən özünəməxsus cəzalandırma üsulları ilə müşayiət olunurdu. Azərbaycan dilində danışarkən yad sözlərdən istifadə edənlərə simvolik olaraq cərimə tətbiq edir, toplanan vəsait isə şairlərin məclislərində xərclənirdi. Əksinə, səlis və təmiz Azərbaycan dilində danışanları mükafatlandırırdı. O, həmçinin dilin imkanlarını genişləndirmək üçün yeni sözlər yaratmağa böyük maraq göstərirdi.

Milli kimlik məsələsində prinsipial mövqeyi onun soyadlara münasibətində də özünü göstərirdi. Xəlil Rza “-ov” və “-yev” sonluqlarından imtina edərək “Ulutürk” soyadını qəbul etmişdi. Bu seçim onun milli düşüncəsinin və özünüifadəsinin mühüm göstəricilərindən biri kimi yadda qalıb.

Sərt və açıq danışıq tərzi səbəbindən şairin çıxışları da həmişə diqqət mərkəzində olurdu. Yazıçılar Birliyində keçirilən toplantılarda söylədiyi kəskin fikirlər bəzən iştirakçıların iclası tərk etməsinə səbəb olurdu. O, 1960-cı illərdə Azərbaycan Yazıçılar İttifaqında müxtəlif vəzifələr tutan nüfuzlu yazıçıları tənqid edir, onları “iribuynuzlu feodallar” adlandırırdı. “Boşqab dibi yalayanlar” və “Maygülü” kimi ifadələr də onun dilində tez-tez səslənən sözlərdən idi.

Xəlil Rza Ulutürk 1960-cı illərdən etibarən inqilabçı ruhlu poeziyanın nümayəndəsi kimi tanınmağa başlamışdı. Sonrakı illərdə milli azadlıq düşüncəsi onun yaradıcılığının və ictimai mövqeyinin əsas istiqamətlərindən birinə çevrildi. Lefortovo həbsxanasından qayıtdıqdan sonra “Ulutürk” adını qəbul etməsi də onun həyat və yaradıcılıq yolunda simvolik mərhələlərdən biri oldu.

Şairin vətənpərvər düşüncəsi şəxsi həyatında yaşadığı ağır hadisələr zamanı da özünü göstərirdi. Şəhid oğlu Təbrizin dəfn mərasimində gəlininə müraciəti onun övlad itkisinin ağrısı ilə yanaşı, şəhidlik anlayışına verdiyi yüksək mənanı da nümayiş etdirirdi. O, Sevinc xanıma müraciət edərək Təbrizin Vətən torpağı uğrunda həyatını itirməsini müqəddəs ölüm kimi dəyərləndirmiş və şəhidlikdən qürur duyduğunu ifadə etmişdi.

Xəlil Rza Ulutürkün yaradıcılıq irsi Azərbaycan ədəbiyyatında yalnız şeirləri ilə deyil, milli düşüncəsi, dil sevgisi və prinsipial mövqeyi ilə də seçilir. Onun həyat yolu sözün sadəcə poetik ifadə deyil, həm də milli mübarizənin vasitəsinə çevrilə biləcəyini göstərən nümunələrdən biri kimi xatırlanır.

Vural


media-adspc

Bənzər xəbərlər