media-0x0-zincirlenen-veliniyz-misr-1521204759295

Rəsul Mirhəşimli

Mən sanırdım aləm içrə mənə heç yar qalmadı,
Mən məni tərk eylərəm, bildim ki, əğyar qalmadı.

Cümlə əşyada görərdim xar var, gülzar yox,
Həp gülüstan oldu aləm, indi heç xar qalmadı.

Gecə-gündüz zarü-əfqan eyləyib inlərdi dil,
Bilmirəm nə oldu, kəsildi ah ilə zar, qalmadı.

Getdi kəsrət, gəldi vəhdət, oldu xəlvət dost ilə,
Həp Haqq oldu cümlə aləm, çarşı-pazar qalmadı.

Din, diyanət, adətü-şöhrət, qamu vardı yelə,
Ey Niyazi, nə oldu səndə qeydi-dindar qalmadı.

Niyazi Misrinin bu qəzəlində insanın öz mənliyini və iztirablarını aşaraq daha yüksək bir şüur və idrak mərhələsinə doğru irəliləməsi təsvir olunur. Şeirdə insanın öz fərdi mənliyindən keçərək bütün varlığın və hər şeyin birliyində Yaradandan başqa heç bir ayrılığın və fərqin qalmadığı məqama necə çatdığı ifadə edilir. Bu, bir çox mistik ənənələrdə olduğu kimi, insanın maddi və zahiri dünyadakı fərdiliyindən uzaqlaşaraq varlığın həqiqətində yalnız Onun, yəni Yaradanın varlığını görməsi prosesidir.

Bununla yanaşı, Niyazi Misri insanın ikiqat varlıq halını (zahir və batini – R.M) öz daxilində birləşdirərək, mürşidin rəhbərliyi ilə bu iki aləmdən keçib həqiqi varlığa doğru yol almasını izah edir.

Niyazi Misrinin beytlərini təhlil edərkən ilk növbədə fərdi “mənlik” anlayışının aradan qaldırılması məsələsinə diqqət yetirmək lazımdır. Fərdi təcrübədə hər bir insan öz “mənliyini” hiss edir və özünü düşüncələri, duyğuları və iddiaları vasitəsilə tanıyır. Bu isə zahiri dünyada ikiliyi və fərqliliyi, yəni “sən” və “mən” anlayışlarını meydana gətirir. Lakin mistik fəlsəfədə, xüsusilə təsəvvüf ənənəsində insanın nəfsinin həqiqi mənlikdən uzaq olduğu və yalnız maddi dünyada mövcud olan ikilik hissini yaratdığı qəbul edilir.

Sufi və mistik təlimlərdə isə bu ikilik anlayışı varlığın “bütöv” olduğunu qəbul edən yanaşma ilə aradan qaldırılır. Şəriət mərhələsində insan öz fərdiliyini və özünə aid olanları görür: mənə aid olanlar, mənim duyğularım, mənim təcrübələrim. Lakin bu anlayış yalnız zahiri aləmdə və maddi varlıq səviyyəsində mövcuddur.

Təriqət mərhələsində isə nə sən sənsən, nə də mən mənəm. Burada insan öz fərdi mənliyindən keçərək “yoxluq” zövqünə çatır və ikilikdən çıxaraq vəhdətə doğru irəliləyir.

Varlığın üçüncü mərhələsi olan Həqiqət mərhələsində isə “sən” və “mən” anlayışları tamamilə aradan qalxır. İnsan mövcudatın bütün varlıqlarında vəhdəti görməyə başlayır. Bu zaman insan həm özünü, həm də bütün kainatı vahid bir varlıq kimi dərk edir. Bu düşüncə xristianlıqdakı panteist fəlsəfi təlimdən fərqlənir.

Burada artıq “mən” və “sən” yoxdur, çünki hər şey vahid bir həqiqətdə birləşir. Bütün yaradılmışların özünəməxsus gözəlliyi və hikməti vardır. İnsan bu mərhələdə bütün varlıqlarda Yaradanın təcəllisini görməyə başlayır.

Mistik təcrübədə əsasən iki mühüm məqam vardır, fəna və bəqa. “Fəna” insanın özünü özündə itirməsi, “yoxluq” halına çatması deməkdir. Bu mərhələdə insan öz fərdi kimliyindən və mənlik iddiasından tamamilə keçir.

Fənafillah mərhələsi isə Allahda fəna olmaq, yəni öz fərdi varlığını Allah qarşısında yoxluq kimi dərk etməkdir. İnsan Allahın varlığını bütünlüklə hiss edərək öz varlığını Onunla bir vəhdətdə dərk edir. Bu, insanın kədərdən, iztirabdan, ikilik duyğusundan və fərdilik iddiasından təmizlənməsi kimi izah olunur. İnsan artıq özünü yalnız Allahın bir təcəllisi kimi dərk edir.

Bu mərhələ, xüsusilə sufi təlimlərində, insanın Yaradanla birliyini və bütün varlığın vəhdətini dərk etməsi kimi izah edilir. Bu halda artıq ayrılıq yoxdur, hər şey Onun varlığında öz yerini tapır.

Bəqa isə “yoxluqdan sonra var olmaq” mənasını verir. Bəqa fəna mərhələsindən sonra gələn, Yaradanla olan mənəvi bağlılığın davamı və əbədiyyətə yüksəliş mərhələsidir. İnsan yalnız Yaradanın təcəllisi olaraq qalır, lakin əvvəlki fərdi mənlik anlayışından keçir.

Bu mərhələdə insan Haqqı hər an və hər yerdə hiss edir, bütün kainatı və varlığı vahid bir həqiqətdə görür. Fənafillah mərhələsindən sonra insanın nəzəri artıq yalnız Yaradanın həqiqətinə yönəlmiş olur.

Niyazi Misrinin beytlərində bu vəhdət anlayışı tam şəkildə ifadə olunur. Bütün aləm Haqq olur, hər şey vəhdətə daxil olur, “çarşı-pazar qalmır”, bütün varlıq vahid bir həqiqətdə birləşir. Maddi və zahiri aləm artıq öz-özlüyündə müstəqil bir varlıq kimi deyil, Yaradanın varlığını əks etdirən bir güzgü kimi dərk edilir.

Varlıq artıq yalnız bütövün bir hissəsi kimi görünür və insan bu bütövlüyü həm hiss, həm də şühud (mənəvi şahidlik və müşahidə – R.M) vasitəsilə dərk edir. İnsan bütün varlığı bu şəkildə gördükdə artıq varlığın heç bir hissəsini “xar” (tikan, çirkinlik) kimi görmür. Çünki hər şey Allahın uca təcəllilərinin bir forması kimi qəbul edilir.

Niyazi Misri bu şeiri ilə insanın yalnız maddi və zahiri dünyadan ibarət olmadığı fikrini ön plana çıxarır. O, insanın zahiri mənliyindən keçərək, öz daxili aləmində “Həqqi” hiss etməsini vurğulayır. Varlığın hər bir nöqtəsində Yaradanın təcəllisini görmək insanın mənəvi inkişafının ən yüksək mərhələsi kimi təqdim edilir.

Bu təlim insanı öz mənliyindən keçərək Fəna mərhələsindən Bəqa mərhələsinə doğru irəliləməyə çağırır.

Bu məqamda insan yalnız Yaradanla olan birliyini dərk etməklə kifayətlənmir, eyni zamanda bütün varlıqların vəhdətini hiss edir. O zaman insan artıq “sən” və “mən” anlayışlarını aşaraq hər şeyin vahid bir vəhdət içində olduğunu qəbul edir.

Həmin anda insanın gözündə varlıq tamamilə yeni şəkildə görünür, ayrılıq, kədər və çətinliklər əvvəlki mənasını itirir. Çünki hər şey Ondan gəlir və yenə Ona qayıdır.

Niyazi Misri öz əsərlərində salikin (mənəvi yolçunun – R.M) “mənlik”dən “vəhdət”ə doğru keçdiyi yolu daha dərindən izah etməyə çalışır. O, insanın öz mənliyini aşaraq Yaradanla birliyini dərk etməsi və varlıq aləmində hər şeyin vəhdətini görməsi üzərində qurulan bir təlimi ifadə edir.

İnsan fəna və bəqa mərhələlərindən keçərək yalnız mütləq həqiqəti dərk edə bilər. Bu yolda maddi və mənəvi aləmdəki ikiliklər aradan qalxır və insan hər şeyin Allahdan gəldiyini və sonda yenə Ona dönəcəyini dərk edir.


media-adspc

Bənzər xəbərlər