Nazim Quliyevin yeni kitablarının təqdimatı olub

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının dosenti, Naxçıvan Bəstəkarlar Təşkilatının sədri, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Nazim Quliyevin müəllifi olduğu “İnstrumental əsərlər” və “Mahnı, ariya və romanslar” adlı kitabların təqdimatı keçirilib.
ERAmedia xəbər verir ki, tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev universitetdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasının əsas prioritetlərdən biri olduğunu bildirib. Qeyd edib ki, Konservatoriya və Musiqi Kolleci Naxçıvanın musiqi mühitində artıq öz sözünü deməyə başlayıb, gənc bəstəkarların yetişməsi və yaradıcılıq imkanlarının genişlənməsi üçün mühüm zəmin formalaşdırıb. Rektor bəstəkar Nazim Quliyevin yaradıcılıq fəaliyyətinə toxunaraq onun bəstəkarlıq sənətinin inkişafına verdiyi töhfələri, Naxçıvan Bəstəkarlar Təşkilatının sədri kimi fəaliyyətini və musiqi mədəniyyətimizin zənginləşməsində xidmətlərini xüsusi vurğulayıb.
İncəsənət fakültəsinin dekanı, dosent Cavid İsmayılov, “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq elmləri doktoru, dosent İnara Məhərrəmova və kafedranın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova kitabların məzmunu, musiqi-estetik xüsusiyyətləri və elmi-praktik əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Bildirilib ki, 176 səhifədən ibarət “Mahnı, ariya və romanslar” kitabında əsasən səs və fortepiano üçün nəzərdə tutulmuş 23 əsər yer alıb. “Ah, bu məhəbbət”, “Yavrum, adın nədir?”, “Səsinə qurban olum”, “Adını demərəm”, “Gizlətmə gözlərini”, “Ruhumdan”, “Zəngilan”, “Nəqşi-cahanım” və “Mənim anam” kimi əsərlər toplunun məzmununu təşkil edir.
128 səhifəlik “İnstrumental əsərlər” kitabında isə irihəcmli və kiçikhəcmli olmaqla 15 musiqi əsəri toplanıb. Əsərlər əsasən tar, kamança, balaban, qanun və müğni alətləri ilə fortepianonun müşayiəti üçün bəstələnib. Kitabda “Nəqşi-cahan” baletinin uvertürasının tar və kamança üçün işlənmiş variantları ilə yanaşı, “Naxçıvan axşamları”, “Ayalının ariyası”, “Ədalətsiz kaman”, “Lay-lay”, “Muğni” və “Qızlar bulağı” kimi əsərlər də yer alıb. Topludakı əsərlər bəstəkarın milli musiqi üslubuna bağlılığını əks etdirir.
Təqdimat çərçivəsində bəstəkar Nazim Quliyevin yaradıcılıq nümunələri videoçarx vasitəsilə nümayiş etdirilib. Videoçarxda bəstəkarın “Naxçıvan şikəstəsi” əsərinin Gülyanaq Məmmədovanın, “Göycə” əsərinin isə Gülyaz Məmmədovanın ifasında səsləndirilən nümunələri təqdim olunub.
Sonda müəllif yaradıcılığına göstərilən diqqətə və kitablarının təqdimatının təşkilinə görə universitet rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.









