media-849694559_2918780951823779_4248847666529684858_n

Həyat qəribə bir səbr müəllimidir. Bəzən bizə elə gəlir ki, bəzi hadisələr cavabsız qalır, bəzi suallar ömrümüzün içində düyünlənib unudulur. Halbuki heç nə tamamilə unudulmur, sadəcə, hər şeyin öz zamanı, hər hadisənin öz sırası var.

İnsan bəzən öz hökmünü əbədi, öz mövqeyini toxunulmaz sanır. Bir qəlbi qırarkən, bir haqqı tapdalayarkən, bir insanın həyatında açdığı yaranın nə vaxtsa öz yolunu tapıb ona qayıda biləcəyini düşünmür. Zaman isə nə mübahisə edir, nə mühakimə yürüdür… Sadəcə yadda saxlayır.

Deyirlər ki, heç kimin qəlbini qırma, çünki o insanın son duası sənin taleyinə yazıla bilər. Bəlkə də insanın ən böyük yanılğısı qarşısındakının susmasını acizlik, səbrini isə unutqanlıq sanmasıdır. Halbuki hər susqunluğun arxasında bir dua, hər səbrin içində bir həqiqət yaşayır.
Mən getdikcə bir şeyə daha çox inanıram, insan heç vaxt başqasının taleyi üzərində özünü mütləq hakim hesab etməməlidir. Çünki həyatın elə bir tərəzisi var ki, onun gözünü nə vəzifə, nə güc, nə də zamanın keçməsi dəyişə bilir.

Ona görə də tələsməyə dəyməz. Nə hər şeyi sorğulamağa, nə də hər cavabı öz əlinlə verməyə… Bəzən sadəcə kənara çəkilib həyatın öz axarına inanmaq lazımdır.

Tələsməyə nə hacət… Hər şeyin bir zamanı, hər kəsin bir sırası var. Zaman heç nəyi unutmur, sadəcə, hər şeyi öz vaxtında xatırladır.

Və… və bütün bunların içində ən böyük təsəllim, ən böyük minnətdarlığım Allaha olan inamımdır. Səbr etməyi, susmağı, gözləməyi və hər şeyin hikmətini zamanın axarında görməyi nəsib etdiyi üçün Allahıma sonsuz şükürlər olsun!

Bəzən insanın ən böyük duası bir şeyin baş verməsi deyil, baş verənlərin hikmətini anlayacaq qədər səbirli olmasıdır…

Mehriban Nəcəf


media-adspc

Bənzər xəbərlər