Pakistanda yağışlar nəticəsində ay ərzində 100-dən çox insan ölüb
Pakistanda iyunun 26-dan etibarən davam edən güclü yağışlar və onların yaratdığı fəsadlar nəticəsində azı 109 nəfər ölüb, 362 nəfər yaralanıb.
ERAmedia xəbər verir ki, bu barədə Pakistan Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi məlumat yayıb.
Bildirilib ki, güclü yağışların ən çox təsiri ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində qeydə alınıb. Musson yağışları nəticəsində həmin əyalətdə 55 nəfər həyatını itirib. Şərqi Pəncab əyalətində isə 36 ölüm faktı qeydə alınıb.
Daşqın suları nəticəsində təxminən 800 tikiliyə ziyan dəyib, onlardan 200-dən çoxu tamamilə dağılıb. İyunun sonundan etibarən ölkə üzrə 148 xilasetmə əməliyyatı keçirilib və 4 minə yaxın insan təhlükəli ərazilərdən çıxarılıb.
Qeyd edək ki, Pakistanda musson mövsümü adətən iyundan sentyabr ayınadək davam edir. Bu dövrdə kənd təsərrüfatı üçün əhəmiyyətli olan intensiv yağışlar müşahidə edilsə də, güclü leysanlar tez-tez daşqınlara və digər təbii fəlakətlərə səbəb olur.









