media-putin

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı səsləndirdiyi fikirlər Moskvanın Ukrayna siyasəti ilə bağlı yeni müzakirələrə səbəb olub.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Tokayevin Rusiya-Ukrayna münaqişəsinin dondurulmasına çağırması əslində Ukraynanın mövqeyi ilə üst-üstə düşür. Onun sözlərinə görə, Kiyev də atəşkəsə hazır olduğunu bəyan edir və müharibənin dayandırılmasının tərəfdarı kimi çıxış edir.

Şərhçinin fikrincə, Tokayev Putini tam narazı salmamaq üçün tərəfləri İstanbulda aparılan danışıqlar formatına qayıtmağa da çağırıb. Bu yanaşma ilk baxışdan Rusiyanın maraqlarına uyğun görünsə də, əsas diqqət çəkən məqam Qazaxıstan liderinin müharibənin dayandırılması ilə bağlı çağırışıdır.

Elxan Şahinoğlu vurğulayıb ki, Tokayev bu mövqeyi ilə ilk növbədə ölkəsinin milli maraqlarını nəzərə alır. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi Qazaxıstan neftinin Qara dəniz vasitəsilə ixracına ciddi risklər yaradıb. Novorossiysk limanı və limana yaxınlaşan neft tankerlərinin mütəmadi olaraq pilotsuz uçuş aparatlarının hədəfinə çevrilməsi Astananı narahat edən əsas amillərdəndir.

Siyasi şərhçi qeyd edib ki, Tokayev çıxışında vasitəçi rolunu üzərinə götürmək istəmədiyini də açıq şəkildə ifadə edərək, “mən vasitəçi olmaqdan qəti şəkildə imtina edirəm” mesajını verib. Bununla belə, o, Putinin iştirakı ilə keçirilən görüşdə müharibənin dayandırılması çağırışını birbaşa Rusiya prezidentinin üzünə deməklə diqqət çəkib.

Elxan Şahinoğlunun sözlərinə görə, əgər Tokayevin bu çağırışına Rusiyanın digər yaxın tərəfdaşları olan Belarus Prezidenti Aleksandr Lukaşenko və Çin lideri Si Cinpin də qoşularsa, Kreml üzərində siyasi təzyiq daha da arta bilər.


media-adspc

Bənzər xəbərlər