media-720328038_2063182614408835_1092141006529540263_n
Uzunömürlülük insanlığın ən qədim arzularından biridir. Qədim kimyagərlər həyat eliksirinin ardınca düşüb, hökmdarlar ölümsüzlüyün sirrini tapmağa çalışıb, dastan qəhrəmanları dirilik suyu axtarıblar. Min illər keçsə də, bu arzu dəyişməyib. Dəyişən yalnız ona baxışımız olub.
Müasir elm isə bu gün fərqli bir həqiqəti ön plana çıxarır. Məsələ sadəcə uzun yaşamaqda deyil. Məsələ necə yaşamaqdadır. İnsan ömrünün uzunluğu ilə həmin ömrün keyfiyyəti eyni şey deyil. Hərəkət qabiliyyətini və sağlamlığını itirmiş və daimi yardıma ehtiyac duyan bir insanın çox yaşaması əksər hallarda arzu olunan gələcək sayılmır.
Günümüzdə gerontoloqların və həkimlərin diqqəti daha çox başqa bir göstəriciyə yönəlib: insan neçə yaşına qədər müstəqil qala bilir, öz həyatını özü idarə edir və sərbəst hərəkət qabiliyyətini qoruyub saxlayır?
Araşdırmalar göstərir ki, sağlam yaşlanmanın ən vacib şərtlərindən biri fiziki aktivliyin qorunmasıdır. Yaş artdıqca əzələ kütləsi azalır, ürək-damar sistemi zəifləyir, tarazlıq hissi pozulur. Hərəkətsizlik isə bu prosesi daha da sürətləndirir. Buna görə də uzunömürlülük elmi son illərdə bahalı preparatlardan və möcüzəvi reseptlərdən daha çox gündəlik hərəkətin əhəmiyyətindən danışır.
Məhz bu ehtiyacla səyahət həvəsinin qovuşmasından yeni bir həyat tərzi formalaşıb. İngilis dilindəki “run” və “vacation” sözlərinin birləşməsindən yaranan “Runcation” anlayışı getdikcə daha geniş yayılır. Bu anlayışın mahiyyəti sadədir: yeni şəhərləri avtobus pəncərəsindən deyil, öz addımlarınla tanımaq, yeni coğrafiyaları turist kimi deyil, hərəkətdə olan insan kimi hiss etmək.
Son illərdə iş və ya istirahət məqsədilə getdiyim şəhərlərdə özüm üçün kiçik bir qayda formalaşdırmışam. Hara gedirəmsə gedim, səhərin erkən saatlarında mütləq bir yürüş və ya qaçış marşrutu tapmağa çalışıram. Çünki bir şəhəri tanımağın ən yaxşı yollarından biri onun səhərini görməkdir. Gün tam başlamamış, küçələr izdihamla dolmamış şəhər öz həqiqi simasını göstərir.
MÜNHENDƏ BAHAR
Almaniyanın Münhen şəhərində yerləşən İngilis Bağı Avropanın ən məşhur şəhər parklarından biridir. Baharın ilk günlərində burada yürüş etmək insana təbiətin yenidən oyandığını hiss etdirir. Ağaclar yeni tumurcuqlayır, çəmənliklər yaşıllaşır, quş səsləri parkın hər tərəfinə yayılır. Hava hələ yay qədər isti deyil, qış qədər sərt də deyil. İnsan hər nəfəsində baharın təzəliyini hiss edir.
Parkın cığırları boyunca irəlilədikcə sörf edən gənclər, velosiped sürən ailələr və qaçan insanlar görünür. Burada diqqəti cəlb edən əsas məqam yaş fərqlərinin aradan qalxmasıdır. Gənclər də qaçır, yaşlılar da. Yetmiş yaşını keçmiş insanların eyni həvəslə hərəkət etdiyini görəndə anlayırsan ki, aktiv həyat yalnız gənclik dövrünün imtiyazı deyil.
Münhen mənə bir həqiqəti xatırlatdı: sağlam yaşlanma qocalıqda başlayan proses deyil. O, gənclikdə verilən qərarların nəticəsidir. Bahar necə ilin başlanğıcıdırsa, sağlam həyat da ilk addımla başlayır.
PRAQADA PAYIZ
Praqada payız başqa cür gəlir. Burada mövsüm sadəcə ağacların rəngini dəyişmir, şəhərin öz simasını da dəyişir. Oktyabr səhərlərində Petrin təpəsinə və ya Letna parkına qalxanda insan sanki qızılı rəngə boyanmış bir şəhərə baxır. Qırmızı damlar, saralmış ağaclar və uzaqda axan Vltava çayı eyni mənzərənin hissəsinə çevrilir.
Səhər yürüşü zamanı ayaqlar altında xışıldayan yarpaqlar addımların ritminə qarışır. Hava artıq yaydakı kimi isti deyil, qışdakı kimi sərt də deyil. Bədən üçün ən rahat, nəfəs üçün ən əlverişli dövrlərdən biridir. Elə buna görə də bir çox qaçış həvəskarları payızı ilin ən gözəl fəslindən biri hesab edirlər.
Praqa insana tələsməməyi öyrədir. Bu şəhərdə insan yalnız hərəkət etmir, həm də düşünür. Bəlkə də buna görə payız burada sadəcə təbiət hadisəsi deyil. O, həyatın yetkinlik dövrünü xatırladır. İnsan anlayır ki, sağlam yaşlanmaq zamana qarşı mübarizə aparmaq deyil, zamanla birlikdə dəyişməyi öyrənməkdir.
ZALSBURQDA QIŞ
Avstriyanın Zalsburq şəhərində qış insanı ilk növbədə sakitliyi ilə qarşılayır. Dekabr və yanvar aylarında şəhər qar örtüyü altında tamam başqa simaya bürünür. Alp dağlarından enən soyuq hava küçələri və parkları bürüsə də, həyat dayanıb qalmır.
Səhər tezdən Salzach çayı boyunca addımlayarkən insan ilk növbədə səssizliyi hiss edir. Qar səsi udur, şəhərin ritmini yavaşıdır və ətrafda qəribə bir sakitlik yaradır. Mirabell bağlarının ağappaq mənzərəsi, uzaqda görünən Hohensalzburg qalası və qarla örtülmüş damlar qışın sərtliyini deyil, onun gözəlliyini göstərir.
İlk dəqiqələrdə soyuq özünü hiss etdirsə də, addımlar sürətləndikcə bədən isinməyə başlayır. İnsan anlayır ki, hərəkət üçün ideal hava şəraiti gözləməyə ehtiyac yoxdur. Əksinə, qış bəzən iradəni və davamlılığı daha çox sınağa çəkir. Zalsburq mənə öyrətdi ki, sağlam həyat yalnız əlverişli günlərin deyil, bütün fəsillərin vərdişidir.
BAKIDA YAY
Münhenin baharını, Praqanın payızını və Zalsburqun qışını xatırlayarkən istər-istəməz Bakını düşünürəm. Çünki insan nə qədər uzaqlara getsə də, addımlarının həqiqi mənasını sonda öz şəhərində axtarmağa başlayır.
Bakının yay səhərləri tamam başqa xarakter daşıyır. Dədə Qorqud parkında yürüşə çıxanda insanı ilk qarşılayan şey Xəzərin rütubətli nəfəsi olur. Baxmayaraq ki, Dədə Qorqud parkənən yeni, 2-ci fazası olduqca gözəl və təqdirə layiqdir. Hava bədənə yapışır, nəfəs almağı ağırlaşdırır, hər addımı bir qədər çətinləşdirir. Münhenin sərin baharı, Praqanın rahat payızı və ya Zalsburqun təmiz qışı burada yoxdur.
Ancaq bunun öz üstünlüyü də var. Bakıda yay səhərində yürümək müəyyən mənada iradə məşqidir. Burada insan yalnız məsafə qət etmir, eyni zamanda iqlimlə mübarizə aparır. Alından süzülən hər damla tər bədənin uyğunlaşma prosesinin bir hissəsinə çevrilir. Hər addım bir qədər artıq enerji tələb edir və bəlkə də buna görə daha qiymətli görünür.
Bununla belə, Bakının əsas problemi hava deyil. Əsas problem infrastruktur məsələsidir. Dənizkənarı Bulvar şəhərin ən böyük üstünlüklərindən biridir. Lakin sürətlə böyüyən paytaxt üçün tək bir böyük məkan kifayət deyil. Şəhərin müxtəlif hissələrində uzun məsafəli yürüş və qaçış üçün nəzərdə tutulmuş geniş yaşıl zonalara, xüsusi örtüklü qaçış cığırlarına və nəqliyyatdan təcrid olunmuş park komplekslərinə ehtiyac var…
Münhenin İngilis Bağı, Praqanın parkları və ya Zalsburqun sahil marşrutları sadəcə istirahət məkanı deyil. Onlar ictimai sağlamlıq layihələridir. Belə məkanlar insanların daha çox hərəkət etməsinə, daha sağlam yaşamasına və nəticədə səhiyyə sisteminin yükünün azalmasına xidmət edir. Şəhər planlaşdırılması ilə insan sağlamlığı arasında görünməz, lakin son dərəcə güclü əlaqə mövcuddur.
Bu gün uzunömürlülük ətrafında böyük bir sənaye formalaşıb. İnsanlara yüzlərlə əlavələr, pəhriz proqramları, müxtəlif testlər və metodlar təklif olunur. Bəzən elə təəssürat yaranır ki, sağlam yaşamağın sirri yalnız bahalı məhsullarda gizlənib.
Halbuki elmin gəldiyi nəticələr daha sadədir. İnsan bədəni hərəkət etdikcə güclənir. Hərəkətsiz qaldıqca zəifləyir. Uzunömürlülüyün ən etibarlı yollarından biri hər gün müəyyən məsafə qət etmək, ürəyi işlətmək, ağciyərləri havalandırmaq və əzələləri fəaliyyətdə saxlamaqdır.
Bəlkə də ömrü uzatmağın sirri hansısa laboratoriyada hazırlanmış möcüzəvi formulda deyil. Bəlkə də bu sirr hər səhər ayaqqabıları geyinib qapıdan çıxmaqda gizlənir.
İnsan qocalacaq. Bunun qarşısını almaq mümkün deyil. Ancaq necə qocalacağı, son illərini hansı keyfiyyətdə yaşayacağı böyük ölçüdə bu gündən atdığı addımlardan asılıdır.
Münhenin baharında, Praqanın payızında, Zalsburqun qışında və Bakının yayında atılan addımlar eyni həqiqəti xatırladır: keyfiyyətli yaşlanma gələcəkdə əldə ediləcək bir mükafat deyil. O, bu gün seçdiyimiz həyat tərzinin nəticəsidir.
Uzunömürlülüyün cazibəsi illərin sayında yox, son nəfəsə qədər həyatın içində qala bilməkdədir.

media-adspc

Bənzər xəbərlər