media-9efpfelmdwu1idss6nkzy2fmbqrulscxccwbujzn_1200

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin koordinasiyası ilə həyata keçirilən tədbirlər çərçivəsində son 7 ay ərzində 6 min 644 sosial media hesabına girişin məhdudlaşdırıldığı bildirilib.

ERAmedia-nın məlumatına görə, Kommunikasiya İdarəsinin yaydığı açıqlamada qeyd olunub ki, rəqəmsal məkanda terror təbliğatı və dezinformasiya fəaliyyətlərinə qarşı İdarənin koordinasiyası ilə Türkiyə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi, respublika baş prokurorluqları və İnformasiya Texnologiyaları və Rabitə Qurumu (BTK) tərəfindən aparılan işlər mühüm nəticələr verib.

Açıqlamaya əsasən, girişi məhdudlaşdırılan hesablardan 3 min 679-nun FETÖ terror təşkilatı və onunla əlaqəli strukturlarla bağlı olduğu müəyyən edilib. Bundan əlavə, terrorizmi tərifləyən, təşviq edən, dezinformasiya yayan və Türkiyəyə qarşı psixoloji əməliyyatlar apardığı müəyyən olunan 2 min 965 hesab barəsində də aidiyyəti qurumların koordinasiyası ilə hüquqi və inzibati prosedurlar tamamlanaraq girişin məhdudlaşdırılması qərarı icra olunub.

Məlumata görə, son 7 ay ərzində girişi məhdudlaşdırılan hesabların platformalar üzrə bölgüsündə ilk yeri X sosial şəbəkəsi tutur. Sonrakı yerlərdə isə Instagram, TikTok, Facebook, YouTube və Spotify qərarlaşıb.

Açıqlamada vurğulanıb ki, terror təşkilatları və koordinasiyalı dezinformasiya şəbəkələri xüsusilə yüksək istifadəçi aktivliyinə malik platformalardan istifadə etməklə ictimai rəyi yönləndirməyə, cəmiyyətin qavrayışına təsir göstərməyə və böhran dövrlərində informasiya çirkliliyi yaratmağa çalışırlar.

Bildirilir ki, koordinasiya mexanizmi yalnız qanunsuz məzmunun qarşısının alınması ilə məhdudlaşmır. Sosial media platformalarında yaradılan trend mövzular (TT), həştəq kampaniyaları, koordinasiyalı paylaşım şəbəkələri və bot hesabların fəaliyyəti inkişaf etmiş rəqəmsal analiz metodları vasitəsilə real vaxt rejimində izlənilir. Psixoloji əməliyyat məqsədilə formalaşdırılan süni gündəmlər qısa müddətdə müəyyən edilir, rəqəmsal şəbəkə analizləri ilə kampaniyaların mənbəyi və yayılma modeli ortaya çıxarılır. Aidiyyəti qurumların paralel şəkildə həyata keçirdiyi texniki və hüquqi tədbirlər nəticəsində koordinasiyalı təsir əməliyyatlarının geniş auditoriyaya çatmasının qarşısı alınır.

Təhlükəsizlik mənbələri bildirirlər ki, rəqəmsal platformalar artıq təkcə kommunikasiya vasitəsi deyil, həm də milli təhlükəsizlik baxımından birbaşa mübarizə meydanına çevrilib. Qurumların birgə fəaliyyəti sayəsində texniki analiz, hüquqi prosedurlar və giriş məhdudiyyətləri vahid koordinasiya əsasında həyata keçirilir. Bununla da təkcə ayrı-ayrı hesablar deyil, həm də təşkilatlanmış rəqəmsal şəbəkələr müəyyən edilərək zərərsizləşdirilir.

Açıqlamada qeyd olunur ki, son 7 ayda 6 min 644 hesabın fəaliyyətinə məhdudiyyət tətbiq olunması Türkiyənin terror təbliğatı, dezinformasiya və psixoloji əməliyyatlara qarşı kiberməkanda çoxqatlı və koordinasiyalı mübarizə modeli həyata keçirdiyini göstərir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər