Rusiya Azərbaycanın konstruktiv yanaşmasına adekvat qarşılıq vermir - ŞƏRH
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda diqqət çəkən açıqlamalarından biri də Rusiya ilə münasibətlərə dair suala cavabı oldu. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Rusiya ilə münasibətlərinə dəyər verir və artıq problemlərin əsasən keçmişdə qaldığını söyləmək mümkündür. Prezident vurğuladı ki, Rusiya–Azərbaycan münasibətləri təkcə ikitərəfli deyil, daha geniş regional kontekstdə də əhəmiyyət kəsb edir. O, nəqliyyat, ticarət və humanitar əməkdaşlığın bu münasibətlərdə mühüm rol oynadığını qeyd edərək Azərbaycanın bütün tərəflərlə bərabərhüquqlu əməkdaşlıqda maraqlı olduğunu bildirdi.
ERAmedia xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Azər Badamov söyləyib.
O bildirib ki, Azərbaycan heç bir halda qarşı tərəflə münasibətlərin korlanmasının tərəfdarı deyil və bu istiqamətdə ilk addımı atan tərəf kimi çıxış etmir. Ölkəmiz öz milli maraqları əsasında hərəkət edir. Bununla belə son dövrlər Rusiya mediasında, sosial media platformalarında və bəzi “Telegram” kanallarında Azərbaycana qarşı tənqidi materialların və kampaniyaların yenidən intensivləşdiyi müşahidə olunur. Müəyyən müddət bu istiqamətdə nisbi səngimə hiss olunsa da, son hadisələr belə müzakirələrin yenidən gündəmə gəldiyini deməyə əsas verir.
“Həm Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, həm də xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya səfəri əvvəlki gərginlik fonunda Azərbaycanın münasibətlərin konstruktiv məcrada inkişaf etdirilməsində maraqlı olduğunu göstərir. Bununla yanaşı, Rusiya Azərbaycanın bu yanaşmasına adekvat qarşılıq vermir və münasibətlərdə gərginliyi artıran addımlar atır. Həmçinin Rusiyada son dövrlər müşahidə olunan şovinizm, ksenofobiya və milli ayrı-seçkilik meyillərinin artması narahatlıq doğuran tendensiyadır.
Rusiyanın inkişafına töhfə vermiş azərbaycanlıların bəzən mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqələndirilməsi və onlar barədə alçaldıcı ifadələrin işlədilməsi qəbuledilməzdir və etnik mənsubiyyətə görə ayrı-seçkilik təəssüratı yaradır. Siyasi bəyanatlarla praktik addımlar arasında ziddiyyətlərin müşahidə olunması məsələyə xüsusi diqqətlə yanaşmağı zəruri edir. Bir tərəfdən Azərbaycanla münasibətlərin inkişafına dair müsbət fikirlər səsləndirilir, digər tərəfdən isə müxtəlif informasiya resurslarında Azərbaycana qarşı tənqidi tezislərin yayılması bu məsələnin müxtəlif aspektlərdən qiymətləndirilməsinə əsas verir”, – deyə A.Badamov vurğulayıb.
Rusiyada daxili sosial-iqtisadi vəziyyətin mürəkkəb olduğunu qeyd edən deputat deyib: “Xüsusilə Ukraynada müharibənin başlanmasından sonra ölkə iqtisadiyyatında inflyasiya, yüksək faiz dərəcələri, əmək çatışmazlığı, enerji gəlirlərinin azalması, büdcə kəsirinin artması və hərbi xərclərin yüksəlməsi kimi problemlər daha qabarıq şəkildə özünü göstərir. Məsələn, Rusiya Mərkəzi Bankı inflyasiyanı cilovlamaq və rublun sabitliyini qorumaq məqsədilə uzun müddət faiz dərəcələrini yüksək səviyyədə saxlayıb. Bu isə biznes və istehlakçılar üçün kredit resurslarının bahalaşmasına səbəb olub. Müharibə xərcləri hesabına formalaşan iqtisadi artımın uzunmüddətli dayanıqlılığı ilə bağlı da müxtəlif ekspertlər tərəfindən suallar səsləndirilir”,-deyə A.Badamov vurğulayıb.
O əlavə edib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Cənubi Qafqazı qiymətləndirmək üçün köhnə yanaşmalar artıq aktuallığını itirib. Regionda yeni reallıqlar formalaşıb və münasibətlər qarşılıqlı hörmətə, suverenliyə və bərabərhüquqlu əməkdaşlığa əsaslanmalıdır. Güc amilinə və diktə siyasətinə söykənən yanaşmalar isə uzunmüddətli perspektivdə səmərəli nəticə vermir.










