Sabiq merdən şahın oğluna sərt sözlər: "O, bir saxtakardır"

ABŞ-ın Nyu-York şəhərinin sabiq meri Rudi Giuliani İranda etirazların artdığı günlərdə sürgündə yaşayan vəliəhd şahzadə Rza Pəhləvi barədə sərt açıqlamalar verib.
ERAmedia-nın məlumatına görə, Xalqın Mücahidləri Təşkilatına (MEK / PMOI) yaxınlığı ilə tanınan Rudi Giuliani bildirib ki, İranın devrilmiş şahının oğlu etibarlı fiqur deyil və İran xalqının azadlığı uğrunda real risklər götürməyib.
Giuliani bu barədə sosial şəbəkə hesabında yazıb.
“İranın zalım, devrilmiş şahının oğlu bir saxtakardır. O, mənim və bir çox başqalarının etdiyi kimi, İranın azadlığı uğrunda həyatını heç vaxt riskə atmayıb”, – deyə o qeyd edib.
Sabiq mer Rza Pəhləvini “Nepo Baby Shah” (nepotizm hesabına önə çıxmış şahzadə) adlandıraraq, atasının sərvətindən dəbdəbəli həyat üçün istifadə etdiyini və İran xalqı üçün heç bir real təhlükə ilə üzləşmədiyini iddia edib.
Qeyd edək ki, İranda 2025-ci ilin dekabr ayının sonlarından başlayan və yanvar ayı boyunca ölkə üzrə yayılan etiraz aksiyaları zamanı bəzi bölgələrdə “Pəhləvi qayıdacaq!”, “Yaşasın Şah!” və “Kral Rza Pəhləvi” kimi şüarlar səsləndirilib. Rza Pəhləvi isə sürgündən xalqa küçə etirazlarını davam etdirmək çağırışı edib.
Giulianinin paylaşımı sosial mediada geniş rezonans doğurub və iranlı istifadəçilər arasında qızğın müzakirələrə səbəb olub.
Əli Fərhad









