Şəhid Milli Qəhrəmanın anasının danışdığı kövrək xatirələr
Azərbaycanın Milli Qəhrəmanlarından biri olan Yuri Kovalyovun Qarabağ müharibəsində keçdiyi döyüş yolu və həyatının son günləri ilə bağlı anasının xatirələri diqqət çəkir.
ERAmedia xəbər verir ki, Larisa xanımın sözlərinə görə, müharibə başladıqdan sonra Yuriyə hərbi çağırış vərəqəsi təqdim olunub və o, bunu böyük ruh yüksəkliyi ilə qarşılayaraq döyüşlərə yollanıb.
Kovalyov ilk döyüş tapşırıqlarından etibarən Ağdam istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib. O, həmin dövrdə tanınmış hərbi jurnalist Çingiz Mustafayevlə də yaxın münasibətdə olub. İki dostun cəbhə bölgəsində birgə olduğu bildirilir.
Milli Qəhrəmanın anası xatırlayır ki, bir müddət sonra oğlunu görmək üçün Gəncəyə gedib. Yuri vertolyotdan düşərkən anasını görüb təəccüblə qarşılayıb. Görüş zamanı anasından üzr istəyən Yuri tezliklə evə dönəcəyinə söz verib.
Lakin onu döyüş bölgəsindən birdəfəlik uzaqlaşdırmaq mümkün olmayıb. 1991-ci ilin yayında Larisa xanım həyat yoldaşı və iki azyaşlı qızı ilə birlikdə Yurinin olduğu Çaykəndə gedib. Yol boyunca oğlunun döyüşdüyü əraziləri görən ana yaşadığı həyəcanı illər sonra da unutmayıb.
Bu səfər zamanı Yuri komandirinin icazəsi ilə ailəsi ilə birlikdə evə qayıdıb. Bir neçə gün doğmalarının yanında qaldıqdan sonra isə yenidən cəbhəyə yollanıb.
Larisa xanımın sözlərinə görə, 1991-ci ilin oktyabrının ilk günlərində onun daxilində izah edə bilmədiyi narahatlıq yaranıb. Oktyabrın 1-də Yuri haqqında düşüncələrindən ayrıla bilməyib. Ertəsi gün isə özünü olduqca ağır hiss edib və yeməkdən, hətta çay içməkdən belə imtina edib.
Oktyabrın 3-də səhər saatlarında evin qapısı döyülüb. Anası Yurinin gəlişindən xəbər verən xüsusi qapı döymə tərzini bildiyindən gələnin oğlu olmadığını anlayıb. Qapını açanda qarşısında Yurinin döyüş yoldaşlarını görüb.
Larisa xanımın “Yuri haradadır?” sualına əvvəlcə cavab verilməyib. Sualını ikinci dəfə təkrarladıqdan sonra döyüşçülərdən biri qısa şəkildə “Yuri yoxdur” deyib.
Yuri Kovalyov 1965-ci ildə anadan olub, 1991-ci ildə Qarabağ müharibəsində şəhid olub. O, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Kovalyovun həyat və döyüş yolu, xüsusilə Çingiz Mustafayevlə cəbhə dostluğu Azərbaycan tarixinin həmin mürəkkəb dövrünün yadda qalan səhifələrindən biri kimi xatırlanır.
Vüsalə










