Statistika Komitəsində Dövlət Suverenliyi gününə həsr olunan tədbir keçirilib
Sentyabrın 19-da Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində Dövlət Suverenliyi gününə həsr olunan tədbir keçirilib.
ERAmedia xəbər verir ki, tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən iştirakçılar bildiriblər ki, 20 sentyabr – Dövlət Suverenliyi Günü müstəqilliyimizin dönməzliyini, ərazi bütövlüyümüzün bərpasını və xalqımızın sarsılmaz iradəsini təcəssüm etdirən tarixi gündür. 2024-cü il 19 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş Dövlət Suverenliyi Günü müasir Azərbaycan tarixinin ən mühüm dönüm nöqtələrindən birini əks etdirir. Bu qərar 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı ilə Azərbaycanın konstitusiya quruluşunun bütün ərazilərdə bərpa edildiyini və ərazi bütövlüyünün tam təmin olunduğunu ifadə edir.
Qeyd edilib ki, hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsi və 2023-cü il sentyabrın
19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və bacarıqlı sərkərdəliyi, ordumuzun igidliyi sayəsində tarixi zəfərlə başa çatması Azərbaycanın suveren dövlət kimi tarix səhnəsində əyilməzliyinin sübutudur.
Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin suverenliyi qorumaq yolunda göstərdiyi qətiyyət bu gün Prezident İlham Əliyevin mövqeyində davam edir və çıxışlarında Azərbaycanın suverenliyinin toxunulmazlığı aydın görünür. O, nəinki ölkənin təhlükəsizliyini və maraqlarını düşünür, həmçinin beynəlxalq arenada ədalətli dünya nizamının formalaşmasına çağırış edir.
Eyni zamanda bildirilib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması qərarı Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq Azərbaycan dövlətçiliyinin əsaslarını daha dərindən dərk etmək və gələcək nəsillərə ötürmək üçün əhəmiyyətli bir addımdır.
Sonda Dövlət Suverenliyi gününə həsr olunan film nümayiş etdirilib.