media-omar_pass_sign

Sosial şəbəkələrdə son dövrlər Azərbaycanın tarixi-coğrafi adları ilə bağlı müxtəlif iddialar yayılır.

Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, bəzi istifadəçilər tarixi təhrif etməklə yanaşı, ölkənin qədim toponimlərini dini şəxsiyyətlərlə əlaqələndirməyə çalışırlar.

Onun sözlərinə görə, belə iddialara məruz qalan məkanlardan biri də Qarabağ müharibəsinin ilk illərində onlarla şəhidin keçdiyi Ömər aşırımıdır. Sosial mediada bəziləri bu adın İslamın ikinci xəlifəsi, Həzrət Ömər ibn Xəttabın adı ilə bağlı olduğunu iddia etsələr də, bunu təsdiqləyən hər hansı elmi və ya tarixi fakt mövcud deyil.

Tarixçi qeyd edib ki, “Ömər aşırımı” ifadəsini “Ömərin keçdiyi” və ya “Ömərə məxsus dağ keçidi” kimi izah etmək üçün heç bir əsas yoxdur. Onun fikrincə, indiyədək heç kim Həzrət Ömərin həmin ərazidən keçdiyini sübut edən etibarlı mənbə ortaya qoya bilməyib.

Zaur Əliyev vurğulayıb ki, İslamın Azərbaycanda yayılması Həzrət Ömərin dövründə sürətlənsə də, ərəb qoşunlarının hərəkət marşrutları əsasən Dərbənd istiqaməti, aran və düzənlik ərazilər, eləcə də böyük ticarət yolları üzərində olub. O bildirib ki, ərəb ordusu heç vaxt Murovdağın dəniz səviyyəsindən 3000 metrdən yüksək, keçilməsi çətin zirvələrinə qalxmayıb və onların hərbi yürüş xəritələrində bu aşırım yer almayıb.

Tarixçinin sözlərinə görə, əgər hər hansı toponim dövlət xadimi, dini şəxs və ya tarixi sərkərdə ilə bağlı olsaydı, bu, akademik ensiklopediyalarda xüsusi şəkildə qeyd edilərdi. Lakin Ömər aşırımı ilə bağlı belə bir qeyd mövcud deyil.

Zaur Əliyev bildirib ki, Həzrət Ömər ibn Xəttab İslam tarixində böyük hörmət və ehtiram sahibi olan şəxsiyyətdir və onun adının hər hansı coğrafi obyektə verilməsində prinsip etibarilə problem yoxdur. Lakin tarixi faktların fərqli olduğunu nəzərə alaraq, hər bir məsələni sənədlərə əsasən qiymətləndirmək lazımdır.

Tarixçi xatırladıb ki, Ömər aşırımı Azərbaycanın əsas dağlıq ərazilərindən birində, Murovdağ silsiləsində, Koroğlu (3462 metr) və Gamışdağ (3724 metr) zirvələri arasında, dəniz səviyyəsindən 3261 metr yüksəklikdə yerləşir. Bu aşırım həm coğrafi, həm iqtisadi, həm də sosial baxımdan mühüm strateji ərazi hesab olunur.

Onun sözlərinə görə, Azərbaycanın toponimiyasında coğrafi obyektlərin yerli tayfa, nəsil və ya şəxslərin adları ilə adlandırılması geniş yayılmış ənənədir. Respublikada buna yüzlərlə nümunə mövcuddur. Nəbi bulağı, Qasım daşı, Səməd çuxuru kimi adlar xalq toponimiyasının məhsulu olduğu kimi, Ömər aşırımı da həmin ənənənin davamıdır və toponimika elmində antroponimik oronim kimi qəbul edilir.

Zaur Əliyev qeyd edib ki, bu Ömər adlı şəxsin kim olduğunu dəqiq müəyyənləşdirmək mümkün deyil. Onun sözlərinə görə, həmin şəxs yerli çoban, aşırımı ilk istifadə edən sakin və ya bölgədə iz qoymuş başqa bir insan ola bilər. Lakin bunu dəqiq təsdiqləyən hər hansı rəsmi sənəd və ya tarixi mənbə yoxdur.

Tarixçi əlavə edib ki, gələcəkdə kimsə bu adın konkret hansısa şəxsə məxsus olduğunu iddia etsə belə, bunu təsdiqləyəcək dastan, mifoloji hadisə, xalq rəvayəti və ya sənəd ortaya qoyulmadıqca həmin fikri tarixi fakt kimi qəbul etmək olmaz.

Zaur Əliyevin sözlərinə görə, XIX əsrə aid məlumatlarda göstərilir ki, Rusiya imperiyası Azərbaycan ərazilərini qeydiyyata alarkən yerli əhali bu aşırımı qədimdən “Ömər aşırımı” adı ilə tanıdıqlarını bildirib və ad sənədlərdə “Перевал Омар” kimi rəsmiləşdirilib. Bu toponim ilk dəfə 1880-ci illərə aid rəsmi sənədlərdə qeydə alınıb.

Tarixçi bildirib ki, “Azərbaycanın fiziki coğrafiyası”, “Azərbaycan oronimləri”, “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”nin I və II cildləri, “Военно-топографическая карта Кавказского военного округа” (1860–1910-cu illər), “Azərbaycan Milli Ensiklopediyası” və digər elmi mənbələrdə Ömər aşırımı şəxs adından yaranmış antroponimik oronim kimi təqdim edilir.

“Bu və digər elmi mənbələrdə Ömər aşırımının adının ərəb xəlifəsi Həzrət Ömər ibn Xəttabla bağlı olduğunu göstərən heç bir sənədli və ya toponimik fakt yoxdur. Mövcud məlumatlara əsasən, bu ad XIX əsrdən də əvvəl Murovdağ köç yolunda iz qoymuş yerli sakinin adı ilə formalaşıb”, – deyə Zaur Əliyev əlavə edib.


media-adspc

Bənzər xəbərlər