Prezident Fyodorov-Sırski qarşıdurmasına münasibət bildirdi
Ukrayna Prezidenti Volodimir Zelenski sabiq müdafiə naziri Mixail Fyodorovun vəzifədən getməsinə və onunla Silahlı Qüvvələrin keçmiş Baş komandanı Aleksandr Sırski arasında olan fikir ayrılığına münasibət bildirib.
ERAmedia xəbər verir ki, Zelenski bu barədə “Sky News” telekanalına müsahibəsində danışıb.
O bildirib ki, həm Fyodorova, həm də Sırskiyə hörmətlə yanaşır. Prezident vurğulayıb ki, müharibə dövründə mühüm hərbi əməliyyatlar bir nəfərin işi deyil, xüsusi xidmət orqanları, kəşfiyyat bölmələri və cəbhədə döyüşən hərbçilərin birgə fəaliyyətinin nəticəsidir.
“Bu müharibədə əsas məsələ əsgərdir. Ən vacib olan döyüşçü və onun təhlükəsizliyidir”, – deyə Zelenski qeyd edib.
Jurnalistin Fyodorovun yenidən müdafiə naziri vəzifəsinə qaytarılıb-qaytarılmayacağı ilə bağlı sualını birbaşa cavablandırmayan Zelenski bildirib ki, şəxsi mübahisələrin ölkənin hərbi strategiyasına təsir göstərməsinə imkan verə bilməz.
“Bir tərəfi, sonra digər tərəfi dinləməyə vaxtım yoxdur. Onlar hər gün deyil, hər saat bir araya gəlib işləməlidirlər. Mənim üçün əsas məsələ səmanın qorunmasıdır. Kimin haqlı, kimin haqsız olduğunu araşdırmaq prioritet deyil”, – Ukrayna lideri deyib.
Zelenskinin sözlərinə görə, son aylarda Ukrayna ordusunun Baş Qərargahı ilə Müdafiə Nazirliyi arasında əməkdaşlıq və dialoq sahəsində ciddi problemlər yaranıb.
Prezident vurğulayıb ki, Müdafiə Nazirliyi ilə ordunun rəhbərliyi yalnız sıx əməkdaşlıq şəraitində effektiv fəaliyyət göstərə bilər:
“Bəzi məsələləri yalnız nazirlik və ordu birlikdə həll edə bilər. Bu proses birtərəfli idarə oluna bilməz. Mənə bu iki qurum arasında tam həmrəylik lazımdır”.
Qeyd edək ki, daha əvvəl Mixail Fyodorov yalnız müdafiə naziri postuna qayıtmağa razı olacağını açıqlamışdı. O bildirmişdi ki, onun üçün əsas məsələ vəzifə və ya status deyil, Ukraynanın qələbəsinə real töhfə vermək imkanının olmasıdır.
Bloomberg isə yazmışdı ki, Ukraynanın Rusiyaya qarşı üstünlük qazanması üçün Sırski və Fyodorov əməkdaşlıq etməlidirlər. Nəşrin məlumatına görə, Fyodorov hesab edir ki, Sırski asimmetrik müharibə taktikasını qəbul etmir və bu yanaşma olmadan Ukraynanın uğur qazanması çətin olacaq.









