media-whatsapp-image-2026-03-16-at-12-44-38

1992-ci ilin mart ayında baş vermiş hadisələr Azərbaycanın hərbi tarixində xüsusi əhəmiyyət daşıyan döyüşlərdən biri kimi yadda qalıb.

ERAmedia xəbər verir ki, döyüş barədə təfərrüatl məlumatı həmin əməliyyata rəhbərlik etmiş keçmiş tabor komandiri İlham Nərimanoğlu məlumat verib.

33 il əvvəl, Xocalı faciəsinin dərdi hələ də yaddaşlarda təravətini saxladığı dövrdə, Bərgüşad çayının hər iki sahilində və Qubadlıda, Yazı düzünün Əliquluuşağı kəndi ərazisində yerləşən müdafiə mövqelərində döyüş hazırlıqları aparılırdı. O dövrdə 1-ci motoatıcı taborun 3-cü motoatıcı bölüyünün komandiri kimi xidmət edən İlham Nərimanoğlu həmin döyüşün təfərrüatlarını açıqlayıb.

Mövqelərin gücləndirilməsi və minalama işləri

1992-ci ilin mart ayında Azərbaycan hərbçiləri mövqelərini gücləndirir, rus ordusundan müsadirə edilmiş zirehli transportyorları təmir edir və ərazidə istehkam işləri aparırdılar. Martın 15-də Gorus–Qafan yolunun Qubadlının Eyvazlı kəndindən keçən çınqıl örtüklü hissəsi tank əleyhinə minalarla (TM-62M), Beşbarmaq dərəsi istiqamətindəki keçidlər isə piyada əleyhinə minalarla (OZM-72) minalanmışdı. Hər iki qrup tapşırığı uğurla yerinə yetirib mövqelərə geri dönmüşdü.

Eyni gecə Gorus–Qafan yolunda tank əleyhinə minanın partlayışı eşidildi və pusqu üçün hazırlıqlar tamamlandı.

Laləzar körpüsündə pusqu

16 mart 1992-ci il saat 14:30 radələrində xüsusi tapşırıqla Qənbərov Hüsü və polis baş leytenantı İslah Rzayev Sumqayıt şəhərindəki Polad Konstruksiyalar Zavoduna göndərildi. Bir qədər sonra Rauf Əliyev və çörək zavodunun direktoru Rafiq müəllim Əliquluuşağı kəndindəki bölüyə gəldilər. Sumqayıta yola saldıqları VAZ-2103 markalı avtomobil geri qayıdaraq məlumat verdi ki, erməni silahlıları Laləzar körpüsündə pusqu qurublar.

Buna qarşı dərhal 9 nəfərlik qrup Ağca Yazı yolu ilə körpü istiqamətinə hərəkət edərək mövqe tutdu. Bərgüşad çayının sağ sahilində Gürcülü suyu yaxınlığında “Alabaş” adlı avtobusun dayanması erməni silahlılarını tərəddüdə saldı.

Döyüş və zirehli texnikanın rolu

Erməni silahlıları geri çəkilməyə cəhd etsə də, 250–300 metr məsafədən açılan atəş nəticəsində ilkin yaylım atəşində iki silahlı məhv edildi. Digərləri iri qayaların arxasında mövqe tutaraq cavab atəşi açdı. İlham Nərimanoğlu dərhal BTR-60PB zirehli transportyorunun döyüşə qoşulması əmri verdi. Zirehli texnika və KPVT pulemyotu ilə atəş açılması döyüşün gedişatını tamamilə dəyişdi.

Qrup sürətlə körpüyə doğru irəliləyərək Karen Qriqoryan və iki silahlının cəsədini döyüş meydanında qoyaraq erməniləri geri çəkilməyə məcbur etdi. Döyüş axşam qaranlığı düşənədək davam etdi.

Döyüşdən sonrakı vəziyyət

Döyüşdən sonra Karen Qriqoryan və digər silahlının cəsədləri neytral ərazidən çıxarıldı. 17 mart 1992-ci il tarixində döyüş meydanına yenidən qayıdaraq daha iki erməni silahlısının öldüyü müəyyən edildi. Qan izləri onların gecə vaxtı yoldaşları tərəfindən aparıldığını göstərirdi.

Əliquluuşağı kəndinə qayıdan hərbçiləri kənd sakinləri, qocalar, qadınlar və uşaqlar göz yaşları ilə qarşıladı. Saatlarla davam edən döyüşün səslərini eşidərək onlar hərbçilər üçün dua etdiklərini bildirirdilər.

Karen Qriqoryan və dəstəsinin tarixi

Məhv edilən dəstə başçısı Karen Qriqoryan Şinher kəndindən olan erməni idi. Bəzi mənbələrdə onun Suriya ermənisi olması iddiaları doğru deyil. Karen Qriqoryanın rəhbərlik etdiyi dəstə müxtəlif vaxtlarda 8 dinc Qubadlı sakini qətlə yetirmişdi:

1.Qacay Məcid oğlu Ələkbərov

2.Mehdi Qasım oğlu Mehdiyev

3.Telman Rüstəm oğlu Hümbətəliyev

4.Sirzad Nüsrət oğlu Həsənov

5.İnqilab Oruc oğlu Babışov

6.İlham Xansuvar oğlu Heydərov

7.Şahin İlyas oğlu Hüseynov

8.Qərib Qulam oğlu Nəzərov

16 mart 1992-ci ildə Karen Qriqoryanın dəstəsinə qarşı döyüşdə iştirak edənlər:

1.İlham Məmmədli

2.İslah Rzayev – polis leytenantı

3.Qənbərov Hüsü

4.Həsənov Mötəbər

5.Səfərov Ceyhun

6.Kazımov Fətəli – polis

7.Məmmədov Güloğlan – bölüyün baş çavuşu (sonradan 19 noyabr 1992-ci ildə şəhid olub)

8.Həsənov Nuru

9.Əjdər Poladlı

10.Atayev Nazim

Bu döyüş Xocalı faciəsindən sonra azərbaycanlı döyüşçülərə mənəvi güc verən və qisas hissini bir qədər də olsa azaldan hadisələrdən biri kimi tarixdə qaldı. Tarix həmişə həqiqəti qoruyur, kim döyüşdüsə, kim şəhid oldusa və kim vətəni müdafiə etdisə, adları da bu günümüzə çatdırılıb.

Vural


media-adspc

Bənzər xəbərlər