Trampın çıxışı kriptovalyuta və birjaları çökdürüb
ABŞ Prezidenti Donald Trampın noyabrın 1-dən Çinə qarşı gömrük rüsumlarını 100% artıracağı, həmçinin ixrac nəzarəti tədbirlərini tətbiq edəcəyəni elan etməsindən sonra dünya kriptovalyuta bazarı çöküb.
ERAmedia-nın Beincrypto.com-a istinadən verdiyi xəbərə görə, bir neçə saat ərzində kriptovalyuta bazarının kapitallaşması təqribən 4.25 trilyon dollardan 4.05 trilyon dollara düşüb. Bunun nəticəsində bazar təqribən 200 milyard dollar itirib.
“Bitcoin”nin dəyəri 10% azalaraq 122 min dollardan 107 min dollara enib. “Ethereum”, XPR və BNB kriptovalyutalarının dəyəri isə 15% azalıb. Bundan əlavə, internet istifadəçiləri “Binance” kimi kriptovalyuta birjalarına girişin mümkün olmadığını bildiriblər.
Beynəlxalq fond birjalarında da eniş müşahidə olunur. ABŞ-nin “Dow Jones Industrial Average” təxminən 1%, “Standard & Poor’s 500” 1.4%, “Nasdaq Composite” 2% dəyər itirib. Ümumavropa “Stoxx Europe 600” indeksi 1.3%, Britaniyanın “FTSE 100” indeksi 0.9%, Almaniyanın DAX və Fransanın “CAC 40” indeksləri 1.5%, İtaliyanın FTSE MIB indeksi 1.7%, İspaniyanın “IBEX 35” indeksi isə 0.7% aşağı düşüb.
Neftin qiymətində də eniş sürətlənib: “Brent” markalı neft 3,7%, WTI nefti isə 4,2% ucuzlaşıb.