media-qafqaz3
media-bant_master

Qafqazın qəlbində yerləşən, yalnız coğrafi deyil, həm də tarixi və emosional baxımdan strateji əhəmiyyət daşıyan Qarabağ uzun illər boyu həm Azərbaycan xalqının vicdanında bir yara, həm də Türk dünyasının ortaq yaddaşında bağlanmamış bir qovluq olaraq qalmışdır. Sovet İttifaqının dağılması ilə başlayan işğal prosesi təkcə torpaq itkisi deyildi, ədalətin, suverenliyin və tarixi haqların tapdanması idi. Bu müddətdə Türkiyə Azərbaycanın yanında dayanaraq yalnız diplomatik bir müttəfiq kimi deyil, “bir millət, iki dövlət” prinsipinin əsl mənada nə ifadə etdiyini bütün dünyaya göstərmişdir.

ERAmedia xəbər verir ki, bunları türkiyəli köşə yazarı Cihad İslam Yılmaz yazıb. Həmin məqaləni təqdim edirik:

Ermənistanın işğal siyasəti yalnız Azərbaycanı deyil, Türkiyə–Ermənistan münasibətlərini də daha mürəkkəb və çıxılmaz vəziyyətə salmışdı. Lakin bütün bu gərginliklərə baxmayaraq, qonşuluq bağları zamanın və hadisələrin aşındırıcı təsirinə təslim edilmədi. Türkiyə bu coğrafiyada yalnız güclə deyil, ağıl, səbr və dərin tarixi yaddaşla hərəkət etdi. Bu gün gəlinən nöqtədə Qarabağın azadlığı sadəcə bir qələbə deyil, bir millətin şərəfini, bir dövlətin sözünün çəkisini və bir liderliyin nə qədər dönüştürücü ola biləcəyini göstərən tarixi bir dönüş nöqtəsidir.

Qarabağ Zəfərində Türkiyənin Həlledici Rolu

Qarabağın yenidən Azərbaycan torpağı kimi təsdiqlənməsi təkcə hərbi uğur kimi deyil, müasir Türk xarici siyasətinin və strateji vizyonunun bir təzahürü kimi qiymətləndirilməlidir. Bu prosesdə Türkiyənin rolu alışılmış diplomatik reflekslərin çox-çox o ötəsində durur; həm sahədə, həm də masada paralel şəkildə yürüdülən çoxqatlı strategiyanın nəticəsidir. Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyətli liderliyi isə bu strategiyanın mərkəzindədir.

Müharibənin taleyini dəyişən əsas amillərdən biri olan insansız hava vasitələri (xüsusilə Bayraktar TB2) yalnız texniki üstünlüyü deyil, Türkiyə müdafiə sənayesinin çatdığı səviyyəni və Türkiyənin regional aktor olaraq öz gücünə söykənən yeni bir yanaşma formalaşdırdığını nümayiş etdirdi. Lakin Türkiyənin töhfəsi yalnız hərbi dəstəklə məhdudlaşmadı, beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə edərək informasiya və təbliğat müstəvisində də mühüm rol oynadı.

Bu prosesdə Türkiyə gücünü pafosdan deyil, haqqaniyyətdən, qardaşlıqdan və tarixi məsuliyyətdən aldı. Ərdoğanın “Qarabağ Azərbaycandır” vurğusu təkcə siyasi bəyanat deyildi — Türk dünyasının ortaq yaddaşını və ortaq idealını təmsil edən tarixi bir mövqe idi. Nəticədə Qarabağın azadlığı yalnız Azərbaycanın deyil, Türkiyənin də siyasi və strateji iradəsinin parlaq təcəssümü kimi tarixə düşdü.

Yeni Dövr: Ərdoğan–Paşinyan Dialoqu və Münasibətlərin Dəyişimi

Qarabağ Zəfərindən sonra yaranan yeni geosiyasi şərait Türkiyə–Ermənistan münasibətlərində uzun illər görünməyən bir imkan pəncərəsi açdı. Bir əsrə yaxın müddətdə saxta soyqırımı iddiaları, diplomatik əlaqələrin olmaması və qarşılıqlı etimadsızlıq üzərində qurulan münasibətlər ilk dəfə olaraq bu qədər mənalı və dönüş yaradan bir mərhələyə qədəm qoydu. Bu dəyişimin memarlarından biri, şübhəsiz ki, Prezident Ərdoğandır. Ərdoğan yalnız regional lider deyil, tarixi məsuliyyət daşıyan dövlət adamı kimi hərəkət edərək keçmişin kölgəsinə deyil, gələcəyin qurulmasına üstünlük verdi.

Digər tərəfdən, Ermənistanın baş naziri Paşinyanın mövqeyi də diqqətlə təhlil edilməlidir. Paşinyanın hər fürsətdə birbaşa və ya dolayısı ilə Ərdoğana hörmətini ifadə etməsi sıradan bir diplomatik jest deyil. Bu, bölgədə liderliyin yenidən tərifləndiyi, güclə yanaşı vizionun da dəyər qazandığı yeni bir dövrün işarəsidir. Paşinyan ölkəsini illərlə davam etmiş təcriddən çıxarmaq və regional sülhün bir parçasına çevirmək istəyini Ərdoğanın qətiyyətli liderliyi ilə uyğun şəkildə ortaya qoymaqdadır.

Keçmişin mirası ilə üzləşməyin yolu qarşılıqlı hörmət və rasional dialoqdan keçir. Türkiyənin bu mövzudakı mövqeyi aydındır: tarix siyasətin alətinə çevrilməməli, faktlarla, sənədlərlə və obyektiv yaddaşla qiymətləndirilməlidir. Bu gün hisslərlə deyil, dövlət ağlı ilə danışan iki liderin dialoqu sayəsində Türkiyə–Ermənistan münasibətləri tarixində yeni bir səhifə açılmaq üzrədir.

Daimi Sülhün Qurulması və Türkiyənin Vizyonu

Qələbənin əsl mənası, onu daimi sülhlə möhkəmləndirə bilməkdədir. Türkiyə Qarabağda hərbi və diplomatik şəkildə əldə etdiyi uğuru indi regional sülh memarlığına çevirmək istəyir. Bu nöqtədə Ərdoğanın liderliyi ilə formalaşan Türk siyasətinin mahiyyəti yalnız bu günü xilas etmək deyil, gələcəyi qurmaqdır. Bu isə klassik xarici siyasət reflekslərinin çox-çox o tayıdır — dərinlikli və sivilizasiya perspektivli bir vizyondur.
Bu vizyonun mərkəzində nəqliyyat xətlərinin açılması, enerji əməkdaşlıqlarının genişləndirilməsi və regional iqtisadi inteqrasiyanın gücləndirilməsi dayanır. Zəngəzur dəhlizi layihəsi təkcə Azərbaycanla Naxçıvanı birləşdirməyəcək; Türkiyədən Orta Asiyaya uzanan böyük Türk dünyasını bir araya gətirən geostrateji damar rolunu oynayacaq. Ermənistanın bu dəhlizin təbii iştirakçısına çevrilə bilməsi isə ona indiyə qədər uzaq olduğu sülh və firavanlıq yoluna qoşulmaq imkanı yaradır.
Bu yanaşmanın əsasında düşmənçiliklərin əbədi ola bilməyəcəyinə dair dərin bir inam var. Türkiyə düşmən yaratmaq deyil, keçmişi ilə hesablaşmış və gələcəyə açıq qonşularla güclü regional sabitlik qurmaq niyyətindədir. Ərdoğanın dövlət ağlı ilə tarix şüurunu birləşdirən liderliyi sayəsində bu yanaşma artıq yalnız diplomatik bir təklif deyil, reallaşması mümkün olan bir gerçəkliyə çevrilmişdir. Qafqaz artıq yalnız münaqişələrin deyil, əməkdaşlıqların və ortaq qazancların da coğrafiyası ola bilər.


media-adspc

Bənzər xəbərlər