media-whatsapp-image-2026-06-18-at-10-28-45

VIII əsrə aid Xəzər türklərinə məxsus bürünc kəmər toqqası qədim türk hərb sənəti və mədəniyyətinin mühüm nümunələrindən biri hesab olunur.

Tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, qədim bürünc tökmə və qabartma texnikası ilə hazırlanmış toqqanın üzərində dördnala gedən atın belində geriyə dönərək ox atan süvari təsvir olunub. Onun sözlərinə görə, bu səhnə türk hərb tarixində geniş yayılmış və sonralar “Turan taktikası” kimi tanınan döyüş manevrinin təsviridir.

Alim qeyd edib ki, toqqanın sol hissəsində əsas süvari fiqurundan ayrılmış şaquli zolaq daxilində simmetrik yarpaq ornamentləri işlənib. Bu cür haşiyələr qədim türk kəmər sənətində həm estetik bütövlüyün təmin olunmasına, həm də toqqanın kəmərə birləşdirilən hissəsinin möhkəmləndirilməsinə xidmət edib.

Zaur Əliyevin sözlərinə görə, dördnala hərəkət edən at üzərində geriyə dönərək ox atmaq bacarığı Hunlar, Göytürklər, Xəzərlər, Səlcuqlular, Səfəvilər və Qacarlar kimi müxtəlif türk dövlətlərinin döyüşçülərinə məxsus olub. O bildirib ki, döyüş zamanı geri çəkilmə görüntüsü yaradaraq düşməni arxalarınca aparan türk süvariləri münasib məqamda geriyə dönərək hədəfi dəqiq vururdular.

Tarixçi diqqətə çatdırıb ki, təsvir olunan atın düyünlənmiş quyruğu da qədim türk hərb ənənələrinin mühüm elementlərindən biridir. Onun sözlərinə görə, Hunlardan başlayaraq müxtəlif türk toplumlarında döyüşə gedən atların quyruqlarının kəsilməsi və ya düyünlənməsi xüsusi rəmzi məna daşıyıb. Bu ənənənin Pazırıq kurqanlarından əldə olunan tapıntılarda, Göytürk dövrü abidələrində və sonrakı əsrlərə aid təsvirlərdə müşahidə olunduğunu deyən alim, həmin detalın Xəzərlərin özlərindən əvvəlki türk mədəniyyətinin davamçıları olduğunu göstərdiyini vurğulayıb.

Zaur Əliyev bildirib ki, orta əsr müəlliflərinin əsərlərində də Xəzərlərin yaşadığı coğrafiya və türk mənsubiyyəti ilə bağlı məlumatlar yer alır. Onun sözlərinə görə, İbn Hövqəl Xəzər dənizinin sahillərini təsvir edərkən Dərbəndədək uzanan əraziləri Azərbaycan adı ilə qeyd edib. İbn əl-Əsir isə xəlifə Məsləmə ibn Əbdül-Malikin türklərə – xəzərlərə qarşı yürüşündən bəhs edərkən Azərbaycan vilayətində yerləşən Dərbəndə qədər irəlilədiyini yazıb.

Tarixçi əlavə edib ki, Avropa tarixşünaslığında da Xəzərlərin türk mənşəli olması ilə bağlı çoxsaylı fikirlər mövcuddur. O, Hartman Şedelin “Nürnberq salnaməsi”, Konrad Gesnerin “Mithridates” əsəri və digər mənbələrdə bu mövzuya dair məlumatların yer aldığını qeyd edib.

Zaur Əliyevin sözlərinə görə, Xəzər xaqanlığının idarəçi təbəqəsinin müəyyən dövrlərdə yəhudiliyi qəbul etməsi onların etnik mənsubiyyətini dəyişdirməyib. Alim vurğulayıb ki, tarix boyu müxtəlif türk xalqları fərqli dinlər qəbul etsələr də, dillərini, adət-ənənələrini və idarəetmə sistemlərini qoruyub saxlayıblar.

Tarixçi hesab edir ki, Xəzər türklərinin hərbi, mədəni və siyasi irsi həm arxeoloji tapıntılar, həm də yazılı mənbələr əsasında öyrənilməyə davam edir və bu irs türk xalqlarının tarixində mühüm yer tutur.

Vüsalə


media-adspc

Bənzər xəbərlər