media-whatsapp-image-2026-06-16-at-09-45-49

Azərbaycan Albaniyası memarlığının möhtəşəm nümunələrindən biri hesab olunan Xudavəng məbəd kompleksinin tarixi və memarlıq xüsusiyyətləri ilə bağlı maraqlı məqamlar açıqlanıb.

Tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, VI-VII əsrlərdə inşa edilən Xudavəng kompleksi Qafqaz Albaniyasının ən mühüm dini və mədəniyyət mərkəzlərindən biri olub. Onun sözlərinə görə, abidənin adı qədim türk dilindəki “Xuda” (Tanrı) və alban-türk mədəniyyətinə aid “vəng” (məbəd) sözlərinin birləşməsindən yaranaraq “Tanrı məbədi” mənasını ifadə edir.

Alim qeyd edib ki, sonrakı dövrlərdə məbəd bir neçə dəfə təmir olunub, əlavə tikililərlə zənginləşdirilib və nəhayət, Xaçın knyazı Həsən Cəlal tərəfindən burada əsaslı bərpa işləri aparılıb. Mənbələrdə Xudavəngin “Xaçının baş iqamətgahı və and yeri” kimi qeyd olunduğunu vurğulayan Zaur Əliyev bildirib ki, kompleksdə aşkar edilən bir sıra yazılar, arxeoloji tapıntılar və dekorativ elementlər bölgənin qədim mədəni irsini əks etdirir.

Onun sözlərinə görə, burada tapılmış qılınc, bazubənd, təbərzin və digər silah nümunələri üzərində türk dilində yazılar olduğu bildirilir. Eyni zamanda, alban xaçdaşlarında türk dilində yazılar və müxtəlif petroqramların mövcudluğu qeyd edilir.

Zaur Əliyev vurğulayıb ki, Xudavəngdəki alban xaçdaşlarında xaç simvolu ölüm deyil, diriliş və “Həyat Ağacı” anlayışı ilə əlaqələndirilir. O bildirib ki, kompleksdə və regionun digər ərazilərində rast gəlinən petroqramlar arasında dağkeçisi, günəş diski və həyat ağacı kimi qədim türk inancları ilə bağlı simvollar üstünlük təşkil edir.

Tarixçi kompleksin bəzi sütun başlıqları və tağlarında Tenqriçilik və totemizm dövrünə aid elementlərin də müşahidə olunduğunu deyib. O, xalq arasında yayılmış rəvayətə görə, Qafqazda ilk xristian missionerlərindən hesab edilən apostol Faddeyin burada dəfn olunduğu üçün kompleksin “Dədə vəngi” adlandırıldığını da diqqətə çatdırıb.

Alimin sözlərinə görə, kompleksin ərazisində yerləşən Arzu xatun kilsəsi dünya tarixində qadın himayəsi altında inşa edilmiş nadir dini tikililərdən biri hesab olunur. O bildirib ki, bu fakt regionda qadına verilən yüksək dəyərin göstəricisi kimi qiymətləndirilə bilər.

Zaur Əliyev qeyd edib ki, Xudavəngin memarlıq xüsusiyyətlərindən biri də unikal akustik sistemidir. Onun sözlərinə görə, məbədin günbəzə yaxın hissələrində divarların daxilinə ağızları içəriyə baxan gil küplər yerləşdirilib. Bu sistem dini ayinlər zamanı səslərin əks-səda yaradaraq daha güclü eşidilməsinə imkan verib.

Tarixçi mənbələrdə kompleksin altından meşəlik ərazilərə çıxan gizli yeraltı keçidlərin mövcudluğu barədə məlumatlara da rast gəlindiyini bildirib. Onun fikrincə, həmin keçidlərdən basqınlar zamanı əlyazmaların və qiymətli əşyaların qorunması məqsədilə istifadə olunub.

Zaur Əliyev əlavə edib ki, kompleksdə qorunub qalan inşaat kitabələri və yazılarda Arzu xatun, Tursun, Seyti, Hasan, Avaq, Şəms, Altun, Ağbux və Qaragöz kimi adlara rast gəlinir. O, bu faktların abidənin etnik-mədəni mühiti ilə bağlı araşdırmalarda mühüm əhəmiyyət daşıdığını bildirib.

Alimin fikrincə, Qafqaz Albaniyasının memarlıq irsini tədqiq edən bir sıra araşdırmaçılar Xudavəng kompleksini memarlıq-planlaşdırma xüsusiyyətlərinə görə unikal abidələr sırasında qiymətləndirirlər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər