media-aqshin-yenisey

Yazıçı Aqşin Yenisey alim və fəlsəfə doktorlarının cəmiyyətə yanaşmasını tənqid edib.

ERAmedia xəbər verir ki, Aqşin Yenisey sosial şəbəkədəki paylaşımında söz və fikir azadlığının Aydınlanma dövrünün insana qazandırdığı əsas hüquqlardan biri olduğunu bildirib. O, bu anlayışın “azad iradə” ilə birbaşa bağlı olduğunu vurğulayaraq alman filosofu İmmanuel Kantın fikirlərinə istinad edib.

Aqşin Yenisey Kantın aydınlanmış insan anlayışını xatırladıb və filosofun “Sapere aude!” – “Ağlını öz iradənlə istifadə etmək cəsarətini göstər!” çağırışını önə çəkib.

Yazıçı qeyd edib ki, Kant insan iradəsinə böyük əhəmiyyət verirdi və bunun səbəblərindən biri onun mənəvi və maddi asılılığın mahiyyətini öz həyatında müşahidə etməsi idi.

Aqşin Yeniseyin fikrincə, iradəsi azad olmayan insan və cəmiyyət mənəvi əsarət altında yaşamağa və başqalarının iradəsindən asılı olmağa məhkumdur.

“Bütün sosial-ictimai eybəcərliklərin qaynağı da mənəvi asılılıqlardır”, – deyə yazıçı qeyd edib.

O, daha sonra bu yanaşmanı Azərbaycan cəmiyyətinə tətbiq edərək alim və fəlsəfə doktorlarının bir qismini tənqid edib. Aqşin Yenisey hesab edir ki, cəmiyyətdə azad iradəni boğan düşüncə tərzi nəsildən-nəslə ötürülür:

“Biz azad iradə sahibi olmamışıq, siz də olmayın! Bitdi!”

Yazıçı bildirib ki, cəmiyyətdəki bir sıra sosial problemlərin əsas səbəblərindən biri azad iradə ilə yönləndirilən ağılın çatışmazlığıdır. O, əxlaq anlayışının daha çox qadınların geyimi və davranışı üzərindən müzakirəyə çıxarılmasını da tənqid edib.

Aqşin Yeniseyin sözlərinə görə, daha ciddi mənəvi problemlər diqqətdən kənarda qalır:

“Ən böyük əxlaqsızlıq, Kanta görə, azad iradə sahibi olmamaqdır!”

Yazıçı Azərbaycanın müstəqilliyi məsələsinə də toxunaraq cəmiyyətin düşüncə tərzinin dəyişməməsi halında müstəqilliyin mahiyyəti ilə bağlı suallar ortaya çıxdığını bildirib.

“Əgər mənim düşüncəm yetmiş il əvvəlki azərbaycanlının düşüncəsindən fərqlənməyəcəkdisə, bu qədər qan nəyin uğrunda axıdıldı?” – deyə Aqşin Yenisey sual edib.

Sonda yazıçı alim və fəlsəfə doktorlarına müraciət edərək, fərqli düşüncələrin “təkəbbür”, “özündən müştəbehlik” və “böyüyün üzünə ağ olmaq” kimi təqdim edilməməsini istəyib.

“Sizin işiniz bura qədər idi, bundan sonrasına qarışmayın”, – deyə Aqşin Yenisey paylaşımını yekunlaşdırıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər