media-videoedited
media-2w7grjncuivbx3zd6bynegqs9zsi0cdvi2dv22cj_825
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bakının Qaradağ rayonunda – Ələt Azad İqtisadi Zonasında beynəlxalq hava limanının inşası gələn ilin sonuna qədər başa çatdırılacaq, aeroportun açılışı isə 2027-ci ilin I rübündə baş tutacaq.

Bunu “Silk Way West Airlines” aviaşirkətinin prezidenti və baş icraçı direktoru Volfqanq Mayer Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) bildirib.

“Ələtdə hava limanının tikintisinə 2023-cü ilin sonunda başladıq. Azad ticarət zonası və azad iqtisadi zonada yüklərin aviadaşınması və logistikasının bütöv bir ekosistemi yaradacağıq. Bu, iqtisadiyyata, nəqliyyatın əlçatanlığına və bu ölkədə logistika sektorunun inkişafına böyük təkan verəcək. Bu, “yaşıl” hava limanı olacaq. Damlarda günəş panelləri quraşdırılacaq, xidmət avadanlığı isə elektriklə təchiz ediləcək. Bu, gələcəyin hava limanı, dörd kilometrlik uçuş-enmə zolağı olan yük daşınması üçün istifadə edilən “yaşıl” hava limanı olacaq”, – şirkət prezidenti əlavə edib.

V.Mayer “Silk Way”in Orta Dəhliz boyunca intermodal marşrutların inkişaf etdirilməsi planlarını açıqlayıb.

“Bakı strateji mərkəzimizdir. Bu, Şərqlə Qərbin qovuşduğu, dünyanın hər yerindən insanları birləşdirdiyimiz yerdir. Orta Dəhliz həmişə Şərq-Qərb nəqliyyat marşrutlarının “ögey övladı” olub. Son zamanlar bu “ögey uşaq” böyük populyarlıq qazanıb. Biz “Silk Way” olaraq bu qədim İpək Yolu boyunca təkcə “hava-hava” marşrutlarını yox, həm də intermodal marşrutları inkişaf etdirəcəyik; quru yollarını hava yolları ilə, dəmir yolu marşrutlarını isə hava yolları ilə birləşdirəcəyik”, – o söyləyib.

V.Mayer qeyd edib ki, bunu “Silkway Group”un öz yüklərinin daşınması üçün inşa etdiyi yeni hava limanı vasitəsilə etməyi planlaşdırırlar.

Yüklərin daşınması üçün nəzərdə tutulan hava limanı 750 hektardan çox ərazini tutacaq. I mərhələdə onun ötürücülük qabiliyyəti ildə 500 min ton yük təşkil edəcək, gələcəkdə isə bu rəqəmin 1,5 milyon tona çatdırılması planlaşdırılır.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər