media-whatsapp-image-2026-06-17-at-10-38-40

Oğuz türklərindən olan Atabəy I İmadəddin Zəngi və onun nəslinin izləri Qərbi Azərbaycanın İrəvan mahalında, eləcə də Qarabağın Zəngilan və Zəngəzur bölgələrində müşahidə olunur.

Bunu tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Zəngi dövlətinin qurucularından olan İmadəddin Zəngi və oğlu Nurəddin Zənginin həyata keçirdiyi siyasət nəticəsində səlibçilərin Yaxın Şərqdəki təsiri ciddi şəkildə zəiflədilib. Bu siyasi xətt daha sonra Səlahəddin Əyyubi tərəfindən davam etdirilərək Qüdsün yenidən müsəlmanların nəzarətinə qaytarılması ilə nəticələnib.

Zaur Əliyev qeyd edib ki, Zəngi hökmdarları “atabəy” titulunu daşıyırdılar və dövlətin pul siyasətində həm islam, həm də qədim türk ənənələrinin izləri açıq şəkildə görünürdü.

Tarixçinin sözlərinə görə, Zəngi sikkələrinin üzərində İslam dininin qəbul edilməsinə baxmayaraq, qədim türk inanc sisteminə aid simvollara geniş yer verilib. Pulların arxa hissəsində hökmdarların adları və İslam dünyasına məxsus rəsmi titullar ərəb qrafikası ilə həkk olunurdu. Bu xüsusiyyət dövlətin ikili mədəni kimliyini əks etdirirdi.

“Zəngilər xristian dünyası və yerli qeyri-müsəlman xalqlarla geniş ticarət əlaqələri saxlayırdılar. Sikkələrin bazarda rahat qəbul olunması üçün qədim Roma, Bizans və Ellin dövrü pullarının bədii üslubundan istifadə edilirdi”, – deyə Zaur Əliyev vurğulayıb.

Tarixçi xüsusilə Zəngi dövlətinə aid bir sikkədə təsvir olunan qadın fiqurunun diqqətəlayiq olduğunu bildirib. Onun sözlərinə görə, burada qədim türk mifologiyasında mühüm yer tutan Umay Ana obrazı əks olunub.

“İlahə Umay Ana üçdilimli tacla, əlində isə hilal formalı aypara ilə təsvir edilib. Qadın fiquru türk üslubunda bardaş quraraq oturub. Hörüklü saçlar, yaxalıqlı kaftan və kəmər türk geyim ənənələrinin xarakterik xüsusiyyətlərini nümayiş etdirir”, – deyə o qeyd edib.

Zaur Əliyev əlavə edib ki, Azərbaycan türklərinin qədim inanclarında qadın saçına xüsusi müqəddəslik verilirdi. Qadın saçına and içilməsi və ya düşməndən mərhəmət diləyərkən “saçlarıma bağışla” ifadəsinin işlədilməsi bu inancların nümunələrindəndir.

Tarixçinin sözlərinə görə, Azərbaycan xalqının mifoloji dünyagörüşündə Umay və ya Humay Ana yaradıcı və qoruyucu ilahə kimi tanınıb. Orxon-Yenisey abidələrində onun adı “yer-su və Umay xatun” şəklində qeyd olunur. Kaşqarlı Mahmudun əsərində isə Umay haqqında belə məlumat verilir: “Qadınlar Umay ilə doğurarlar. Umay tapılarsa oğlan olur”.

Zaur Əliyev bildirib ki, Azərbaycan türk divan ədəbiyyatında bu obraz “Humay” adı ilə yaşadılıb və Zəngi sikkəsində Umay Ana təsvirinin yer alması qədim türk inanc sisteminin dövlət simvollarında da əks olunduğunu göstərir.

“Bu təsvir hökmdarın hakimiyyətinin səmavi qüvvələr tərəfindən xeyir-dualandığını, dövlətin bərəkətli və qorunduğunu ifadə edən siyasi və ideoloji mesaj idi. Zəngilər bununla həm Şərqə, həm də Qərbə dövlətlərinin güclü və ilahi himayə altında olduğu mesajını verirdilər”, – deyə tarixçi vurğulayıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər